Qloballaşma
və mədəniyyət
(esse)
(əvvəli
qəzetimizin ötən saylarında)
Bir-birindən
kəskin şəkildə fərqlənən həmin
xalqların mədəniyyətlərinin
qarşılıqlı sintezi heç də təsirsiz
ötüb keçməmişdir. Əlbəttə, müxtəlif
mədəniyyət tiplərinə məxsus xalqlarla bu cür
şəraitdə - qarşılıqlı əlaqə
prosesində yaşamaq bir sıra mürəkkəb
situasiyalarla üz-üzə gəlməkdən və onlardan
yan keçməkdən sığortalanmır. Çünki
bir çox hallarda, daha doğrusu, bu cür situasiyalarda mədəniyyətlərin
«təklənməsi» halları müşahidə olunur. Və
bir məsələni unutmaq olmaz ki, Azərbaycan bir mədəniyyət
subyekti kimi rus və fars xalqlarına məxsus
genişmiqyaslı, çoxqatlı mədəniyyətin təsirinə
məruz qalsa da, öz «muxtariyyətini» qoruyub
saxlamışdır. Burada həmin qonşu xalqların mədəniyyətlərinin
təsirini inkar etmək də mümkün deyildir. Bu yerdə
istər-istəməz klassiklərdən birinin «bir mədəniyyətdə
müxtəlif mədəniyyətlərin əlamətlərinin»
yaşaması barədə dediyi fikri xatırlamalı oluruq. Həqiqətən,
mədəniyyətlər sistemindən tam təcrid
olunmuş, habelə hər bir mədəniyyətin
fövqündə dayanan «fövqəlmədəniyyət»
yoxdur və ola da bilməz. Mədəniyyətlərin
mövcudluğu qarşılıqlı əlaqələr
şəraitində mövcud ola bilər.
Lakin artıq inkişafın elə
bir mərhələsi gəlib yetişmişdir ki, «irəlidə
gedən» bir çox xalqlar qonşu məmləkətlərə
(eləcə də yad ölkələrə) təkcə sənaye
məhsulları (və ya xammal) deyil, həm də «mədəniyyət
məhsulları» eksport edirlər. Yer üzünə səpələnmiş,
əslində heç bir mədəniyyət sferasına daxil
olmayan, «seçilmiş xalqların qabaqcıl
ideyalarını» təbliğ etməkdə missionerlərin
başlıca məqsədi çox vaxt bu və ya digər
ölkənin ekspansiya siyasətini, imperialist
baxışlarını şüurlara yeritməkdən ibarətdir.
Əksər hallarda dövlətçilik tarixi az olan məmləkətlərə
səpələnən bu cür zərərli toxumlar «göyərib
bar vermək» üçün əlverişli zəmin də
tapır.
Söz yox ki, Yer üzündə
«seçilmiş xalqlar» haqqında söylənilən fikir və
iddialar tamamilə cəfəng, uydurma bir şeydir. Ümumiyyətlə,
«anadangəlmə» «qabaqcıl» və ya «korazehin» xalq yoxdur. Əslində
proqressiv və geridəqalmış rejimlər, habelə,
böyük inkişafa qoşulan və həmin inkişaf xəttindən
kənarda qalmış xalqlar vardır. Əlbəttə, biz
buraya bir çox obyektiv və subyektiv cəhətlərin,
inkişafda olan geoloji-coğrafi ənənələrin, adət
və ənənələrin rolunu da əlavə edə bilərik.
Nə qədər acınacaqlı olsa da, inkişafda önəmli
rol oynayan həssas bir məqama - dinlərin rolu məsələsinə
də toxunmalı oluruq. Nə qədər qəribə
görünsə də, deyə bilərik ki, qloballaşma
prosesinin ən mühüm parametrləri həm də dinlərin
tarix meydanına gəlməsi, onların cəmiyyət həyatında
və mədəniyyətdə oynadığı rolla sıx
bağlı olmuşdur və həmin tendensiya bu gün də
davam etməkdədir. Lakin dinlər bəşər tarixində
heç də həmişə bərabərsəviyyəli və
düzxətli ölçüləri qoruyub saxlaya bilməmişdir.
Belə hesab edirik ki, böyük dinlərin insan toplumunun həyatına
təsiri müxtəlif «çəki» vahidləri ilə
ölçülə bilər. Bundan başqa, tarixin müxtəlif
zaman kəsiklərində dinlərin tutumu, təsir dairəsi,
yeri və mövqeyi də müxtəlif cür olmuşdur. Əgər
tarixi reallığa diqqət yetirsək, görərik ki,
müsəlman dini öz ilkin yaranışında ərəb
tayfalarının birləşməsi, əxlaq
qanunlarının formalaşması, mənəvi dəyərlərin
dirçəldilməsi istiqamətində əsaslı rol
oynamışdırsa da, sonrakı mərhələdə daha
çox mühafizəkarlığa meyl etmiş, insan iradəsi
və tərəqqisi üçün müəyyən bir
buxova çevrilmişdir. Bir daha vurğulamaq istərdik:
İslam milyonlarla insanın həyatında vaxtilə müstəsna
rol oynasa da, zaman keçdikcə öz əzəli mövqe və
xəttindən sapmış, öz inkişafı
üçün özü süni baryer
yaratmışdır.
Yeri gəlmişkən, onu da
vurğulayaq ki, hər bir mütərəqqi prosesin
inkişafına rəqabət qanununun tətbiqinin müsbət
təsiri olur. Lakin İslamda sünni və şiə məzhəbləri
arasında son bir neçə yüzilliklərdə gedən
rəqabət İslam dininin əsaslarına vurulan kəskin,
dağıdıcı zərbələr kimi dəyərləndirilə
bilər. Hətta, son illər Şərq ölkələrində
məzhəblər arasında gedən mübahisə və
çəkişmələr hərb meydanlarında top-tüfənglə
«həll olunmağa» başlamışdır. Doğrudur, digər
dinlərdə də məzhəblər yox deyildir; lakin
böyük dinlərdə mübarizələr, adətən
qarşılıqlı ittiham və təhlillərdən o
yana getmir. Məsələn, 3 mühüm dünya dinlərindən
biri olan buddizm də özündə bir sıra cərəyanları
birləşdirir; buddizmə əsasən, 3 cərəyan
daxildir: 1. hunayana, 2. maxayana 3. vanyana . Fəqət həmin cərəyanların
tərəfdarları ortada olan mübahisələri qətiyyən
müharibə və qırğınlar yolu ilə həll etmək
istəmişlər. Buddist ruhanilərinin iyerdexiyasının
bütün nümayəndələri rahiblər hesab olunur və
onlara «canlı Allahlar» kimi ehtiram edilir. Lamaizmdə (buddizmin əsas
cərəyanlarından biridir) yüksək (ali) lamalar
Allahların yer üzündəki təcəssümü hesab
olunur. Əslində xristianlıq və iudizmdə də təriqət
və məzhəblər arasındakı fərqlər
qanlı-qətlli yollarla qaydaya salınmır. Əksinə, həmin
dinlərdə digər xalq və millətlərin, habelə
digər dinlərin mühüm, gərəkli ənənə
və yenilikləri konsentrasiya edilir. Bizə elə gəlir
ki, zaman keçdikcə dinlər də cilalanmalı, modernləşməli,
tənzimlənməlidir. Biz bu cür «yeniləşməni»,
təbii ki, köhnə (və mütərəqqi) əsasların
dağıdılması kimi təsəvvür etmirik. Hər
halda köhnə ehkamlar yeniləşmənin
qarşısına sədd çəkməməli, təşəbbüsləri
boğmamalıdır; ən azı ona görə ki,
müasir qloballaşma prosesininin təkcə fonunda deyil, həm
də mahiyyətində din və mədəniyyətlərin
koordinasiyası öz rolunu oynamaqla, öz «sözünü»
deyə bilər. Çünki məhz qlobal sivilizasiya məkanında
çağdaş inkişafın dəqiq konturlarını
müəyyən etmək mümkündür.
Fizuz Mustafa
Mərkəz.- 2011.- 5 aprel.-S.13.