Qloballaşma
və mədəniyyət
(esse)
Deyilənlərdən bir daha belə
qənaətə gəlmək olar ki, qloballaşma təkcə
birləşdirmir, o həm də “ayırır”. Nəticədə,
qloballaşmanı fərdiləşmə əvəz edir. Tədqiqatçı
Y.Bek qeyd edir ki, qloballaşmanın total səviyyəyə gəlib
çatması cəmiyyətdə qorxu, təşviş, həyəcan
hissi yaradır. İnsanlar qanunauyğunluqdan daha çox, təsadüfiliklərə
ürcah olur; artıq stabilliyi xaos əvəz edir. Y.Bek
qloballaşmanın mahiyyətinə qiymət verərkən,
bunu cəmiyyətin bir tipdən başqa tipə keçməsi-
modernizmdən postmoderinizmə keçid kimi qiymətləndirir.
Bir “tipdən” başqa “tipə”
keçid isə heç də asan başa gələn iş
deyildir. Həmin keçid mərhələsində bir
çox qrupların rifahı yksəlsə də, bəzi təbəqələrin
həyatı faciəvi şəkil alır. Amerika
iqtisadçısı L.Tursu yazır ki, nəinki inkişaf
etməkdə olan, hətta böyük inkişafa nail
olmuş ölkələrdə də bu cür kəskin
ziddiyyətlər qalmaqdadır. Həmin ziddiyyətlərin
ağır nəticəsini dadan kəsləri tədqiqatçı
“həyatın dibindəkilər” adlandırır.
Hələ ötən əsrin ikinci
yarısından etibarən (2-ci dünya müharibəsindən
sonra) elmi fikirdə cəmiyyətin inkişafı və gələcəkdə
idarə olunması ilə bağlı yeni ideya və
paradiqmalar meydana gəlməyə başladı; alimlər
artıq “dünya modeli” barədə baş
sındırmağa başladılar. cəmiyyətdə
baş verən apatiya alimlərin də həyatına
nüfuz etməkdə idi. Həmin bədbin psixoloji durumu
vaxtilə məşhur fizik E.Fermi ilə bir laboratoriyada
çalışmış, sonralar görkəmli
yazçı kimi tanınan M.Uilson özünün “
Qardaşım mənim, düşmənim mənim”
romanında belə ifadə edirdi: «Dünya həmişə
olduğu kimi qalmaqdadır, hərçənd ki, hərdən
adama elə gəlir ki, hər şeyin sonu çatıb; qəza
- bu, yalnız dişsiz çənənin diş
qıcamasına bənzəyir, həmin dişsiz çənənin
o biri üzündən isə həyat hiss olunmadan axıb
gedir və bu, əbədi olaraq beləcə davam edəcək».
İnsanın əldə etdiyi yeni
texnoloji uğurlar onun təkcə məişətinə, həyat
tərzinə deyil, bütün varlığına təsir
göstərir. Məhz buna görə də biz qətiyyətlə
deyə bilərik ki, insanların həyatına daxil olmuş
qloballaşma insanlar arasındakı əlaqələrə
yeni əlamət və keyfiyyətlər əlavə edir.
Artıq bir neçə dəfə qeyd etdiyimiz kimi, internetin,
kompüter texnologiyasının, bir sözlə elm və
texnikanın fasiləsiz inkişafı insanların münasibətindəki
ənənəvi bağları bir növ «qırır».
İndi istənilən qrupa daxil olan adamlar arasında canlı
ünsiyyət arxa plana keçməkdədir; kimisə
görmək, onu yoluxmaq əvəzinə, onunla telefon rabitəsi
yaratmaq, müraciət etmək, SMS göndərmək daha
önəmli hesab olunur.
Məlumdur ki, qloballaşma prosesi kəndlərə
nisbətən şəhərlərdə daha qabarıq hiss
olunur. Bu, heç kəsə sirr deyildir ki, şəhərlərdə
«özgələşməyə» meyl get-gedə daha aydın
şəkildə nəzərə çarpır. Bir çox
sosioloqlar qloballaşmanın məntiqi nəticəsi kimi boy
verən universallaşmanın mədəniyyətlərin
özünəməxsusluğunu, fərdiliyini aradan
qaldıra biləcəyi ehtimalından qorxuya düşərək,
adekvat tədbirlərin görülməsini zəruri
sayırlar. Elə bu cəhətlərinə görə, rus
alimi A.Utkin, mədəni homogenləşmə və mədəni
heterogenləşmənin toqquşmasını «müasir
qlobal ziddiyyətlərin» əsas problemləri hesab edir.
İnsani münasibətlərin yeni
müstəviyə keçməsində yeni texniki vasitələrin
rolunun artması bədii əsərlərdən də yan
keçmir. Biz yenə “telefon hegemonluğu” mövzusuna
müraciət etməli oluruq. Diqqəti çəkən bir
haldır ki, hazırki mərhələdə telefon bir
çox bədii əsərlərin “baş qəhramanına”
çevrilmişdir. Məsələn, Qrinin “Krısolov”
novellasının, rejissor Şumaxerin çəkdiyi “Telefon
köşkü” filminin əsas personajlarından biri telefondur.
Hətta, bu mövzuda opera da yazılmışdır (məs.,
Kokto və Pulenkanın “İnsan səsi” operası). Telefon
obrazı təkcə cansız əşya rolunda
çıxış etmir. O, hətta insanlar arasında əlaqə
yaradan “körpü” funksiyasını yerinə yetirməkdən
də “o tərəfə” keçir. Bu cür əsərlərdə
telefon adamların təşəbbüs və iradəsini əlindən
alır, “canlanır”, sanki şəxsiyyətin arzu və istəyinin
təkcə ifadəçisi yox, habelə həmin arzu və
istəyin icraçısı kimi çıxış edir.
İnsan telefona çevrilir, həmin “telefonlar”
robotlaşır.
Beləliklə, şəxsiyyət
yeni texnoloji basqı və nüfuzun təsiri altında yeni
psixoloji ab-havaya düşür. O, sanki öz-özünə
kənardan başqa bir nəzərlə baxmalı olur. “Yenidəndəyərləndirmə”
insana heç də asan başa gəlmir. Yeni dəyərlər
insana bəzən “qazancdan” çox itkilər, faciələr
gətirir. Rus yazıçısı D.Bıkovun dediyi kimi, bu
gün mobil telefon insanı insana yaxınlaşdırmaqla bərabər,
həm də onları bir-birindən uzaqlaşdırır və
tənhalığa məhkum edir.
Müasir telefonun bir sıra xidmət
sahələrinə malik olması, onun (telefonun) sahibinə
ünsiyyət üçün başqa şəxs-tərəfdaş
axtarmağa mane olur. Belə ki, indi telefonlar-videokamera, musiqi,
internet, riyazi əməliyyat, radio, yaddaş və s. vasitələrin,
texnoloji qurğuların həyata keçirməli olduğu
tapşırıqları çox çevik, səliqəli
qaydada icra edir.
Bir telefon bir neçə adamın
görə biləcəyi işi daha tez və “intizamlı” şəkildə
yerinə yetirir. Bu mənada “Piter FM” filmindəki telefon
“obrazı” diqqətçəkəndir; təsadüfən
qarşılıqlı telefon əlaqəsi yaradan qız və
oğlan bir-biriləri ilə danışır, mübahisə
edir, fikir mübadiləsi aparır. Lakin onların üzbəüz
görüşləri baş tutmur. Əslində, bu
görüşlərə ehtiyac da yoxdur. Bu iki nəfərin
görüşü, əslində, elə iki telefonun
görüşüdür. İki “canlı” (və ya
“cansız”) telefonun görüşü isə yaxşı
bir şey vəd edə bilməz.
Firuz
Mustafa
Mərkəz.- 2011.- 8 aprel.- S.15.