Qloballaşma
və mədəniyyət
(esse)
...Qloballaşmadan söhbət
açan əksər tədqiqatçılar lokal (milli)
sistemlərin qlobal (beynəlxalq) sistemlərə transformasiya
olunmasının zəruriliyini göstərir və bunun
üçün konkret layihə və modellər də təklif
edirlər. Lakin artıq bizim qeyd etdiyimiz kimi, qloballaşma
yalnız sırf texnoloji prinsiplərə əsaslanmayan və
yalnız texniki vasitələrlə realizə olunmayan bir
prosesdir. Qloballaşmada insan amilinin unudulması, əslində,
baş verənlərə birtərəfli yanaşma kimi qiymətləndirilə
bilər. Mənəviyyatsızlığın «bərqərar»
olduğu mühitdə heç bir inkişafdan danışmaq
olmaz. Cəmiyyət həyatının bütün ruşeymləri
əxlaqla, mənəviyyatla bağlıdır. F. Bekon
yazırdı ki, «mənəviyyatsız varlıqdan xali olan
varlıq lənətlənmişdir».
Qloballaşmanın uğurunu və ya
fəlakətini hiss edən region və qurumların hər
biri adətən öz «prizmalarından» çıxış
edir. İndi belə bir fikri də səsləndirmək olar
ki, az qala, nəinki fərdlər, hətta dövlətlər
belə, 2 cəbhəyə - qloballaşma tərəfdarlarına
və antiqlobalistlərə bölünmüşlər. Bəs
bu dövlətlər arasında «qlobal çatların»
yaranmasının səbəbi və səbəblər toplusu
nədir? Bizcə, məsələnin mahiyyəti daha çox
inkişafın surəti və müxtəlif ölkələrin
təsir dairəsi ilə bağlıdır. İqtisadi tempi
yüksək olan ölkələr qloballaşma tərəfdarı
kimi çıxış edir, zəif tərəqqi edən
ölkələrsə qloballaşmanın «yeniliklərini» qəbul
edə bilmir. Amma fakt budur ki, qloballaşma get-gedə
insanların və ölkələrin həyatına sürətlə
müdaxilə edir. İndi yəqin ki, ölkələr yeni
universal sistemin - qloballaşmanın qarşısının
alınması yox, onunla necə uzlaşmağın metodu barədə
düşünməlidir. Qloballaşmanın sürəti
elmin əvvəldən «gördüyü» prinsipin - təkqütblüyə
doğru gedişinin həqiqiliyini təsdiqləməkdədir.
Deməli, insan təkqütblü, qloballaşmaya «təslim
olan» dünyada öz mövcudluğunu,
yaşarlılığını təmin etmək
üçün yollar aramalıdır. Yeni proseslərin
intensivləşməsi sanki zamanlar arasındakı əlaqənin
yeni düzənini yaradır; artıq zaman özünün «ənənəvi»
mövcudluğunu qorumağa çətinlik çəkir,
yeni çalarlar əxz edir. İnsanın fəaliyyəti
zamana yeni vaxt «ölçüsu» diktə edir. Avqustin Blacenin
eramızın 400-cü ilində yazdığı «Etiraflar» əsərində
söylədiyi fikirlər, belə hesab edirik ki, bu gün
üçün daha aktualdır: «…nə gələcək, nə
də keçmiş mövcuddur və 3 zaman haqqında
danışıb keçmiş, indi, gələcək - deyərkən,
zamanı düzgün ifadə etmirlər; yəqin ki, belə
ifadə etsəydilər, daha dəqiq olardı: indiki
keçmiş, indiki gələcək».
Yeni mərhələdə zaman
universallaşmanın (başqa sözlə
qloballaşmanın) lokomativi kimi deyil, mühərriki kimi
çıxış edir. Bu prosesdə insan təbiətlə
mədəniyyət arasında canlı körpü rolunu
oynayır.
İnsan (fərd) özünü dərk
etdikcə, sosiumda baş verən ziddiyyəti proseslərin
mahiyyətinə daha yaxından bələd olmağa
çalışır. Lakin belə bir tezisi (paradiqapanı)
unutmaq olmaz ki, özünüdərkin təşəkkülündə
fərd yalnız özünü ətraf mühitdən
ayırmır, habelə özünü - müəyyən, dəqiq
deyilsə «konkret qrupun nümayəndəsi» hesab edir. Əslində
qloballaşma prosesinin özü fərdin özünüdərkindən
başlayaraq get-gedə daha geniş müstəviyə
çıxır. Hətta bəzi alimlər gələcəkdə
«kosmik sivilizasiyanın» (kosmik qloballaşmanın) baş verəcəyini
iddia edirlər.
Müasir dünyada gedən
qloballaşma - universallaşma prosesi nəticəsində bir
çox hallarda nəinki qlobal problemlər
çözülür, hətta əksinə, bəzən həmin
problemlərin üstünə yeniləri əlavə olunur.
Bizə elə gəlir ki, bəşəriyyətin mübtəla
olduğu problemləri lokal prinsiplərlə həll etmək
qeyri-mümkündür. Alimlərin bir çoxunun qeyd etdiyi
kimi, «dünya qlobal sinergetizmə» istəklidir. Məhz elə
bu səbəbdən də qlobalizasiyanın optimal
strategiyası məhz sinergetizm prinsipləri əsasında
müəyyənləşdirilməlidir. Bu strategiyanın
idrakı, dünyagörüşü zəminləri də
adekvat olmalıdır. Qloballaşma istər-istəməz
insan-mühit, insan-cəmiyyət, insan-təbiət münasibətlərinə
yenidənqiymətləndirmə meyarları ilə
yanaşmağı tələb edir. Bu proses, xüsusilə,
keçmiş SSRİ-də çox ağrılı ziddiyyətlərlə
getməkdədir. Köhnə idarəetmə və təsərrüfat
ukladlarında işləyib yeni mülkiyyət formalarında
öz konkret yerini tapa bilməyən milyonlarla insan yeni
epoxanın sərt qayda-qanunları ilə üzləşirlər.
Qəfildən içində yaşamağa məhkum
olduğu yeni cəmiyyətin (vəhşi kapitalizmin) tələbləri
«köhnə» cəmiyyətdən (despotik sosializmdən) gələn
adam üçün qorxulu və qorxunc idi. Yeni era «qorxulu
nağıllardan» daha çox, «qorxulu filmlərə» bənzəyirdi.
Yeri gəlmişkən, elə həmin dövrdə (SSRİ
parçalanarkan) ekranlarda «sovet təfəkkürü» ilə
yaşayan adamları xofa salan yeni «qorxulu filmlər» («film-ujas»)
görünməyə başladı.
(davamı növbəti
sayımızda)
Firuz
Mustafa
Mərkəz.- 2011.- 15 aprel.- S.15.