«Mən bu davanın adamıyam»
Salim Yumak: «Atamın getdiyi yolla getməyə,
erməni faşistləri ilə sona qədər mücadilə
aparmağa hazıram»
Salim
Yumak - bu vətənpərvər türk övladı
haqqında danışmazdan əvvəl istərdim ki,
oxucularımıza onun atası, Qarabağ qazisi, 2 il 40 gün
erməni əsirliyində qalmış Atilla Yumakdan
danışım.
Qarabağ
savaşının qızğın vaxtlarında, Xocalı
soyqırımından dərhal sonra Azərbaycana gəlib Azərbaycan
vətəndaşlığını qəbul edən Atilla
Yumak 1959-cu ildə Türkiyənin Kayseri şəhərinin,
Böyük Bürüngüz kəndində anadan olub.
Xırda
ticarətlə məşğul olan Atilla Yumak 26
yaşında ailə qurub, Xocalı soyqırımından
sonra dərhal Azərbaycana gəlib və Qubadlıda
döyüşlərə atılıb. Azərbaycanı
canından əziz bilən A. Yumaq Azərbaycan vətəndaşı
kimi ordumuzun yeni qurulduğu illərdə canla-başla və
sevgiylə bu torpaqlar uğrunda savaşıb. Bütün
gücü ilə bu torpağa xidmət etməyə
çalışıb.
Döyüşlərin
birində erməni daşnaklarına əsir düşən
Atilla Yumak məşəqqətli bir əsirlik taleyi
yaşayıb. Əsirliyinin 6 ayını işgəncələr
altında Şuşa həbsxanasında keçirib. Daha sonra
onu Xankəndində, Uşaq Xəstəxanasında daha
amansız işgəncələrə məruz qoyublar. Hərbi
sirri satmadan bütün işgəncələrə sinə gərən
Atilla Yumak haqqında Ermənistan Hərbi Tribunası
ölüm hökmü çıxarıb. Güclü iradəsi
hesabına bütün işgəncələrə sinə gərən
bu cəsur döyüşçünü daha sonra Andronikin qəbri
üstündə qurban kəsmək istəyiblər.
1995-ci
ilin oktyabr ayında Qızıl Xaç Cəmiyyətinin
köməkliyi ilə Azərbaycana təhvil verilən Atilla bəyin
sonrakı həyatı da çətinliklərlə dolu olub.
Kiçik ticarətlə məşğul olub, qəzetlərdə
çalışmaqla Azərbaycanda yenidən ailə həyatı
qurub. Hal-hazırda gözlərinin zəifliyindən şikayətlənən
bu cəsur döyüşçünün vəziyyəti o
qədər də yaxşı deyil. İndi onun müalicə
olunmağa çox ciddi ehtiyacı var.
Atilla
Yumakın həyat yolundan daha geniş bir yazı yazmaq niyyətində
olduğumdan, hələlik sizə Qarabağ qazisinin oğlu,
Azərbaycan əsgəri Salim Yumakdan danışmaq istəyirəm.
Salim atasının uğrunda savaşdığı türk
elinə - Azərbaycana 7 il öncə təhsil almaq
üçün gəlib. Azərbaycan Dillər Universitetini
bitirdikdən sonra Azərbaycan vətəndaşlığını
qəbul edərək Azərbaycan ordusu sıralarında hərbi
xidmətə başlayıb. Araşdırmalardan belə məlum
olur ki, Azərbaycanın müstəqillik tarixində bu ilk
hadisədir ki, Türkiyə Cümhuriyyətinin vətəndaşı
Azərbaycan vətəndaşlığını qəbul
edib və Azərbaycan ordusunda xidmətə başlayıb.
Salim hal-hazırda Gəncə şəhərində
“N” saylı hərbi hissədə xidmət edir. Səhhətindəki
problemləri aradan qaldırmaq üçün hazırda
hospitalda əməliyyatdan sonra müalicə olunur. Başda
Nigar Almanqızı olmaqla, “Mərkəz” qəzetinin bir qrup əməkdaşı
hospitalda Salimi ziyarət edib onun səhhətiylə
maraqlanıb. Bu görüş zamanı da hiss etdik ki, Salim
kimi cəsur türk övladları hər zaman Azərbaycan
üçün xidmət etməyə və döyüşməyə
hazırdır. Nədənsə bütün görüş
boyu mən Osmanlı generalı Nuru Paşanı və onun
başçılığı ilə Azərbaycana gəlmiş
Osmanlı ordusunda xidmət edən “mehmetcikləri”
xatırladım. Türk tarixinin şanlı səhifələrini
yazılmaqda davam edir.
Beləliklə, Salim Yamukla söhbətimizi
sizlərə təqdim edirəm.
-
Salim, nə üçün Azərbaycanda əsgəri xidmətdə
olmağı seçdin. Biz bilirik ki, sən Türkiyədə
cəmi 6 ay hərbi xidmət keçə bilərdin, amma Azərbaycandakı
1 illik hərbi xidməti seçdin?
- Məndən bunu tez-tez soruşurlar.
Mənim ulu babalarım da Qafqazlardan Türkiyəyə
köç edib. Sözün əsl mənasında, buralar mənim
öz torpaqlarım sayılır. Ən əsası isə mən
qarşıma məqsəd qoydum ki, atamın Azərbaycan
üçün etdiyi fədakarlığı, qəhrəmanlığı
və xidməti davam etdirim. Buna həm də atamın yolunun
davamı demək olar. Atama dedim ki, məni Azərbaycan
torpağı yetişdirdi, oxutdu. Buralar mənim öz vətənimdir
və xidmətimi burada etmək istəyirəm. Mənim
üçün Türkiyə və Azərbaycanın fərqi
yoxdur. Atam da sağ olsun, arzumu dəstəklədi və ərizə
yazdım orduya getmək üçün. Bu gün Azərbaycan
ordusu inkişaf edir və çiçəklənir. Mən
bu inkişafı şəxsən öz gözlərimlə
görürəm. İnşallah, Azərbaycan ordusunun
gücü hesabına torpaqlarımızı da azad edəcəyimiz
gün yaxındadır.
-
Hərbi xidmətdən sonra Azərbaycanda qalıb işləməyi
düşünürsənmi?
- Mən hörmətli böyüklərimizin
sayəsində oxudum. Yetişməyim üçün
atamın dostları, dövlətimiz çox əziyyət
çəkib. Xüsusilə Osman Gezəkərin xidmətlərini
qeyd etmək istəyirəm. Dövlət yetişdirdiyinin bəhrəsini
görmək istəyər yəqin. Əgər etimad göstərsələr,
əlbəttə, qalıb xidmət göstərərəm.
Oxuduğum sahə diplomatiya olduğu üçün hər
zaman arzulamışam ki, sülh şəraitində
torpaqlarımızın geri qaytarılması işinə
töhfə verim. Mən ümidvaram ki, qan tökülmədən
torpaqlarımız azad olunacaq. Ancaq bu cəhdlər
alınmasa, torpaqlarımızı döyüşərək
geri almağa da hazırıq. Bilirəm ki, Ali Baş
Komandanımızın əmri ilə bütün Azərbaycan
gəncliyi torpaqlarımızı azad etməyə
hazırdır.
-
Hərbi xidmət boyunca hansı münasibətlə
rastlaşdın? Orduda özünü yad kimi hiss eləmirsən
ki?
-
İlk günlər məni bir az maraqla qarşıladılar.
Bütün heyət mənimlə maraqlanır, nə
üçün burada xidmət etməyimi soruşurdular.
İkili vətəndaşlığım olduğunu bilən
hər kəs, hərbi xidmət üçün niyə məhz
buranı seçməyimlə maraqlanırdı. Mən də
izah etməyə çalışırdım ki, vətən
mənim şərəfim və namusumdur. Şərəfin və
namusun niyəsi olmaz. Komandirlərim, əsgər
yoldaşlarım atamın keçdiyi yolu öyrəndikcə
başa düşdülər ki, mən bu davanın
adamıyam. Mən atamın getdiyi yolla getməyə, erməni
faşistləri ilə sona qədər mücadilə
aparmağa hazıram.
-
Hospitalda sənə göstərilən qayğıdan
razısanmı? Həkimlərin qulluğu,
qayğıkeşliyi səni qane edirmi?
-
Həkimlərdən, ümumiyyətlə hospitaldakı
münasibətdən çox razıyam. Burada hər şey
yüksək səviyyədədir. Burada da ilk vaxtlar məni maraqla
qarşılayırdılar. Sonradan hər kəsə
qarşı göstərilən qayğını mənə
də göstərdilər. Hər şeydən, hospitalın
bütün şəxsi heyətindən çox razıyam.
-
Burada dostların çoxdurmu?
-
Əlbəttə. Həm mülki həyatda, həm də hərbi
hissədə çoxlu dostlarım var. Azərbaycanın bir
çox bölgələrini gəzmişəm və bu yerləri,
vətənimin insanlarını çox sevirəm. Mən zatən
özümü burada xarici kimi hiss etmirəm. İnsanlardan hər
zaman məhəbbət görürəm. Artıq 7 ildir ki, Azərbaycandayam.
Türkiyəyə hər dəfə getdiyim zaman buralar
üçün darıxıram.
-
Ümid edirik ki, Azərbaycanda heç vaxt özünü
narahat hiss etməyəcəksən və buraları
bütün türklərin vətəni kimi görəcəksən.
Bizim də içimizdəki vətən sevgisi bütün
Türk dünyasını əhatə edir.
-
Mən hər gün dostlarımla söhbət edəndə,
sıraya duranda, təlimə gedəndə, bir daşı bir
daşın üstünə qoyanda hiss edirəm və ətrafımdakılara
da bildirirəm ki, bu torpaqlar üçün bizim
babalarımız şəhid olub, bu torpağa dəyər
qazandırıblar. “İstiqlal marşı”nın sözlərindən
çox məhşur bir misra var ki, atam da bu misranı
çox sevir. İstəyirəm o misranı sizinlə
bölüşüm:
Bastığın
yerleri «toprak» diyerek geçme, tanı!
Düşün
altındaki binlerce kefensiz yatanı,
Sen
şehid oğlusun, incitme, yazıktır atanı,
Verme,
dünyaları alsan da, bu cennet Vatanı!
Bir daha sizə təşəkkür
edirəm ki, gəldiniz və məni xoşbəxt etdiniz.
Cəlil
CAVANŞİR
Mərkəz.- 2011.- 16 aprel.- S.10.