Bu kino
ki, var, çox qəliz məsələdi…
Hər
il ölkəmizdə dövlət sifarişi ilə ən
azı altı bədii film istehsal olunur. Eləcə də
«Bu meydan, bu ekran!» layihəsi çərçivəsində
gənc rejissorlar necə deyərlər, pis-yaxşı,
öz yaradıcılıq məhsullarını ortaya
çıxarırlar. Amma həmin filmlərin
üzünü görmək bizlərə yalnız bir dəfə
nəsib olur, o da təqdimat mərasimlərində.
Uzaqbaşı hansısa rejissorun tanışlığı nəticəsində
filmlərdən biri, ya ikisi telekanallarda nümayiş olunur.
Bununla da həmin filmlərin kitabı bağlanır və
arxivlik olur. Dövlətin ayırdığı 6 milyon manat vəsait
də demək olar ki, göyə sovrulur. Məsələ
burasındadır ki, bu məsələ artıq ənənə
halını alıb. Sanki elə belə də
olmalıdır, pul-para tökülüb film çəkilməlidir,
sonra da bəh-bəhlə prezentasiyası keçirilməlidir.
Axı kino geniş tamaşaçı auditoriyası
üçün çəkilən məhsuldur və təbii
ki, tamaşaçısına da təhfil verilməlidir. Hər
kəs yaxşı bilir ki, əvvəllər filmlər
çəkiləndə ilk növbədə kinoteatrlarda
nümayiş olunurdu. Bu prosesin özü insana böyük
zövq verirdi. Böyük ekrandan filmi seyr edən
tamaşaçı daha sonra həmin filmi televiziya
ekranından izləmək fürsəti qazanırdı. Amma
indi çəkilən filmlərin aqibəti yalnız arxivə
atılmaqla nəticələnir. Qeyd edək ki, Azərbaycanda
kinonun inkişafına həmişə böyük dövlət
dəstəyi və qayğısı olub. Halbuki,
dünyanın heç bir ölkəsində kinoya dövlət
tərəfindən heç bir dəstək göstərilmir.
Amma bizdə kinonun inkişafı naminə mütəmadi
olaraq müxtəlif illəri əhatə edən dövlət
əhəmiyyətli proqramlar qəbul edilib, irimiqyaslı layihələr
həyata keçirilib. Misal üçün, prezident İlham
Əliyev 23 fevral 2007-ci il tarxili “Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb.
Sənədə əsasən, kino sahəsinin inkişafı
ilə bağlı 2008-2018-ci illəri əhatə edən
Dövlət Proqramı hazırlanıb. Eyni zamanda, 2007-2010-cu
illərdə kinematoqrafiya sahəsində gənclərin
yaradıcılıq fəaliyyətinin inkişaf proqramı həyata
keçirilib.
Bu sırada kinoteatrların yüksək
səviyyədə təmir, beynəlxalq standartlara cavab verə
biləcək texniki təchizatla təmin olunması məsələsi
də dayanır. Quba, Gəncə, Lənkəran, Mİngəçevir,
Naxçıvan və digər bölgələrin
kinoteatrlarının təmir edilərək, hər birinin
yeni, modern avadanlıqlarla təchiz olunması məsələsi
də proqramda irəli sürülən layihələrdəndir.
Amma hələ ki, «Azərbaycan» kinoteatrı ilə kifayətlənmək
məcburiyyətindəyik. Bu kinoteatr da demək olar ki, əcnəbi
filmlərin nümayişi ilə məşğuldur. Burada təsadüfən,
dövlət sifarişi ilə istehsal olunan hansısa bir filmin
təqdimat mərasimi keçirilə, ya keçirilməyə.
Bəzi rejissorlarımız
kinoteatrların fəaliyyətsizliyi ucbatından arxivlərdə
yatıb qalan filmlərin heç olmasa, telekanallarda
nümayiş olunmasının tərəfdarıdır. Amma
bunun əleyhinə olan rejissorlarımız da var. Məsələn,
xalq artisti, tanınmış rejissor Eldar Quliyev bizimlə
söhbətində filmlərinin kinoteatrdan qabaq telekanalda
nümayiş olunmasını məqbul saymır: «Kinofilm
kinoteatr və geniş salonlarda göstərilmək
üçün çəkilir. Buna görə də mən
bir rejissor olaraq filmin kinoteatrdan əvvəl televiziya
ekranında nümayişinin əleyhinəyəm. Film gərək
əvvəlcə kinotetarda göstərilsin, publikanın həmin
ekran əsəri ilə bağlı fikirləri öyrənilsin.
Üstündən müəyyən vaxt keçəndən
sonra həmin film televiziyada nümayiş oluna bilər.
Çünkü biz filmi kinosalonlar üçün çəkirik.
Kino mexanizminə görə, onlar televiziyalar üçün
uyğun gəlmir».
Kinoteatrlar fəaliyyət göstərmirsə,
onda necə olsun? Gələcəyə nikbin nəzərlərlə
baxan rejissor bu barədə prezidentin sərəncamını
xatırlatdı: «Prezidentimizin bu barədə sərəncamı
var ki, Azərbaycanda kinotetarların bir hissəsi bərpa
olunmalıdır. Niyə bütün dünyada camaat kütləvi
şəkildə kinoteatrlara axışır, bizdə yox?
Axı bizdə də belə olub. İnanıram ki, yaxın
vaxtlarda bizdə də belə olacaq. Allah qoysa, bizim filmlər
də bərpa olunacaq, kinotetarlarda göstəriləcək və
sonra televiziyaların ixtiyarına veriləcək».
… Biz də buna ümid edirik, hörmətli
rejissor. Xatırladım ki, «Mərkəz» müxtəlif sosial
təbəqələri əhatə edən insanlar arasında
sorğu keçirərək (bu sırada çoxlu sayda
tanınmışlar da vardı-c.S), «Axırıncı dəfə
Azərbaycanda istehsal olunan hansı yeni filmə
baxmısınız?» sualı ilə müraciət
etmişdi. Təsəvvür edin, sovet dönəmində
istehsal olunan filmlərin adını çəkmişdilər.
Onları qınamağa da dəyməz, çünki gərək
çəkilən ortaya çıxsın ki, insanlar da
baxıb qiymət verə bilsinlər. Nə bilim, vallah,
ümid və dua edək ki, kinoteatrlarımızın
düyünə düşmüş bəxti tezliklə
açılacaq. O halda bizim də gözümüz
açılar və baxıb görərik ki, dünya
kinosunun çox-çox qabağa getdiyi br ərəfədə
bizimkilər nə çəkib, necə çəkib?
Nə isə, başınızı
çox ağrıtdım, deyəsən, onsuz da məşhur
filmimiz «Bəyin oğurlanmasın»da deyildiyi kimi bu kino ki, var,
çox qəliz məsələdi…
Çəkməyə pul
tapırıq, amma göstərməyə yer tapa bilmirik.
Cəvahir
Səlimqızı
Mərkəz.- 2011.- 14 aprel.- S. 11.