Qloballaşma və mədəniyyət

 

(esse)

 

Əlbəttə, bütün cəmiyyətlərdə tərəqqi və inkişafın zərurət, dönməzlik olduğunu, habelə, qarşısıalınmaz, fasiləsiz, daim yüksələn bir prosesdə müxtəlif qatlı simmetriyaların təşəkkül tapdığını sübut etməyə ehtiyac yoxdur; bu, mübahisəsiz qəbul edilən bir aksiomdur. Lakin yetmiş ilin «bərqərar olmuş», «real sosializmindən» əl çəkib qəfildən «sosializmdən əvvəlki ictimai-siyasi formasiya» kimi xarakterizə olan bir cəmiyyətə, (marksist-leninçi məntiqlə) geriyə qayıtmaq, zaman axarının əksinə getmək - «kapitalizm» şəxsiyyəti, daha doğrusu, «sosialist kapitalizmi» adamı üçün gözlənilməz idi. Klassik anlamda desək, təbiətşünaslığa müncər olunan entropiya, bir fiziki hadisə kimi cəmiyyətə - sosial aləmə də tətbiq edilə bilər: enerjiyə qənaət, sanki artıq enerjinin itməsi ilə nəticələnməkdəydi. Daha dəqiqi, faydalı enerji (fəaliyyət) üçün yönəldilən enerjinin miqdarını azaltmaq, son nəticədə «faydalı enerjinin» özünün də yoxa çıxmasına səbəb olmaqdaydı. Amma görünür, F.Engelsin təbirincə deyilsə, «tələbat özünə orqan düzəldir». Məhz buna görə də «qəfildən» bir sistemdən digərinə «düşən» insan təzədən «geri» qayıtmalı oldu. Görünür, sistemlərin və rejimlərin ekstropolyasiyası insanlar üçün gözlənilməz olsa da, tarix üçün o qədər də heyrətamiz deyildir.

Müasir insan informasiyalar qovşağında yaşayır. Hətta obrazlı demiş olsaq, «informasiya yükü» altında inləyən insan ətrafında cərəyan edən hadisələrin obyektiv və düzgün qiymətləndirməsinə nail ola bilmir. Sosial-siyasi «Femida»nın tərəzisi həmin «informasiya yükünün» təsiri ilə tez-tez öz müvazinətini itirir - gah bu, gah da digər tərəfə meyillənir. Hər bir kəs, daha doğrusu, cəmiyyətin əksər üzvləri, öz yaşadığı ölkə və dünya, planet haqqında müfəssəl məlumatlar əldə etməyə çalışır. Lakin informasiya əldə etməyə göstərilən cəhd nə ilə nəticələnir? Bir tərəfdən daxil olan informasiyalar tendensial xarakter daşıyır, digər tərəfdənsə kütləvi informasiya vasitələri bir növ «kütləvi mədəniyyətin» tərkib hissəsi kimi çıxış edir: cəmiyyətin hər bir təbəqəsi özünə (öz səviyyəsinə) uyğun informasiyaları «istehlak» etməyə çalışır. İndiki halda nəinki ayrı-ayrı fərd və qrupların, hətta iri və xırda dövlətlərin özünəxas informasiya «istehsalı» və «istehlakı» vardır. Baş verən qlobal hadisələrin qloballaşma mərhələsində inteqrasiyası müxtəlif meyar və rakurslardan qiymətləndirilə bilər.

Əgər dünya bir tərəfdən bəzi dövlətlər tərəfindən «texnoloji aspektdə» fəth olunursa, diğər tərəfdən superdövlətlər tərəfindən fiziki cəhətdən «parçalanma» basqısına məruz qalmaqdadır: həmin superdövlətlərə əsasən, iki dövləti müncər etmək olar: Amerika Birləşmiş Ştatlarını və Rusiya Federasiyasını. Lakin həmin ölkələrin «parçalanmada» iştirakının miqyas, məqsəd və niyyəti müxtəlifdir. Əgər Rusiya əsasən, keçmiş SSRİ dövlətlərini yenə də təzyiq altında saxlamağa cəhd edirsə, ABŞ daha çox Şərq ölkələrini «cəzalandırmağa» üstünlük verir. Rusiya daha çox keçmiş sovet ölkələri ərazisində öz maraqlarının bərpasına çalışırsa, Amerika «demokratiyanın» bərqərar olması uğrunda canfəşanlıq edir. Amerika ikinci və üçüncü dünya ölkələrinin timsalında özünün «texnoloji partnyorlarını» - əslində isə «sənaye istehlakçılarını» görür; Rüsiya isə öz təsir dairəsində olan ölkələri öz xammal resuslarının istehlakına cəlb etməyə üstünlük verir. Amerika dağıntılara məruz qalan (eləcə də özünün viranəyə çevirdiyi) ölkələrin yenidən bərpasına diqqət yetirirsə, Rusiya dağıtdığı regionların yenidən ayaq üstə durmasına hər vəchlə mane olur. Amerika dünyanın böyük hissəsini NATO təzyiqi altında saxlamağa çalışırsa, Rusiya keçmiş «müttəfiqlərini» özünün sovetdənqalma texnikası vasitəsi ilə hədələyir. Birinci irəliləyir, ikinci geriləyir. Birinci niyyətini gizlətmir, ikinci daha çox gizli, məkirli oyunlara meyillidir.

Deyilənlərə isnad edərək söyləyə bilirik ki, dünyanın Amerkansayağı və Rusiyasayağı «bölüşdürülməsi» kimi amerikansayağı və russayağı «qloballaşdırılması» xətləri də mövcuddur. Birinci rənglərin qarışığına, polifonikliyə (yenə Amerkansayağı!) üstünlük verirsə, ikinci eynirəngliliyə, monofonikliyə can atır. Birinci halda nisbi proqress, ikincidə aşkar reqress qabarıq hiss olunur.Əgər belə demək caizsə, informasiyaların ötürülməsi və qəbulu (istehsalı və istehlakı) nöqteyi-nəzərindən də iki superdövlətin- Amerika və Rusiyanın oxşar və fərqli cəhətləri vardır. Fərqli cəhət- həm «birinci», həm də «ikinci» dövlətin beynəlxalq aləmdə baş verən proseslərə spesifik yanaşma tərzidir. Əgər Amerika dövləti, «amerinka(n)sayağı» sərtliklə proseslərin real və realist şəkildə qiymətləndirilməsinə cəhd edirsə, Rusiya daha çox özünəxas və özünəsərf qaydasında -rus(iya)sayağı “həllinə”- məlumatların təhrif olunmuş şəkildə ötürülməsinə çalışır. Oxşar cəhət isə, əsasən, hər iki dövlətə şamil oluna biləcək bir məsələdir; belə ki, həm Amerika, həm də Rusiya xristianlıq, İslam, buddizm kimi sivilizasiyalar, həmçinin, geniş mənada Qərb və Şərq mədəniyyətləri arasında ayrı-seçkilik toxumları səpib göyərtməyə meyillidir. Bizə elə gəlir ki, 1999-cu ilin sentyabr ayında Moskvada, 2001-ci ilin (11) sentyabrında Nyu-Yorkda baş verən terror hadisələri sivilizasiyaların və mədəniyyətlərin deyil, daha çox informasiyaların toqquşmasının sonluğu kimi dəyərləndirilə bilər. İnformasiyanın arxasında isə adətən konkret maraqlar dayanır. Söz yox ki, biz burada, əgər belə demək caizsə, fərdi planda sosial zamanların toqquşmasını da istisna etmirik.

 

 

Firuz Mustafa

 

Mərkəz.- 2011.- 6 aprel.- S.15.