«Maşallah, hamı rep deyir»

 

Azərbaycan gəncliyinin potensialı dünya gəncliyindən heç də geri qalmır. İlk dəfə “RAPressia Clan“-ın gənc ifaçısı Albay Əfəndi ilə tanış olanda düşünürdüm ki, bizim rep ifaçıları dünyadakılarla ayaqlaşmaqda çətinlik çəkir. Albay Əfəndinin düşüncə tərzi, maraqlı və fəlsəfi şeirləri, müasir rep ifaçılarından geri qalmayan ifası mənim fikrimi dəyişdi. Albay “RAPressia Clan”dan, bu rep ailəsindən tanıdığım ilk şəxs idi. Daha sonra digər “RAPressia” üzvləri ilə də tanışlığım oldu. Xüsusilə İslam Şirvaninin maraqlı bəstələri və musiqiləri ilə yaxından tanış oldum. Bu işıqlı, istedadlı və bacarıqlı gənclərlə söhbət eləmək, onların dünya görüşləri ilə tanış olmaq çox maraqlıdır.

“RAPressia Clan” Azərbaycan repində yaranmış olan «underground» (yeraltı) birlik olaraq ilk dəfə siyasi, dini mövzulara toxunaraq müəyyən kütlələrin diqqətini çəkməyi bacardı. Öz tərzlərində bu sektora yeni abu-hava gətirməklə yanaşı, universitetlərdə və gecə klublarında kiçik tipli konsertlərlə kütlə qarşısına çıxmağa başlayıblar. Daha sonra bir çox yaddaqalan konsertlərə, layihələrə imza atan “RAPressia Clan” hal-hazırda doğurdan da böyük və istedadlı, amma kasıb bir ailəni xatırladır. Özünəməxsus gözəl ideyalarla zəngin olan bu gənclərin böyük arenaya çıxmasına yalnız maliyyə çətinlikləri mane olur. Hər dəfə qrupun prodüsseri İslam Şirvani ilə görüşəndə ondan müsahibə almaq, bu ailəni qəzetimizin oxucularına da tanıtmaq arzusu yaranırdı məndə. Fikrimi bildirəndə etiraz etmədi. İçərişəhərdə görüşüb söhbətləşmək qərarına gəldik.

- Nə vaxtdan replə məşğulsunuz? Ümumiyyətlə, Azərbaycanda bu işlə məşğul olmaq sizə nə vəd edir?

- 2000-ci ildən replə məşğuluq. Azərbaycanda bu işlə məşğul olmaq bizə heç nə vəd etmir. Sadəcə, hərənin bir xəstəliyi var. Rep də bizim xəstəliyimizdir (gülür). Həm də biz əsl Amerika repi ifa edirik. Həm musiqilərimiz, həm də deyiliş tərzimiz fərqlidir.

- Qrupunuzun adı ilə bağlı danışardınız. Nə üçün «RAPressia Clan»? Nə vaxt yaratmısınız?

- Bizdə qrup deyil, klandır. Klan bildiyiniz kimi, ailə-birlik deməkdir. RAPressia isə rep-pressia sözünün qısa formasıdır. Yəni, mənası repə sürgün olunmuş, repin təsiri altına düşmüş tayfa deməkdir. 2000-ci ildə «BIG Mafia Alliance» (Biq Mafia Alyans) adı ilə Bakıda yaranıb. Sonra isə klanın qərarı ilə ad dəyişdirilib.

- Üzvlərlə bağlı danışardınız... Sizin kollektivdə müxtəlif sahənin insanları birləşib. Məsələn, Albay Əfəndi həm də şairdir. Siz bəstəkarsınız...

- Klanın hazırda 8 üzvü var. Albay Əfəndi, Emuş, Abulfaz, Sneyk rep icra edirlər. Asao və Vlada isə «R&B» ifaçılarıdır. "Live or Leave" qrupu isə rok qrupumuzdur. Mən İslam Şirvani (Dj easy) isə prodüser-bitmeykerəm. Düzdür, klanda hərə bir sahənin insanlarıdır. Albay Əfəndi həm də şairdir. Mən həm də bəstəkar-aranjemançıyam. Asao həm də dizaynerdir. Əslində klanda hər üzvün öz yeri var. Biri olmayanda RAPressia axsamağa başlayır. Əvvəllər RAPressia-da yalnız rep icra olunurdu. İndi isə «R&B» və rok da əlavə olunub. Soruşacaqsınız rokun hip-hopa nə dəxlisi var? Əslində dəxli yoxdur. İstədik RAPressia-nın əhatəsini bir az da genişləndirək. Bizim "Live or Leave" o biri rok qruplardan çox fərqlənir. Həm ifası, həm də tərzi ilə. İnşallah, onların da albomu yaxında işıq üzü görəcək. Sürətli iş gedir.

- Bizim üçün yad olan bir mədəniyyətin daşıyıcısı olmaq sizin üçün problemlər yaratmır ki?

- Problem yaratmır, amma çox çətindir. Xalq yad mədəniyyətləri qəbul edə bilmir. Ya gərək millilik qatasan, ya da nəsə dəyişiklik eliyəsən. Repə milli nəsə qatanda artıq janr dəyişir. Muğamla, xalq mahnılarıyla sintezlər olur. Amma gəlin, malı mala qatmayaq. Biz repi xalqa olduğu kimi çatdırmağa çalışırıq. Bizim də öz dinləyicilərimiz var. Ümid edirik ki, nə vaxtsa Azərbaycanda da əsl repin vaxtı gələcək.

- Reperləri toylara dəvət etmirlər, bizdə şou-biznes də yox səviyyəsindədir. Necə yaşayırsınız?

- Hazırda repdən pul qazanmaq çətindir. Əvvəllər 2004-2006-cı illərdə Rep Party-lər təşkil edirdik. Yaxşı gəlir olurdu. Şamaxıda, Göyçayda 2 gün, Bakının bir çox gecə klublarında, universitetlərdə konsertlər təşkil etmişdik. O vaxt günümüzü yalnız repə həsr eləyirdik. İndi isə iş-güc o qədərdir ki, vaxtımızın az hissəsini repə ayırırıq. Vaxt çox qiymətlidir.

- Konsert proqramları təşkil etməyi düşünürsünüzmü?

- Gələcəkdə ola bilər. Amma hələ ki, planda yoxdur. Özünüz yaxşı bilirsiniz ki, indi konsert təşkil etmək çox çətindir. Sponsorlar, təşkilat dəstəyi ən əsası da reklam lazımdır. Bunların olması üçün də çoxlu pul lazımdır. Bizdə konsert verməyə hələ imkan yoxdur. Gələcəkdə sponsor, maddi imkan olarsa, düşünmək olar.

- Yazda yeni disk hazırlamağı düşünürdünüz, ancaq deyəsən alınmadı...

- Yazda disk çıxarmağı fikirləşirdik, sonra da qərara gəldik ki, yayda olsa, yaxşıdır. İstədik albomu daha da sanballı, geniş hazırlayaq. Ona görə tələsmədən, aram-aram işləyirik. Həm də, ola bilsin, 1 albom yox, 2-3 albom birdən çıxdı. Yəni biri "RAPressia CLAN", o biri "RAPressia CLAN REP", digəri də "Live or Leave" solo. Hələ ki, işləyirik. Görək də.

- Gələcək planlarınızda bu sənətlə məşğul olmaq varmı?

- Gələcəyə hələ çox var. Yaşayarıq, görərik. Bilmək olmaz sabah başımıza nə iş gələcək. Bəlkə də birdəfəlik son qoyacağıq sənətə, bəlkə də yox. Hələ ki, məşğuluq.

- Dinləyicilərinizə, bizim oxucularımıza sözünüz varmı?

- Dinləyicilərimizə demək istərdim ki, inşallah, yayda gözlənilən albom maraqlı olacaq. Səbrli olsunlar, az qalıb. Klip çəkiləcək. Bundan əlavə, böyük proyektlər olmalıdı. Hələ açıqlamaq istəmirəm. İnşallah, yaşayarıq, görərik. Oxuculara isə, demək istərdim ki, repi düzgün qəbul eləsinlər. Çoxları repi qeyri-ciddi sənət növü kimi qəbul edir. Azərbaycanda replə məşğul olanların sayı çoxdur. Maşallah, hamı rep deyir. Amma repi ustalardan dinləsələr, bilərlər əsl rep necə olur.

 

 

Cəlil CAVANŞİR

 

Mərkəz.-2011.- 15 aprel.- S. 10.