«Söz
veriblər ki, yaxşı olacaq»
«Evlənmək
istəyirəm», «Kişi sözü», «Girişmə,
öldürərlər», «Vah!», «Hacı Qara», «Kərgədan
buynuzu», «Məhəbbətin hökmü», «Gənc
qadının kişisi»… Musiqili-komediya janrında ərsəyə
gələn bu filmlərin rejissorunun ismi nədənsə son
vaxtlar istehsal olunan ekran əsərlərinin titrlərində
görünmür. Rejissor hardadır, nə işlə məşğuldur,
son illər dövlət sifarişi ilə çəkilən
filmlərin siyahısında niyə onun adına rast gəlinmir?
Bütün bu sualların cavabını onun özündən
- əməkdar incəsənət xadimi, eyni zamanda, əməkdar
məşqçi Cahangir Mehdiyevdən eşidək…
-
Hardasınız, niyə kino aləmində
görünmürsünüz?
-
Azad yaradıcılıqla məşğulam, təklif olunan
ssenarilər üzərində çalışıram.
-
Fikir vermişəm, sizin
yaradıcılığınızın əsasında ovqat, əhval-ruhiyyə
filmləri dayanır. Bu nədən irəli gəlir?
-
Mən rejissura üzrə həm Moskvada, həm də
Bakıda təhsil almışam və özümü 2
böyük kino xadiminin tələbəsi sayıram. Bunlardan
biri Danila, digəri isə Mehdi Məmmədovdur.
Yaradıcılığımda da bu 2 sənətkarın dəst-xəttinin
sintezi hiss olunur. Əhval-ruhiyyə, ciddi yumor Daniladan, fəlsəfi
düşüncələr isə Mehdi Məmmədovdan gəlir.
-
Ciddi yumordan söz düşmüşkən, mən bilən
bu gün Azərbaycan kinosunda musiqili-komediya janrında silsilə
filmlər çəkən rejissor yalnız sizsiniz.
-
Bəli, bu janrda işləyən rejissorlardan mən sağ
qalmışam. Bu janrda çəkdiyim filmlərin uğurlu
alınması musiqi təhsilimin olması və bu sahədə
bilgilərimin genişliyi ilə bağlıdır. Ümumiyyətlə,
komediya ən çətin janrdır. Bu janra müraciət
etmək böyük məsuliyyətdir. 2 böyük məktəb
keçməyimə baxmayaraq, hələ tam əminliklə
deyə bilmərəm ki, bu sənətin incəliklərini
bilirəm. İndiyə qədər də öyrənirəm.
Predmet gərək özü maraqlı olsun, filmin əsasında
insan psixologiası, insan münasibətləri
dayanmalıdır. Bu gün isə gülüş predmeti
ucuzlaşıb, montaja, ritmə fikir verirlər, amma insan taleyi
yaddan çıxır.
-
Təbii ki, ssenaridən də çox şey
asılıdır. Fikir
vermişəm sizin əksər filmlərinizin əsasını
klassika təşkil edir. Əgər maraqlı komediya əsəri
tapılmırsa, klassikaya müraciət etmək olmazmı?
- Əlbəttə olar.
-
Ümumiyyətlə, komik janrda çəkilən müasir
kommersiya filmləri sizi qane edirmi?
- O filmləri heç görməmişəm.
Televiziyada nümayiş olunanları seyr etmək imkanım
olur. Həmin filmlərə baxanda da tədris proqramı kimi
baxıram. Digər filmlərə də bu aspektdən
baxıram. Müəllimimin gözəl bir sözü
vardı, o deyirdi ki, ən zəif əsərə də baxmaq
lazımdır. Tədris proqramı kimi, yəni necə edim
ki, belə zəif əsərə müraciət etməyim,
belə uğursuz film çəkməyim və s. İnsan
öz düşməninə baxıb, onu
tanımalıdır, sənət də belədir. Mənim
öz üslubum var və həmişə bu üslubu qoruyub
saxlamağa çalışıram.
-
Tədris proqramı gözüylə baxdığınız
belə zəif filmlər çoxdurmu? Mən dövlət
sifarişi ilə çəkilən filmləri nəzərdə
tuturam.
- Onların çoxuna baxmamışam,
amma bunu deyə bilərəm ki, həmin filmlər daha
yaxşı ola bilərdi. İlk növbədə, maraqlı
ssenari və rejissor mütləqdir. Bəzən
yaradıcılıqla texniki və maliyyə məsələlərini
qarışdırırlar. Əsas yaxşı əsər,
yaxşı rejissordur, sonradan texniki məsələlər gəlir.
Əvvəllər filmlər niyə yaxşıydı,
çünki yaxşı rejissorlar vardı, buna görə də
yüksək səviyyədə aktyor məktəbi
yetişmişdi.
-
«Kişi sözü», «Evlənmək istəyirəm» filmləri
ara-sıra da olsa, efirlərdə nümayiş olunur. Amma «Hacı
Qara»nı nədənsə görə bilmirik.
- Bu filmin yalnız bir nüsxəsi
var. O da Azərbaycan Televiziyasındadır.
Amma arada göstərirlər.
-
Bu filmin taleyi bir qədər keşməkeşli olmuşdu deyəsən.
Bildiyimə görə, həmin filmin çəkilişi 10
illik fasilədən sonra başa çatmışdı…
-
«Hacı Qara»nın taleyi elə əvvəldən gətirməyib,
bu əsəri bir neçə dəfə ekranlaşdırmaq
istəyiblər. Bir dəfə Abbas Mirzə Şərifzadə
ilə Cəfər Cabbarlı bu filmə müraciət ediblər.
Amma aralarında yaradıcılıq mübahisəsi
düşdüyündən fikir ayrılığı
yaranıb və filmin çəkilişi baş tutmayıb.
İkinci dəfə Lətif Səfərov bu filmi çəkməyə
səy göstərib, onda da Moskva razılıq verməyib.
İctimai-siyasi fikrə görə növbəti dəfə
də filmin çəkilişi alınmayıb. Mən də
1993-cü ildə bir sponsorun maliyyəsi ilə çəkilişə
başladım, amma sonradan yarımçıq qaldı.
Dövlət Kinematoqrafiya Komitəsi ilə
danışmışdıq. Tərslikdən həmin ərəfədə
komitə də bağlandı. 2001-ci ildə Mədəniyyət
Nazirliyinin köməkliyi ilə filmi başa
çatdırdıq. 2003-cü ildə ekranlara
çıxdı. Beləliklə, «Hacı Qara» ilə
bağlı tilsim qırıldı.
-
Dövlət sifarişi ilə ildə azı 6 film istehsal
olunur, niyə bu siyahıda rejissor kimi sizin isminizə rast gəlinmir?
-
«Anamın kitabı» adlı ssenarimi Mədəniyyət və
Turizm Nazirliyinə təqdim etmişəm. Söz veriblər
ki, yaxşı olacaq. Mən də buna inanıram.
-
Yəqin ki, artıq özünüz üçün aktyor
seçimi aparmısınız…
- Sözsüz, amma ad çəkmək
istəmirəm, çünki dedi-qoduya səbəb ola bilər.
Yetişdirdiyim aktyor məktəbinin gücündən
növbəti filmimdə də istifadə edəcəyəm.
-
Bu məktəbin yetirmələrindən hansı
aktyorların adını çəkərdiniz?
- Sənubər İsgəndərli, Əjdər
Həmidov kinoya ilk dəfə mənim filmimlə gəliblər.
-
Yeri gəlmişkən, vaxtilə özünüz də
aktyor kimi filmlərə çəkilmisiniz. Bu gün necə,
filmlərə dəvət alırsınızmı?
- Yaxşı əsər olsa, çəkilərəm.
O vaxt «Kişi sözü»nə də müəllimimin təkidiylə
çəkildim. Dedi ki, ağır atletika üzrə yeganə
məşqçisən. Həm də əməkdar incəsənət
xadimisən.
-
Bu gün də idmanla məşğulsunuz?
- Formamı saxlamaq üçün bəli.
İdman mənim həyat tərzimdir, kino isə əsas
işim.
Cəvahir
Səlimqızı
Mərkəz.- 2011.- 15 aprel.- S. 11.