Əlibaba
Məmmədovdan sərt xəbərdarlıq…
İki aydır start götürən
Muğam Televiziya müsabiqəsi gərgin mübarizə
şəraitində davam edir. Beynəlxalq Muğam Mərkəzində
baş tutan müsabiqə hər həftə ustad sənətkarlardan
birinin xatirəsinə ithaf olunur. Növbəti həftə görkəmli
tarzən Bəhram Mənsurovun xatirəsinə həsr olunan
yarışmada iştirakçılar Seyid Əbdülqasim Nəbati
yaradıcılığına müraciət etdilər.
Müsabiqənin gedişatı ilə
bağlı daha ətraflı münsiflər heyətinin
üzvü, xalq artisti xanəndə Əlibaba Məmmədovdan
məlumat almışıq.
Ustad sənətkar
yarışmanın obyektiv şəraitdə davam etdiyini
söylədi. Dediyinə görə, hər bir
iştirakçı münsiflər heyəti tərəfindən
layiqli və obyektiv qiymətini alır. Və bu qiymətin nəticəsi
olaraq da hər dəfə bir iştirakçı
yarışmanı tərk edir. Münsif üzvu
yarışmanın hər həftəsinin bir sənətkara
həsr olunmasının da böyük əhəmiyyət
daşıdığını dilə gətirdi. Onun sözlərinə
görə, həm sənətkarlar yad olunur, həm də
iştirakçılar mükəmməl repertuara müraciət
edirlər.
Münsif üzvü
iştirakçılara tənqidi yanaşmanın da səbəblərini
izah etdi: «Biz əgər bu gün iştirakçıların
səhvini üzlərinə deməsək, sabah onlar yenidən
eyni səhvi təkrarlayacaqlar. Buna görə də biz
onların qüsurunu, nöqsanlarını üzlərinə
deməliyik. Elə iştirakçılar var ki,
tamaşaçı alqışından, təriflərdən
başı gicəllənir, bu da ifalara öz təsirini
göstərir. Məsələn, Kamilə çox
istedadlı qızdır, amma son bir neçə
çıxışı məni qane etmir. Düzdür, səsini,
səhnə mədəniyyətini, potensialını və
istedadını nəzərə alıb ona yüksək bal
verdim. Amma özünə xəbərdarlıq etdim ki, əgər
növbəti dəfə də belə zəif ifa
nümayiş etdirsən, aşağı bal yazacağam».
Xalq artisti favoritinin kim olduğunu
söyləmədi və bunu iştirakçılar
arasında fərq qoymaması ilə izah etdi. Amma bununla belə,
yarışmada çox istedadlı və layiqli ifaçıların
olduğunu gizlətmədi.
Xanəndə müsabiqənin SMS-lə
deyil, münsiflər heyətinin seçimi ilə müəyyənləşməsini
də yüksək qiymətləndirdi. Belə olan halda,
seçimin obyektiv şəraitdə keçəcəyini
vurğuladı: «İştirakçılar arasında gözəl
səs və fərqli ifa tərzinə malik, qəzəliyyatı
mükəmməl bilən, musiqi duyumu yüksək olan
uşaqlar çoxdur. Xalq da bunun şahidi olacaq. Ən layiqli
iştirakçı qalib adını qazanacaq».
Ustad sənətkar, xalq artisti Əlibaba
Məmmədov söhbətin sonunda qəzetimiz vasitəsilə
belə bir möhtəşəm layihəni təşkil
etdiyinə görə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını
bildirdi: «Azərbaycanda muğam sənətinin YUNESKO səviyyəsində
tanınması birbaşa Heydər Əliyev Fondunun prezidenti,
birinci xanım Mehriban Əliyevanın xidmətidir. Onun sayəsində
bu gün muğamımızın səsi Avropanın ali
konsert salonlarından gəlir.
Azərbaycanda üçüncü dəfədir
ki, belə bir müsabiqənin keçirilməsi layihəsi
muğamın inkişafına xidmət edir. Biz istər
bölgə, istərsə də paytaxtda «papaq altda» yatan
istedadlı gənclərimizi üzə
çıxarırırq. Məqsəd birdir, layiqliləri
üzə çıxaraq ki, onlar da gələcəkdə Azərbayca
muğam sənətini beynəlxalq miqyasda təmsil və təbliğ
etsinlər».
Cəvahir
SƏLİMQIZI
Mərkəz.-2011.- 16 aprel.- S.11.