Qloballaşma
və mədəniyyət
(esse)
(əvvəli qəzetimizin ötən
saylarında)
Xoşbəxtlikdən (bəlkə də,
bədbəxtlikdən) qloballaşma heç də
çoxlarının təsəvvür etdiyi kimi həmişə
xaotik mahiyyət daşımır. Bu, nəsə qəfildən
«əta edilmiş», ümumi inkişaf qanunlarına zidd olan bir
hadisə də deyildir. Bizcə qloballaşma məhz təbii-tarixi
inkişafın zəruri nəticəsi kimi dəyərləndirilməlidir.
Bizim istəyib-istəməməyimizdən asılı
olmayaraq bəşəriyyət özünün yeni bir mərhələsinə
qədəm qoymuşdur. Artıq müasir texnoloji qanunlar
öz iradəsini insanlara (dövlət və xalqlara) diktə
edir. Bir qədər obrazlı desək, elm və texnikanın
müasir inkişaf səviyyəsi az qala bəzi xalqların
taleyinə «süpürgə çəkərək»
onları tarixin arxivinə atır. İndi bir çox zəif,
gücsüz millətləri təkcə hərbi-millitarist təhdidlər
yox, bəlkə onlardan da çox «qlobal çevrilişlər»
hədələyir. Bizcə indiki halda qloballaşmanın
doğurduğu inqilablar siyasi inqilablardan daha çevik və
güclüdür.
Təkcə bu faktı xatırlatmaq
kifayətdir ki, «adi» mobil telefonlar 21-ci yüzilliyin sifətini,
sosial-iqtisadi-siyasi mənzərəsini xeyli dəyişdirmişdir.
İndi rabitə-kommunikasiya vasitələri insanların təkcə
məişətinin deyil, düşüncə tərzinin də
bir hissəsinə çevrilmişdir. Elektron-informasiya vasitələri
isə özlüyündə daha geniş məkan və
spektri əhatə edərək, idarəetmənin tərkib
hissəsi kimi çıxış etməkdədir. Və onu
da xüsusi vurğulamaq lazımdır ki, bir çox dövlətlər
(xüsusən, geridəqalmış Şərq ölkələri)
bu gün internet-elektron-rabitə texnologiyasının tətbiqinə
maneələr yaratsalar belə qloballaşma öz işini
görməkdədir; bu bir təkzibolunmaz aksiomdur ki, hər
cür prosesin qarşısını almaq cəhdi son nəticədə
iflasa uğrayır. Sistemli qlobal inkişafın istiqamətini
lokal qadağalarla almaq qeyri-mümkündür. Artıq
dünya -Yer şarı öz «tarixi məkanının»
hüdudlarını aşaraq yeni sferaya, yeni nizam müstəvisinə
daxil olmuşdur. Bu, qarşısıalınmaz prosesdir.
Ümumiyyətlə, yenilikləri qəbul etməyən, daha
doğrusu, edə bilməyən «alimi-biəməlləri»
ifşa edən K.Çapek vaxtilə yazırdı:
«Sivilizasiyanın ən böyük bədbəxtliklərindən
biri, alim əbləhdir». Vaxtilə A.S.Puşkin belələri
haqqında çox obrazlı demişdir: «Qabiliyyətsiz alim bədbəxt
mollanın günündədir: o bədbəxt molla elə
bilir ki, Quranı cırıb həzm-rabedən keçirməklə
Məhəmmədin ruhu ilə qidalanacaq».
Qloballaşma labüd,
qarşısıalınmaz prosesdir. Onun inkişafı həm
də birbaşa insan mənəviyyatı ilə, birbaşa
insan əxlaqı ilə bağlıdır. Amma
qloballaşmanın fanatik tərəfdarları bəzən
onu insanlığın yaratdığı mənəvi sərvətlərə
qarşı qoyurlar. Hətta bir çoxları «dünyanın
gələcək mənzərəsini» yalnız və
yalnız texnogen kəşflərin miqyası ilə
ölçür, mənəvi amillərin rolunu az qala
sıfıra endrirlər.
Qloballaşma təkcə dövlətlərarası
texnoloji problemlərin geniş məkanda inkişafı
deyildir. O həm də ayrı-ayrı fərdlər
arasında qarşılıqlı ünsiyyət, əlaqə
yaradır. Məhz bu cür qarşılıqlı əlaqələrin
təsiri nəticəsində elmi, bədii əsərlər
meydana çıxır, mədəniyyətlərarası əlaqələr
yeni müstəviyə keçir. Rus alimi V.B.Kuvaldinin dediyi
kimi, qloballaşma insan fəaliyyəti üçün
geniş perspektivlər açan geniş məkanın
stimullaşdırılmasına nail olur. Dünyanın
inkişaf tendensiyası başqa sahələrdə olduğu
kimi qloballaşmada da sadədən mürəkkəbə
doğru istiqamətlənən hərəkətin yüksələn
xəttinin təşkili, başlıca missiya hesab
olunmalıdır. Amma bu «yüksələn xəttin təşkili»
heç də həmişə asanlıqla başa gəlmir.
Elə bunun nəticəsidir ki, insanlıq minillər boyu
ortaya qoyduğu mübarizə və cəhdin müqabilində
planetar və ya ümumbəşəri inkişaf modelini
hazırlaya bilməmişdir. Əlbəttə, bu
inancların nüvəsini mədəniyyət faktoru təşkil
edə bilərdi. Axı dünyanın bütün
ağıllı simaları daim Yer üzündə mənəvi
nizam və hormoniyanın bərqərar olması yolunda
çalışmışlar. «Təbiət dünyası ilə
ruh dünyası» arasındakı əlaqələri tənqid
(Kollinqvud) və təqdir edən (Herder) filosoflar istər-istməz
insan faktoru problemindən yan keçə bilməmişdir.
İnsan “suverenliyi” daim qloballaşan dünyanın diqqət mərkəzində
qalmaqdadır. Lakin insan təkcə mənəvi və fiziki
subyekt deyil, həm də iqtisadi subyektdir. Bu məsəlyə
öz münasibətini bildirən Azərbaycan alimi mərhum
Y.Qarayev haqlıdır: “…hüquqda, kültürdə,
demokratiyada qloballıq özünün dominant rolunu hər
şeydən əvvəl qlobalizmin iqtisadiyyatda hegemoniyası
şəklində büruzə verir. Sivilizasiyada total maddiləşmə
baş alıb gedir.
Məhz iqtisadi kod bu konsepsiyada həm
cəmiyyətin, həm də şəxsiyyətin nəinki
rifahını, üstəlik həm də
statusunu-azadlığa haqqını və şəxsiyyət,
insan olmaq hüquqlarını müəyyən edir. “Şəxsiyyətin
kamilliyi” problemini həll etmədən “şəxsiyyətin
hüquqları” problemini irəli sürür. Bu yolla sosial tərəqqi
isə gerçək reallıqda heç cür mümkün
deyil. Demokratiyanın səviyyəsi hər yerdə və həmişə
demokratiyaya hazırlığın səviyyəsi ilə
şərtlənir”.
Qloballaşmanın sosial əlaqə
və və mahiyyəti insanları bir mədəniyyət
müstəvisindən digər mədəniyyət müstəvisinə
çıxarır. İndi əyləncə və digər
istirahət formaları, necə deyərlər “kütləvi
mədəniyyət”, bir ölkənin sərhədi çərçivəsindən
çıxaraq başqa ölkəyə yayılır. Burada,
yeri gəlmişkən, öz ölkələrini tərk edib
müxtəlif məmləkətlərə üz tutan
miqrantların “daşıdığı” mədəniyyət
elementlərini qeyd etmək lazımdır: bu cür fərd və
qruplar özlərində bir neçə mədəniyyətin
əlamətini hifz edirlər. Həmin “sintetik mədəniyyət”
qatları izsiz ötüşmür, öz nəticələri
ilə seçilir. Bu cür qlobal mədəniyyət qovşağında
xalqlar və millətlər yeni keyfiyyətlər əldə
edir.
Firuz
Mustafa
Mərkəz.- 2011.- 6 aprel.-S.15.