Qloballaşma və mədəniyyət

 

 (esse)

 

İstənilən halda meydana gələn hər bir proses özünə kontur olan yeni proseslərlə üzləşməli olur. Dediyimiz odur ki, insanın öz fərdiliyini qoruyub saxlamaq üçün göstərdiyi cəhd heç də həmişə uğurla nəticələnmir; insanın dezoriyentasiyası, onun sosial institut və təşkilatlar qarşısında tədricən geriyə - gözdən kənara çəkilməsi, apatiyaya uğraması, qarşılıqlı ünsiyyətin intensifikasiyası onun daxili aləmini məhv edir, onun ətraf aləmə olan reaksiyasını keyləşdirir, onu mənəvi dəyərlərdən uzaqlaşdıraraq maddi-merkantil dəyərlərin quluna və ya əlavəsinə çevirir. «Roma» klubunun rəhbəri Aurelio Peççei vaxtilə obrazlı şəkildə yazırdı: “Beləliklə, insan tədricən qroteskvari, birölçülü Homo economic-a çevrilməkdədir”. Gələcəyin insanı elmi ədəbiyyatda çox vaxt elə bu cür (Homo economic kimi) təqdim olunur.

İngilis filosofu F. Bekon vaxtilə yazırdı ki, gələcək haqqında əvvəlcədən mülahizə yürütmək, gələcəyi əvvəlcədən görmək, insana xas olan cəhətdir. Bəli, insan hadisələrin mahiyyətini əvvəlcədən dərk etməyə çalışır. Lakin haqqında geniş söhbət açdığımız “texnoloji inqilab” təkcə industrial mahiyyət kəsb etmir; baş verən prosesləri sosial hadisələr kontekstindən çıxarmaq məsələyə birtərəfli qiymət vermək kimi qiymətləndirilməlidir. Qloballaşma inkişafın yeni bir mərhələsi ilə şərtlənir; daha doğrusu, yeni inkişaf tendensiyası, yeni zaman və yaxud klassik zaman anlayışının yeni əlamətləri haqqında düşünməyə əsas verir. Yeni zaman - sosiallaşmış zaman, daha dəqiq desək, sosial zamandır. Sosial zaman anlayışı bilavasitə insan fəaliyyəti ilə bağlıdır. İnsan idrakı ilə birbaşa əlaqəsi olan, özündə subyektiv amilləri birləşdirən sosial zaman - obyektiv səciyyə daşıyır.

Sosial zaman - inkişaf, hərəkət, tərəqqi (və onların əksi - tənəzzül, geriləmə və s.) amilləri ilə adekvat səciyyə daşıyır. Hətta, sosial zamanı sosial inkişafın “əlavəsi” hesab edənlər də vardır. Məlumdur ki, bu gün dünyanın mənzərəsini texnoloji cəhətdən inkişaf etmiş ölkələr müəyyən edir (bu cür ölkələrə, artıq qeyd edildiyi kimi, ABŞ, Yaponiya, Çin kimi sənaye nəhənglərini aid etmək olar və onu da xatırlatmaq yerinə düşər ki, həmin ölkələr indi dünyanın texniki donoruna çevrilmişdir). Az qala Yer planetinin əhali resursu “sənaye dinozavrlarından” asılı vəziyyətə düşməsi inkarolunmaz gerçəklikdir. Bu mənada, dünyanın sosial zamanını eyni bir vaxt “əqrəbi” müəyyən edə bilmir. Zaman etibarilə irəli gedən “məkanlar” olduğu kimi, geri qalan məkanlar da vardır (ən azı, belə bir faktı unutmaq olmaz ki, məkansız zaman haqqında söhbət belə gedə bilməz). Zamanın tələskənliyi, geriləməsi inkişafla bağlıdırsa, deməli, tərəqqinin əsasında təfəkkür dayanır. Əlbəttə, söhbət sosial zamandan gedir. Sosial zamanı bizim subyektiv idrakımız müəyyən etdiyi kimi, bizim inkişafımızın da istiqamətini (deməli, belə çıxır ki, idrakımızın səviyyəsini də) sosial zaman müəyyənləşdirir. Bəs necə olur ki, qloballaşma «hər yerdə» sosial zamanın «bərabərxətli» hərəkətinə nəzarət edə bilmir? Nəzərə alsaq ki, nəinki ayrı-ayrı ölkələrdə, hətta eyni regiona mənsub olan yerlərdə belə, inkişafın, başqa sözlə «sosial zamanın», «hərəkət, ölçüsü və istiqaməti» enyi deyildir, onda mənzərə qismən aydın olar. Buna misal kimi, ikiyə bölünmüş iki xalqın iki dövlətini - Şimali və cənubi Koreyanı göstərmək olar. Bu dövlətlərdə «sosial zamanın» zamanları müxtəlifdir. Bu nə üçün belədir? Bizə elə gəlir ki, koreyalıların, daha doğrusu, Koreya(lar)nın inkişaf rəngarəngliyində həmin ölkələrdə mövcud olan siyasi rejimlərin təsiri çox güclüdür. Və onu da vurğulayaq ki, bu «rəngarənglik» təkcə adıçəkilən dövlətlərə deyil, başqa regionlara da aiddir.

Bu mənada, Azərbaycan və azərbaycanlıların taleyi də ibrətamizdir. Məlumdur ki, tarixi ədalətsizlik nəticəsində Azərbaycan bir neçə yerə (çox vaxt “iki yerə bölünüb” - deyirlər, bu isə tamamilə yanlış fikirdir) bölünmüşdür. Bu gün Azərbaycan əhalisinin və onlar yaşayan məkanın əksər hissəsi İran İslam Respublikasının ərazisindədir. İkinci böyük hissə uzun müddət - iki əsrə yaxın bir vaxtda Rusiya (və SSRİ) ərazisində olmuşdur ki, indi bu ərazi müstəqil Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan ərazisinin böyük bir qismi isə neçə onillərdir ki, Azərbaycanın özünə yox, onunla qonşu olan dövlətlərə - Gürcüstana, Ermənistana, habelə Rusiya Federasiyası tərkibindəki Dağıstan MR-na məxsusdur. Bu məsələnin ərazi ilə bağlı olan cəhətinə aid olan faktdır: yəni tarixi bir dövlətin bütöv ərazisi zaman-zaman istila edilib qonşu dövlətlərə ilhaq olunmuşdur. Bizi məsələnin digər, daha mühüm və “qlobal” tərəfi maraqlandırır. Gerçəklik bundan ibarətdir ki, həmin parçalanmış, ayrı-ayrı ölkələrə mənsub olan ərazilərdə yaşayan eyni bir xalqın zaman keçdikcə nəinki məişət, adət və ənənələri, az qala hətta, düşüncələri belə bir-birindən kəskin şəkildə fərqlənməyə başlamışdır. İndi tam məsuliyyətlə demək olar ki, İranda yaşayan azərbaycanlı ilə Azərbaycan Respublikasında yaşayan azərbaycanlını (və ya Azərbaycan türkünü) bağlayan cəhətlər heç də onları ayıran cəhətlərdən az deyildir.

 

 

Firuz Mustafa

 

Mərkəz.- 2011.- 12 aprel.- S. 15.