Öldürücü infeksion xəstəlik yayılıb

 

Paytaxtda təhlükəli, kəskin respirator infeksion xəstəlik yayılıb. Qripə yoluxduğunu güman edənlər bu xəstəlik əleyhinə istifadə etdikləri dərmanların heç bir təsir göstərməməsindən şikayətlənirlər. Sən demə, bunun səbəbi hazırda ölkə ərazisində qrip deyil, paraqrip viruslarının yayılmasıdır. Həkimlərin dediyinə görə, bu xəstəlik havanın temperaturunun dəyişməsi ilə yaranan infeksion kəskin respirator xəstəlikdir. Hazırda paytaxtda bu infeksion xəstəliyə yoluxanların sayı çox olsa da, aidiyyəti tibb müəssisələrindən, nəinki epidemiya, heç panepidemiya təhlükəsinin olmadığını söyləyirlər.

 

Kəskin infeksion respirator xəstəlik yayılıb

 

Respublika Gigiyena Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin müdiri Emin Babayev deyir ki, bu günə qədər poliklinika xəstəxana şəraitində müayinə olunanlarda qrip virusu aşkarlanmayıb: «Bu xəstəliyə qrip adı qoyub camaatı təlaşlandırmaq olmaz. Çünki bu günə kimi xəstəxanaya müraciət edənlərdə qrip virusu tapılmayıb. Bu, kəskin infeksion respirator xəstəlikdir.Xəstəlik hava şəraitinin dəyişməsi, yəni insanlara soyuqdəyməsi nəticəsində baş verir. Bu xəstəliyi ayaqüstü keçirənlər olsa da, xəstəliyin ağırlaşması da baş verə bilər. Bax bu zaman xəstəlik təhlükəli həddə çatır. Ona görə xəstələrə məsləhət görürəm ki, həkimə müraciət etsinlər. Yaxma qandan analiz yolu ilə həkim tərəfindən onlara diaqnoz qoyulsun. Və həkim tərəfindən müalicə aparılsın».

Onun sözlərinə görə, hazırda paytaxtda 100 min nəfərdən 84-85 nəfəri respirator infeksion xəstəliyə yoluxub. Şöbə müdiri xəstəliyin üzərinə vaxtında düşülməzsə, hətta ağır formasının ölümlə nəticələnəciyinin də istisna olmadığını bildirir.

Qeyd edək ki, xəstələrin sayının artması bu qrip virusuna qarşı vaxtlı-vaxtında peyvəndləmə işlərinin aparılmaması ilə də əlaqələndirilir. Amma E.Babayev artıq səhiyyə işçiləri, məktəblilər, hamilə qadınlar arasında peyvəndləmə işlərinin aparıldığını söyləyir. Onun sözlərinə görə, birinci partiyada 72, ikinci partiyada isə 172 min preparatdan istifadə edilərək riskli qruplar qripin ötən mövsüm üçün aktiv olan növünə qarşı peyvənd edilib. Amma hazırda yaz fəsli olduğundan şöbə müdiri heç bir peyvəndə ehtiyac olmadığını, sadəcə insanların xəstələnməməsi üçün özlərini soyuqdan qorumasını məsləhət görür.

 

Bu infeksion xəstəliyə daha çox uşaqlar yoluxur

 

Xəstəlik ən çox azyaşlı uşaqlar arasında yayıldığından, məktəbəqədər təlim, tərbiyyə müəssisələrinin əksəriyyətində uşaqların sayı barmaqla sayılacaq qədər azalıb. 1 saylı yoluxucu uşaq xəstəxanasının baş həkimi Züleyxa Mahmudova da uşaqlar arasında son günlər virus mənşəli infeksion respirator xəstəliyin yayıldığını söyləyir. Onun sözlərinə görə, xəstəliyin əlaməti öskürmə, hərarətin qalxması ilə müşahidə olunur. Z.Mahmudova xəstəliyin vaxtında müalicə olunmazsa, azyaşlılarda yuxarı tənəffüs yollarının selikli qişasının iltihabı ilə nəticələndiyini söyləyir. Odur ki, baş həkim uşaqda xəstəliyin bu cür əlamətləri hiss olunarsa, vaxtında həkimə müraciət edilməsini vacib sayır. Onun sözlərinə görə, belə halda valideynlərin həkim məsləhəti olmadan antibiotik təyin etməsi yanlışdır. Z.Mahmudova antibiotikin infeksion virusa heç bir təsir göstərmədiyini, bu dərman preparatlarının yalnız xəstəliyin bakterial pnevmaniyaya keçərsə, təsir etdiyini söylədi.

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının rəhbəri Almaz Sədrəddinova isə deyir ki, paraqrip - kəskin respiratorlu viruslu xəstəliklər qrupuna aiddir yuxarı tənəffüs yollarının zədələnməsi ilə xarakterizə olunur. Paraqrip virusu ilk dəfə 1954-cü ildə aşkar olunub. İndiyə kimi insanlarda bu virusun 4 tipi aşkarlanıb. Virusun mənbəyi xəstə insan sayılır. Viruslar xəstəliyin kəskin dövründə olan insanlarda ətrafa hava-damcı yolu ilə yayılır. A.Sədrəddinovanın sözlərinə görə, bu virusa daha çox məktəbyaşına qədər olan uşaqlarda rast gəlinir: "Bu virus ilk növbədə uşaqların tənnəffüs yollarını zədələyir. Əsas əlaməti ondan ibarətdir ki, paraqripə yoluxan uşaqlarda öskürək zamanı səsin dəyişməsi müşahidə olunur. Hətta el arasında belə bir ifadə işlədilir ki, "uşaq xoruz kimi banlayır". Paraqripin qripdən fərqlənin əsas əlaməti də elə budur. Qalan xüsusiyyətləri elə qripdə olduğu kimidir: temperaturun yüksəlməsi, ümumi halsızlıq, quru öskürək. Ümumiyyətlə, paraqripdə burun axması, asqıraq az müşahidə olunur. Ona görə bəzən buna "quru qrip" də deyirlər".

 

Paraqrip pnevmoniyaya çevrilə bilər

 

A.Sədrəddinova deyir ki, böyüklərdə bu xəstəlik baş verəndə onu qripdən fərqləndirmək çətin olur fərqi yalnız laboratoriya şəraitində müəyyən etmək mümkündür. Həkimin sözlərinə görə, paraqrip virusları qripdən fərqləndiyinə görə bu xəstəliyə yoluxan vaxt qrip əleyhinə dərmanların istifadəsinə ehtiyac yoxdur. Çünki onsuz da həmin preparatlar xəstəyə kömək etmir. Paraqrip əleyhinə viruslar hələ yaradılmadığından, sadəcə, simptomatik müalicə aparmaq mümkündür. Yəni, hərarət varsa, onu aşağı salmaq üçün, öskürək əleyhinə, ümumi orqanizmi möhkəmləndirən dərmanlar qəbul etmək lazımdır. Adətən, xəstəliyin inkubasiya dövrü 2-7 gün çəkir.

Paraqripə yoluxan uşaqların məktəbə göndərilməsi məqsədəuyğun deyil. Bu zaman həm uşaqda ağırlaşmalar baş verə bilər, həm də digər məktəblilərin yoluxma ehtimalı artır. Paraqripin ağırlaşmaları orta qulağın iltihabı, rinit, faringit, laringit, haymorit, bronxitə səbəb ola bilər. Paraqripin ən böyük fəsadı isə pnevmoniyadır.

Onun sözlərinə görə, virusların yaz mövsümündə geniş yayılmasına əksər insanlarda immunitetin zəifləməsi səbəb olur: "Bütün insanların daxilində müxtəlif bakteriyalar var. İmmun sistemi onları daim nəzarətdə saxlayır. Amma yazda immunitet zəifləyir mikroblar nəzarətdən çıxır. Nəticədə isə qripə digər kəskin respirator xəstəliklərə yoluxma halları çoxalır".

A.Sədrəddinova qrip xəstəliyinin törədicilərinin üç qrupa bölündüyünü, onların -A, B, S. olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda A qrupu virusları daha geniş yayılıb: "A virusları ən qorxulu xəstəlik törədiciləri sayılır. Bu viruslar epidemiya, hətta pandemiya yaratmaq qabiliyyətinə malikdir".

 

Xəstəlikdən qorunmağın yolları

 

Laboratoriya rəhbəri yaşlı insanların, uşaqların hamilə qadınların xüsusilə bu virusdan qorunmalı olduğunu söylədi: "Sadaladığım kateqoriyaya aid insanların immun sistemi daha zəif olduğundan, onlar viruslara daha tez yoluxurlar. Paraqripdən qorunmaq üçün bütün insanlar S vitamini ilə zəngin qidalar qəbul etməlidirlər. Virusa yoluxmamaq üçün itburnu, kök, soğan, sarımsaq, apelsin limondan da çox istifadə etmək məsləhətdir. Bu xəstəliyə tutulmayan insanlar küçəyə çıxmamışdan əvvəl adi sabundan kiçik bir hissə kəsib, qısa müddətə burunlarına qoysalar xəstəlikdən qoruna bilərlər. Bu zaman burun sabundan qıcıqlanaraq, qripə qarşı təbii dərman olan interferon ifraz etməyə başlayır. Xəstəlikdən qorunmaq üçün "Oksalin" mazı da köməyə çatır".

A.Sədrəddinova virusa yoluxduqda da özünümüalicə vasitələrindən istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, xəstəlik başlayan vaxt insanların köməyinə daha çox mürəbbəli çay çata bilər. Amma qrip vaxtı üç gün ərzində özünümüalicə fayda verməzsə, həkim çağırmaq vacibdir. Çünki xəstəlik daha ağır formaya keçə bilər ki, nəticədə ciyərlər, ürək böyrəyin fəaliyyəti pozular.

Bu arada apteklərdə qripə qarşı təyin edilən dərmanlara tələbat da artıb. Aptektərdə satıcıların dediyinə görə, qrip soyuqdəyməyə görə təyin olunan dərmanların «şıdırğı» alveri gedir.

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2011.- 6 aprel.- S.9.