Qloballaşma mədəniyyət

 

 (esse)

 

Ç.Forrestrin «sosial» (başqa sözlə «humanist») «sistemlər» barədə söylədiyi mülahizələr və onun modelləşdirilməsinə cəhd göstərməyi özlüyündə maraqlı olsa da, problemin mahiyyəti çox mürəkkəb proseslərlə bağlıdır. Həqiqətən, «sosial sistemlərin» modelləşdirilməsi elmi fikrin inkişafında yeni bir mərhələ olardı. Lakin belə bir faktın üstündən sükutla keçmək olmaz ki, sosial (humanist) modelləşdirmə təkcə insan ( onun təbiəti) ilə deyil, həm insanı əhatə edən təbii-tarixi, iqtisadi-siyasi proses mühitlə bağlı bir hadisə kimi nəzərdən keçirilməlidir.

Bu mənada biz Lütfüzadənin belə bir fikrini bir daha xatırlamalı oluruq ki, texniki sistemlər modelinin sosial (humanist) sistemlər modelinə müncər olunması məqbul hesab edilə bilməz. Lütfüzadə də Ç.Forrestr kimi gələcək sosial modelləşmənin təşəbbüsçüsü və tərəfdarı kimi çıxış edir. Amma onun məsələnin mahiyyət və həllinə yanaşma metodu fərqlidir. Lütfüzadə «humanist sistemlər» nəzəriyyəsinin mahiyyətindən çıxış edərək qeyd edirdi ki, humanist sistemlərin hədsiz mürəkkəbliyi kəmiyyət metodlarından köklü surətdə fərqlənən yanaşma tələb edir. O, hətta, bunun üçün xüsusi model təklif edir: bu cür sistemlərin modelləşdirilməsi üçün kəmiyyət metodlarını bir qədər ixtisar etmək və əvəzində linqvistik yanaşma tətbiq edərək dəyişənlər qismində yalnız rəqəm və saylardan deyil, təbii (və süni) dillərin söz və cümlələrindən istifadə etmək.

Biz belə hesab edirik ki, sistemlər nəzəriyyəsi ümumən real gerçəkliyin öz mahiyyətindən irəli gələn «model» (lər) çərçivəsində öyrənilməlidir. Doğrudur, bütün «lokal» sistemlər arasında əsaslı fərqlər mövcuddur. Lakin onu da inkar etmək olmaz ki, sistemlər bir-biri ilə qarşılıqlı əlaqə və vəhdətdədir. Hətta sistemlərdən birinin digərinə çevrilməsi, birinin digəri daxilində əriməsi də mümkündür. Mürəkkəb sistemlər kənardan təşkil edilmir, onlar özləri-özlərini təşkil edirlər.

Hər bir sistemin inkişaf mərhələsində «çoxpilləlik» mərhələləri mövcuddur. Bu «pillələri» isə daimi inkişafla yanaşı, daxili ziddiyyətlər müşayiət edir. İnkişafın müəyyən bir mərhələsində xaos yaranır. Tədqiqatçıların əksəriyyətinin qeyd etdiyi kimi, «xaos inkişafın ən vacib məqamıdır», ancaqancaq məqamdır.

Bir daha xatırlatmaq istərdik ki, filosof Ə.F.Abbasov «sistemlər məsələsi» barədə bir sıra maraqlı və dəyərli mülahizələr söyləmişdir. Alimin, xüsusilə müasir cəmiyyətşünaslıqda mühüm əhəmiyyət kəsb edən problemlərdən biri - qapalı və açıq sistemlər barədə fikirləri bu gün daha aktual səciyyə daşıyır: «Cəmiyyətlərin tarixi təkamülünün təhlili göstərir ki, yalnız açıq tipli cəmiyyətlərdə özünütəşkilatlandırma, sinergizm xassələri əsl mənada özlərini ifadə edə bilirlər. Həmçinin sübut olunub ki, qapalı cəmiyyət həmişə totalitarizmə, dövlət tiraniyasına zəmin yaradır. Yalnız açıq cəmiyyətlər vətəndaş təşəbbüskarlığı, sağlam rəqabət, sosial-siyasi proseslərin qeyri-zorakı cərəyanı üçün etibarlı zəmin ola bilər»..

Alimin dediyi kimi, «bir məqam da xüsusi vurğulanar». Əgər fiziki, kimyəvi sistemlərdə özünütəşkil sinergizm adətən bir bufirkasion (haçalanma-F.M.) parametrlə bağlıdırsa, sosial, siyasi, iqtisadi, ekoloji sistemlərdə bu effektlərin müəyyənləşməsi bir neçə parametrin, daha dəqiq desək, bufirkasiya sahəsinin təsiri altında baş verir.

Biz həmin fikrə müvaze olaraq belə bir fikri vurğulamaq istərdik ki, insan idrakı bütün mürəkkəb situasiyaları sistemə salmaq qüdrətinə malikdir. İnsan öz ağlı mühakimələri ilə təkcə baş verən hadisələrin əsl mahiyyətini deyil, «əsl mahiyyətin» özünün inikasını da sistemləşdirməyə qadirdir. Buna misal olaraq, bədii inikası göstərmək olar. Belə hesab edirik ki, dünya ədəbiyyatında F.Dostoyevskinin yaratdığı obrazlarda olduğu kimi, «sistemlərin dinamizmini» göstərən əsərlərə az təsadüf olunur.

Xaos təkcə maddi gerçəklikdə deyil, mənəvi aləmdə də «həqiqətin» üzə çıxmasına xidmət edir.

Biz indiki halda bir daha vurğulamağı vacib bilirik ki, müasir elmi fikri təkcə inkişafın maddi səviyyəsi - iqtisadi tərəfi məşğul etmir və edə də bilməz. Yeni qlobal-sivilizasion mərhələyə daxil olmağımız dünyanın daha çox humanistləşdirilməsini tələb edir; yeni güc və təcrübənin transformasiyası A.Peççeinin qeyd etdiyi kimi, yeni «dərin mədəni evolyusiyanın», yeni insani münasibətlərin yaranmasına apara bilər. Teyyar de Şarden illər öncəsi yazırdı ki, «dünya həmrəyliyinin qazancı - bu, bizim eranın nəhəng imperatividir».

Deyilənlərə istinadən belə qənaətə gəlmək olar ki, qloballaşma, inkişafın müasir mərhələsində cəmiyyətdə baş verən proseslərə güclü şəkildə nüfuz etsə də, dəyərlərin yenidən dəyərləndirilməsi nöqteyi-nəzərdən heç də obyektiv reallığın öz mahiyyətindən irəli gələn ziddiyyətləri tam həll etmək zorunda deyildir. Bu isə əsasən onunla bağlıdır ki, ayrı-ayrı lokal və qlobal güc mərkəzləri daha çox regional-subyektiv maraqların təmin olunmasına üstünlük verirlər. Məhz həmin səbəbdən qloballaşma doktrinası daim antiqlobalistlərin müqaviməti ilə üzləşir. Amma bir fakt da təkzibolunmazdır ki, yeni dünya düzəni istər-istəməz öz mənəvi qanunlarını düşüncələrə tətbiq etməkdədir. Qloballaşma bir çox ölkələrin hegemonluq silahına çevrilsə belə, dünyanın sülhə üz tutması üçün onun «militarlaşma» keyfiyyətlərini zəiflədir, «humanist inteqrasiyanın» radiusu genişlənir, dünyanı hissələrə bölən «sivilizasiya çat və yarğanlarını» hamarlayır. Qloballaşma, tarixən üzə çıxıb get-gedə dərinləşən bir sıra ziddiyyətlərin həll edilməsində əsaslı rol oynaya bilər və artıq belə bir rolu oynamaqdadır.

 

 

Firuz Mustafa

 

Mərkəz.- 2011.- 13 aprel.- S.15.