ATƏT-in
Azərbaycanda
ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edilməsi
ilə bağlı məsələ yenidən gündəmə
gəlib. Bu dəfə Yeni Azərbaycan Partiyası icra
katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu fikri
səsləndirib. Millət vəkili deyib ki, istər ATƏT,
istərsə onun Bakı ofisi öz funksiyalarını yerinə
yetirməlidir: «Bu qurumun əsas vəzifələrindən
biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli ilə məşğul olmaqdır. Amma bu vəzifə
yerinə yetirilmir. ATƏT dövlətlərə münasibətdə
ikili standartları davam etdirir. Bu hal isə onun nüfuzuna ciddi
zərbə vurur. Bir dövlətdəki problemlərə
göz yumub, başqa ölkədəki məsələləri
şişirdərək qərəzli mövqe bildirmək ATƏT-in
artıq ciddi təşkilat olmadığını göstərir.
ATƏT adi qeyri-hökumət təşkilatına çevrilməkdədir.
Mənə elə gəlir ki, artıq ATƏT-in Minsk Qrupunun
vasitəçiliyindən imtina edilməlidir. Çünki
Minsk Qrupunun həmsədrləri hələ də təcavüzkarı
öz adı ilə çağırmır. Həmsədrlər
qətiyyət göstərmədiyindən münaqişənin
həlli ilə bağlı heç bir nəticə də
yoxdur. ATƏT nümayəndələri cəbhə xəttində
müşahidələr aparmalı və bu fakta obyektiv
münasibət bildirməlidir. Təəssüf ki, biz
bütün bunların əksini görürük».
Qeyd
edək ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən
imtina edilməsi barədə fikirlər qurumun ötən ilin
dekabrın 1-2-də Astanada keçirilmiş sammitinin
uğursuz başa çatmasından sonra daha intensiv şəkildə
səslənməyə başlayıb. Bəs, ekspertlər nə
düşünür? ATƏT-in Minsk Qrupunun fəaliyyətini
davam etdirməsinə ehtiyac varmı? Yaxud Azərbaycan bu vasitəçilik
missiyasından imtina etməlidirmi?
«Atlas»
Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan iqtidarı və
ictimaiyyəti, əslində, ATƏT-dən bundan artıq nəsə
gözləməməlidir. Onun sözlərinə görə,
bu nə Azərbaycandan, nə də ATƏT-dən
asılıdır: «Böyük dövlətlər, o cümlədən
də ATƏT bu problemin həllində aciz qalıb.
Çünki dondurulmuş münaqişələrin həlli
çətinlik yaradır. Xatırlayırsınızsa, ATƏT-in
Astana sammitinin sonuncu günü yekun bəyanatın qəbul
edilməsi hansı çətinliklərlə müşaiyət
olundu. Konkretlik, əsası olmayan ortaq bir bəyanat qəbul
olundu ki, orada da Dağlıq Qarabağ probeminin həllindən
heç bir söz açılmırdı. Çünki bəyanatda
sitat gətirilən beynəlxalq aktlarda xalqların öz
müqəddəratını təyinetmə hüququ və ərazi
bütövlüyü prinsipləri var. Dağlıq
Qarabağ problemini də bu prinsiplərin ikisi birdən ödəmir.
Bir sözlə, danışıqlar dalana dirənib. Məncə,
daha ATƏT-dən heç nə gözləməyə dəyməz.
Hər hansı fövqəladə hadisə baş verməlidir
ki, Qarabağ məsələsinin həllində irəliləyiş
olsun». Bununla belə, E. Şahinoğlunun fikrincə, Minsk
Qrupunun vasitəçiliyindən imtina etmək düzgün
siyasət deyil: «O zaman belə çıxacaq ki, Azərbaycan
kimdənsə qorxur, çəkinir və ya müharibə qərarı
verib. Bütün istiqamətlərdə işləmək
lazımdır. Sadəcə, böyük gözləntilərimiz
də olmamalıdır. Həmsədrlər gəlməlidirlər,
danışmalıyıq, öz prinsiplərimizi deməliyik.
Amma bilməliyik ki, həmsədrlər bu prosesi sürətləndirə
bilmirlər. Prosesin sürətlənməsi üçün
isə Ermənistana təzyiq edilməlidir. Heç kim də
Ermənistana təsir barədə düşünmür».
Politoloq
Rasim Ağayev isə bildirdi ki, Dağlıq Qarabağ
münaqişəsinin həllinin formulunun heç kimdə
olmadığını birdəfəlik qəbul etmək
lazımdır. Müsahibimiz qeyd etdi ki, bununla belə, son 2 ildə
Azərbaycanın mövqelərdə üstünlük əldə
etdiyi görünür: «Eyni zamanda, Ermənistanın
mövqeyi zəifləməkdədir. Unutmamalıyıq ki,
münaqişənin həlli Vaşinqtonda, Brusseldə və
Moskvadadır. Bunların üçünün də
simpatiyası Ermənistanadır. Hazırda onların
üçü də problem yaşayırlar. Bu problemin
qarşısını alan isə enerji ehtiyatlarıdır.
Ona görə də son illərdə Azərbaycanın önəmi
artıb. Çünki həm karbohidrogen ehtiyatımız dar,
həm də tranzit ölkəsiyik. Ona görə də Azərbaycana
ehtiyatlı yanaşırlar».
R.
Ağayev bildirdi ki, digər tərəfdən Minsk Qrupunun
vasitəçiliyindən imtina yox, ya tərkibin dəyişdirilməsi,
ya da ora yeni üzvlərin cəlb edilməsi məsələsi
müzakirəyə çıxarıla bilər:
«Çünki vasitəçilik edən ATƏT-in Minsk
Qrupunun tərkibi əvvəlki kimi qaldığına görə
danışıqlardan heç nə gözləmək də
olmaz. Belə ki, təmsilçilər Ermənistanla əlaqəlidirlər.
Rusiyanın Ermənistanla strateji müttəfiqlik müqaviləsi
var. Fransa Ermənistanı daimi müdafiə edən bir
dövlətdir. ABŞ isə tez-tez mövqeyini dəyişir.
Bu tərkiblə görünür ki, Minsk Qrupunun danışıqları
heç bir müsbət nəticə verməyəcək».
Politoloq
Qabil Hüseynli isə bildirdi ki, Minsk Qrupu ləğv olunsa,
onun alternativi göstərilməlidir: «Bunun da alternativi BMT-dir.
Digər tərəfdən nəzərə almalıyıq
ki, Minsk Qrupunu da BMT yaradıb. Bu nöqteyi-nəzərdən
beynəlxalq qurumlar bir-biri ilə sıx əlaqədə
olduğundan, Minsk Qrupunu ləğv etmək o qədər də
asan məsələ deyil. Amma danışıqlar prosesi dalana
dirənib və dalandan çıxmanın yolları
aranmalıdır. Sadəcə, Azərbaycan məsələnin
BMT müstəvisinə keçirilməsini təkid etməlidir.
Yəni Minsk Qrupunu ləğv etmək yox, problemin
danışıqlar yolu ilə həllinin BMT müstəvisinə
keçirilməsinə nail olunmalıdır».
Səxavət HƏMİD
Mərkəz.- 2011.- 16 aprel.- S. 8.