Qorxmaz kəşfiyyatçının
son döyüşü
Etibar İsmayılovun
ölümündən bizi 17 il ayırır. Bu illər ərzində
onun doğulduğu Hindarx qəsəbəsində çox
şeylər dəyişib. Lakin dəyişməyən bircə
ona olan sevgi, məhəbbətdir. Kənddə hər gün əziz
xatirəsi yad olunur, ölməz hünəri, qəhrəmanlığı
ilə ürəklərdə yaşayır. Vaxtilə təhsil
aldığı orta məktəbə qəhrəmanın
adı verilib, məktəbin önündə isə
büstü qoyulub. Səhər-axşam buranı ziyarətə
dəstə-dəstə adamlar axışır. Bura qocalar da
gəlir, məktəblilər də…
Kənd camaatı onu yana-yana
xatırlayır. Dosta sədaqətli, xalqını, Vətənini
sevən, bir sözlə, qeyrətli oğul idi, Etibar. Heyf,
zalım ölüm onu aramızdan tez apardı. Bəlkə,
yaşasaydı… Deyirlər, Allah öz istədiyi bəndəni
tez qovuşdurur, haqq dünyasına.
Etibar Bəylər oğlu
İmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun
Hindarx qəsəbəsində doğulub. Ziyalı bir ailədə
böyüyüb, tərbiyə almışdı. Orta məktəbdə
oxuyarkən inşaat mühəndisi olmaq arzusundaydı. O,
mütaliə etməyi çox xoşlayırdı.
Mübahisəli məsələlər olanda elmə əsaslanıb
danışardı. Bu da onun müsbət keyfiyyətlərindən
biri idi. Ailə böyük olduğundan Etibar erkən
yaşlarından əmək fəaliyyətinə
başlamışdı. 1981-ci ildə orta məktəbi
bitirdikdən sonra kənddəki Su Artezianları
İstismarı İdarəsində işə düzəlmişdi.
Çilingər işləyirdi. O, az müddətdə
kollektivin dərin hörmətini qazanmışdı. Hərbi
xidmət vaxtı çatanda ordu sıralarına yollanır.
Etibar ikiillik əsgəri xidmətini başa vurub,
doğulduğu qəsəbəyə qayıdır. Öz
peşəsində əmək fəaliyyətini davam etdirir.
İşə yenicə başlamışdı ki, ermənilərin
torpaq iddiaları əvvəlcə Qarabağı, sonra isə
bütün Azərbaycanı bürüdü. Kəndin qeyrətli
oğlanları torpağın müdafiəsinə
yollandılar. Həmin vaxtlarda Etibar da Vətənin dar
günündə əlinə siah götürüb,
düşmən üstünə yeriməyi özünə
mənəvi borc bildi. O, 1990-cı ildən başlayaraq
torpaqlarımızın müdafiəsində fəal
iştirak edir, işğal olunmuş ərazilərin erməni
tapdağından azad olunmasına
çalışırdı. Elə ilk günlərdən
onun şücaəti komandanlığın diqqətindən
yayınmadı. Batalyondakı bir taqıma
başçılıq etmək Etibara tapşırıldı.
O, döyüşçü yoldaşlarını bir-bir nəzərdən
keçirdi. Bir azdan bunlarla ürək-ürəyə,
çiyin-çiyinə verib, döyüşə
atılacaqdı. Elə ona görə də hamısıyla
ayrı-ayrılıqda söhbət edib, tanış oldu.
Orduya könüllü yazılmışdılar,
hamısı da bir-birindən qorxmaz, cəngavər idilər.
Etibar doqquz nəfərdən ibarət
kiçik bir dəstə ilə ilk dəfə kəşfiyyata
göndərilmişdi. Bütün məsuliyyət onun üzərində
idi. Onlar meşə ilə bir xeyli yol getməli oldular. Nəhayət,
təpənin başına çatanda dayandılar. Buradan
düşmənin mövqeləri açıq-aydın
görünürdü. Kəşfiyyatçılar ehtiyatla
lazım olan qeydləri götürüb, geri döndülər.
Xoşbəxtlikdən heç bir fövqəladə hadisə
baş vermədi. İki gündən sonra erməni silahlı
birləşmələri texnikanın müşayiəti ilə
güclü hücuma keçdilər. Etibar öz dəstəsi
ilə mövqedə dayanıb, komandanın əmrini gözləyirdi.
Bir azdan atəş açmaq əmri verildi. Döyüş
bir saata yaxın davam etdi. Düşmən güclü
müqavimətlə qarşılaşaraq geri çəkilməyə
məcbur oldu.
O, Ağdamın Naxçıvanik,
Şelli kəndlərinin müdafiəsində də
xüsusilə fərqlənərək,
döyüşçü yoldaşlarına şəxsi
nümunə göstərdi. E. İsmayılov Ağcabədi
özünümüdafiə batalyonu yaradılanda həmin
batalyonda xidmətini davam etdirdi. Onlar Xocavənd rayonunun ərazilərindən
hücumları dəf edir, şərait yarandıqda isə əks-hücuma
keçərək, düşmənə sarsıdıcı
zərbələr endirirdilər.
1994-cü
il yanvar ayının 4-ü … Soyuq bir qış axşamı
idi. Etibar bir dəstə kəşfiyyatçı ilə
Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan
düşmənin arxasına keçmək və məlumat əldə
etmək üçün tapşırıq
almışdı. Onlar böyük çətinliklə
düşmən postlarına yaxınlaşdılar. Birdən
bir dəstə erməni ilə üz-üzə gəldilər.
Atışma başladı. Bu vaxt qarşıdan bir
düşmən tankı göründü. Əməliyyata
yollanan kəşfiyyat dəstəsi mühasirəyə
düşdü. Etibar vəziyyətin çıxılmaz
olduğunu hiss edib, yoldaşlarına geri çəkilməyi
əmr edir. Özü isə axırıncı qumbaranı əlində
bərk sıxaraq düşmən tankının altına
atılır… Onun
bu qəhrəmanlıgı dildən-dilə düşdü.
Döyüş yoldaşlarını
xilas etdiyinə və torpaqlarımızın müdafiəsi
uğrunda misilsiz şücaətinə görə Azərbaycan
Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı
fərmanı ilə İsmayılov Etibar Bəylər
oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adı verilib.
Vüqar
ƏSGƏROV
AMEA-nın
Respublika Xatirə
Kitabı
Redaksiyasının redaktoru
Mərkəz.- 2011.- 14 aprel.-S. 15.