Qloballaşma və mədəniyyət
(esse)
Qloballaşma təkcə zahiri keyfiyyətlərə
malik olmur. O, insan zəkasına, psixikasına,
dünyagörüşünə, əxlaqına təsir
göstərir. Bu yerdə istər-istəməz
F.Bekonun məşhur bir fikrini xatırlamalı
oluruq: «…biz öz biliyimizdən elə
istifadə etməliyik ki, o,
narahatlıq yox, qəlb
rahatlığı yaratsın». İngilis yazıçısı
xanım Meri Şellinin «Frankenşteyn
və yaxud Müasir Prometey» (1818) romanında, hələ az qala 2 əsr əvvəl,
insanın öz əməlinin nəticəsini
qabaqcadan görməməsi
nəticəsində hansı fəlakətlərə
düçar ola biləcəyini göstərməyə
çalışır. Əsərin qısa süjeti
belədir ki, gənc alimin süni yolla kəşf etdiyi əcaib varlıq
insanlığa, o cümlədən
onun özünə qənim kəsilir.
Bəşəriyyət xaos içində vurnuxur. Planetin, daha doğrusu, «Yer üzünün» sonuncu
adamı, yəni baş vermiş
«qorxulu» hadisəni danışan şəxs
öz itinin
iştirakı, şahidliyi şəraitində yeni ili - 2100-cü ili qorxu içində
qarşılayır.
Bu pessimist roman
200 il əvvəl qələmə alınsa da,
bu gün bəşər
övladına bir xəbərdarlıq
və həyəcan siqnalıdır.
Yazıçı sanki gələcək
qloballaşmanın, insan fəaliyyəti
nəticəsində meydana
gələn ziddiyyətli
proseslərin istiqamətinin haraya yönəldilməsinin həlledici
rol oynadığını
əvvəlcədən görür.
Lakin bu «fəaliyyət»
heç də bütün zamanlarda eyni səviyyə, istiqamət və ladda «köklənməmişdir». Ehtimal və faktlara söykənərək söyləmək
olar ki, tarixən insan cəmiyyətləri
özünütəşkil və universallaşma prosesini müxtəlif səviyyə və
«ölçüdə» qəbul etmişlər. R.Aron görünür elə buna görə
yazırdı ki, «insanlıq tarixini anlamaq üçün» çoxlu imperiyalardan, sivilizasiyalardan, epoxalardan
çıxış etmək lazımdır.
Cəmiyyətlərin
tarixə məlum olan cəhətlərinə
toxunan əksər filosof
və sosioloqlar qeyd edir ki,
hər bir cəmiyyətin
təkcə onun özünə xas keyfiyyətləri
birləşdirən tipləri mövcuddur.
Cəmiyyətin həmin
tipləri obyektiv amillərlə
bağlı olaraq dəyişikliyə məruz
qala bilər. Beləliklə,
3 cür cəmiyyət
tipi - ənənəvi cəmiyyət,
unifikasiyalanmış cəmiyyət, konqlomerativ
cəmiyyət tipləri
vardır ki, onların
da hər biri hakimiyyət modelinə uyğun şəkildə
formalaşır (yeri
gəlmişkən, 1-ci tipə adətən hərbi təsir
dairəsinə məxsus olan nəhəng dövlətlər,
2-ci tipə etnik respublikalar,
3-cü tipə isə özündə müxtəlif sistemlərin
əlamət və elementlərini ehtiva edən cəmiyyətlər
daxil edilir).
Hər bir cəmiyyət
tipinin özünəməxsus spesifik cəhətləri
olsa da, onlardan hər biri digərinə xas keyfiyyətləri daşımağa məhkumdur.
Çünki sözün
həqiqi mənasında, mütləq izolyasiyada yaşayan cəmiyyət və ya dövlət heç vaxt olmamışdır və
bu gün də yoxdur. Cəmiyyətləri bütün
hallarda qlobal əlaqələr birləşdirmişdi. Bu, min illər
əvvəl də belə olmuşdu, indiki halda da
belədir. Lakin bir tipdən başqa tipə
keçmək heç bir
zaman mexaniki səciyyə daşımayıb. Bu, tədrici bir proses olmuşdu.
Dennis Medauz (Roma klubunun üzvü)
1972-ci ildə Nyu-Yorkda
«İnkişafın hüdudları»
mövzusunda məruzə
ilə çıxış etmişdir. Hələ o zaman alim
qarşıdakı 70 il
ərzində baş
verə biləcək «böyük qəzalar» barədə proqnozlar vermişdi. O,
göstərmişdi ki, çox
yaxın gələcəkdə təbii sərvətlərin
ehtiyatı tükənəcək, ərzaq və suyun qlobal çatışmazlığı
yaranacaq, bəşəriyyəti
böyük bəlalar hədələyəcək.
O vaxtlar D.Medauzun
«İnkişafın hüdudları»
əsəri tez bir zamanda 30-dan çox dilə tərcümə olundu, 4 milyondan çox tirajla çap olunub
yayıldı. Keçmiş SSRİ məkanında
əsərləri «burjua aliminin
sayıqlamaları» hesab
edilən tədqiqatçı
sonralar (2004-cü ildə)
Rusiyaya dəvət olunmuşdu. MDU-nun tələbə-müəllim heyəti
qarşısında çıxış edən D.Medauz bir daha
vurğulamışdı ki, bəşəriyyət «qlobal
qəza»ya doğru hərəkət
etməkdədir. O, dünya elitasını gəmi
radarının operatoru ilə
müqayisə edərək demişdi ki, gəmini
qarşıda böyük, təhlükəli aysberq
gözləyir, amma onun
(gəminin) istiqamətini dəyişdirən
yoxdur.
Müasir dünyanın inkişaf tendensiyası bir çox etnos və xalqların
özünəməxsusluğunu arxa plana keçirir, sanki tərəqqidə mövcud olan ziqzaqların (dolambacların)
üstündən «ütü» çəkir.
Artıq adını çəkdiyimiz yapon
əsilli amerikan sosioloqu Frensis Fukuyama dünya tarixini bu cür
dövriləşdirir: «tarix», «tarixin sonu», «postarix». Şühəsiz
ki, bu cür
bölgü tamamilə
şərtidir. Bizə elə gəlir ki,
dünya tarixi sivilizasiyalar tarixidir.
Dünyanın, daha doğrusu,
tarixin inkişafını şərtləndirən
amillər hədsiz dərəcədə çoxdur.
Bunların əksəriyyəti
elmin, texnikanın inkişafı ilə səciyyələnir. Biz artıq sənaye, siyasi və s. inqilablar
üzərində geniş
şəkildə dayanmadan, bir faktı nəzərə
çarpdırmaq istəyirik ki, ən böyük inqilab həm də informasiya ilə bağlıdır; həmin «informasiya inqilabları» adətən aşağıdakı mərhələlər
üzrə qruplaşdırılır:
1)
nitqin yaranması;
2)
yazının meydana gəlməsi;
3)
kitab nəşrinin ərsəyə gəlməsi;
4)
radio və televiziyanın təşəkkül
tapması;
5) kompyuterin,
internetin həyata vəsiqə alması.
Heç şübhəsiz ki, hazırki mərhələdə yaşadığımız
cəmiyyəti həm
də «informasiya cəmiyyəti» adlandırmaq
olar.
Firuz Mustafa
Mərkəz.- 2011.- 19 aprel.- S. 15.