Erkən nikaha daxil olan
qadınların sayı artır
Qızların 37%-i
18 yaşına çatmamış ailə qurur
Azərbaycanda qadınların
37%-i 18 yaşa çatmamış, 29%-i
18-19 yaşlarında, 25%-i 20-24 yaşlarında, 6%-i 25-29
yaşlarında, 3%-i isə 30 yaşdan yuxarı nikaha daxil olurlar. Erkən yaşda ərə gedən qadınların təxminən
üçdə biri 2009-cu ildə,
qalanları isə əvvəlki illərdə nikaha
daxil olublar. Dövlət
Statistika Komitəsinin
2010-cu ilin oktyabr ayında ölkə ərazisində
“Qızların erkən nikaha daxil olması və rəsmi
nikahdan kənar doğum hallarının öyrənilməsinə
dair” statistik müayinəsi zamanı bu
rəqəmlər ortaya
çıxıb.
Komitənin
məlumatına görə, 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən
nikaha daxilolma və rəsmi nikahdan kənar doğum
halları qeyd olunan ev təsərrüfatlarında sorğu aparılıb. Sorğuya
50 yaşadək 19711 qadın cəlb olunub.
Erkən yaşda ailə qurmuş qadınların 39%-nin şəhər, 61%-nin
kənd sakinləri olduğu üzə çıxıb. 18 yaşınadək
ərə gedən qadınların 37%-i öz
istəyi ilə, 26%-i valideynlərinin təzyiqi
altında, 11%-i ailənin maddi vəziyyəti çətin
olduğundan, 8%-i ərinin
maddi cəhətdən
imkanlı olmasına, 6%-i
qaçırıldığına, 2%-i hamilə olduğuna görə, qalan
10%-i isə digər səbəblərdən erkən nikaha daxil olduqlarını
söyləyiblər. Səbəblər üzrə erkən nikaha daxilolma halları şəhər yerlərində ərinin
maddi cəhətdən
imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən
isə kənd yerlərində üstünlük
təşkil edib. Müayinə zamanı qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq
müəyyən olunub ki,
41%-nin müvafiq sənədləri
qaydasında olmadığından,
üçdə birinin vaxtı
ilə yaşı nikah
yaşına çatmadığından,
26%-nin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar. Kənd yerlərində
yaşı nikah yaşına
çatmayanların sayı daha çox olub. Göründüyü
kimi, gəlinciklə oynayan
12-13 yaşlı qızların ərə
verildiyi vaxtdan az qala bir
əsr keçməsinə baxmayaraq, bu xoşagəlməz ənənə bu gün də
davam etdirilir. Azərbaycanda
erkən nikah probleminin
miqyasını müəyyən etmək
çox çətin
olsa da, Lənkəran,
Astara, Balakən, Samux,
Masallı, Cəlilabad, Goranboy, İmişli qızların
ən tez ərə verildiyi rayonlar hesab edilir.
Erkən nikah halları artır
Bu məsələ dəfələrlə ictimai
müzakirə mövzusuna
çevrilsə də, erkən nikaha daxilolmaların sayı azalmaq bilmir.
Xatırladaq
ki, ölkədə keçirilən Azərbaycan
Qadınlarının 3-cü Qurultayında erkən nikah mövzusunun müzakirə olunması da
məsələnin ciddiliyindən
xəbər verirdi. Qurultayda
çıxış edən ölkənin
birinci xanımı Mehriban Əliyeva bu xoşagəlməz tendensiyaya
qarşı cəmiyyətdə səylərin birləşdirilməli
olduğunu söyləmişdi.
Məsələ
Milli Məclisdə də dəfələrlə müzakirə olunub.
Qadın Krizis Mərkəzinin
rəhbəri Mətanət Əzizova bizimlə söhbətində
bildirdi ki, nikah yaşının bir qədər artırılması
qızların təhsildən yayınma hallarını aradan qaldıra bilər. Amma M. Əzizova bunun qızların erkən nikaha cəlb olunmasının qarşısını
almayacağını söylədi: "Bu
gün erkən nikahlar ölkənin ən böyük problemlərindən sayılır. Hətta mənim
fikrimcə, erkən nikahların baş tutması əngəllənməsə, Azərbaycan
demək olar ki,
qarşısı alınmaz bir fəlakətlə üz-üzə
qalacaq. Bunu tarix də təsdiqləyir. 2005-2006-cı illərdə
erkən nikaha girənlərin
yaşı 15-16 həddində idi. Amma bu
gün 13-14 yaşlarında
qızlar da ailə qururlar. Bu o
deməkdir ki, 13 yaşında ailə qurmaq
artıq bir normaya çevrilməkdədir. Artıq
vəziyyət göstərir ki, bu problemin
qarşısını almaq üçün qanunvericilikdə
nikah yaşının
artırılması
çıxış yolu ola
bilməz. Əgər bu gün
17 yaş erkən nikahların qarşısını almırsa,
bu həddin 18-20 yaşa qədər artırılması da heç nəyi dəyişməyəcək".
Erkən qurulan ailələr tez də dağılır
Mərkəz rəhbəri hazırda erkən nikaha cəlb olunan qızların əksəriyyətinin təhsildən
kənar qaldığını, ailələri
dağıldıqdan sonra isə
bunun acısını çəkdiklərini
bildirdi: "Əgər
14-16 yaşında qız ailə qurursa və az keçməmiş
bir uşaqla onun ailəsi dağılırsa, o
mütləq işləməlidir. Amma bu gün
elə dövrdə yaşayırıq ki,
təhsilə önəm
verilir. Orta təhsili olmayan birini işə
götürməkdə də problemlər yaranır. Belə olan halda, ailəsi
dağılmış qadın bəzən özünü
və uşağını
dolandırmaq üçün əxlaqsızlıq etmək
məcburiyyətində qalır".
M.Əzizova deyir ki, müşahidələr və statistika da erkən
nikahların çoxunun boşanmalarla
nəticələndiyini göstərir:
"Çünki 14-15 yaşında
bir qızın hələ ailə barədə təsəvvürü
yoxdur. Azyaşlı qızlar ailə qursalar da, onlar düşünərək
qərar verə bilmirlər. Erkən nikahların tibbi baxımdan da fəsadları var. 14 yaşında qızın bədəni fizioloji baxımdan ana olmağa
formalaşmadığından, belə hamiləliklərin əksəriyyəti
uşaq düşmələri
ilə nəticələnir. Bu isə qadının
sonsuzluğuna gətirib
çıxarır".
M.Əzizova qızların erkən nikaha cəlb olunmasının
qarşısını almaq üçün bu gün təbliğata ehtiyac olduğunu bildirdi. Onun fikrincə, erkən
nikahların kökü mentalitetimizlə
bağlı olduğundan,
bu problemi həll etmək
üçün azyaşlı
qızların ailə qurmasının fəsadları
ilə bağlı təbliğat gücləndirilməlidir.
Erkən nikah qızları təhsildən yayındırır
Millət
vəkili Qənirə Paşayeva da məsələyə kompleks yanaşmağın
tərəfdarıdır. Amma o, eyni zamanda,
nikah yaşının
artırılmasını da məqsədəuyğun hesab
edir: "Mən də hesab edirəm
ki, bu məsələ
təkcə qanunvericiliklə administrativ deyil. Amma qanunvericilikdə nikah yaşı ilə
bağlı da dəyişikliklər
edilməlidir. Təbii ki, bu
işlər kompleks
aparılmalıdır. Nəzərə almaq
lazımdır ki, bu gün qızlar
üçün nikah
yaşı 17 olsa da, istisna hallarda
16 yaşından ailə qurulmasına da icazə verilir.
Bizdə isə bu istisna
hallardan daha çox istifadə edilir. Mən düşünürəm ki,
bunu nəzərə
alıb istisna hallarda nikah yaşı 17, normalda
isə 18 yaş
müəyyənləşdirilməlidir. Bununla
da, biz heç
olmasa, qızların ailə qurmazdan əvvəl orta təhsili
tam başa vurmalarını təmin edə bilərik".
Q.Paşayeva bizimlə söhbətində bildirdi
ki, erkən nikahlar qızların təhsildən
yayınması ilə yanaşı, bu gün sağlamlıq və
hüquqi baxımdan problemlərin yaranmasına da
səbəb olur.
Onun sözlərinə görə,
nikah rəsmiləşdirilmədiyindən
ailə dağılarkən qadınlar əmlak
bölgüsü və
uşağa görə alimentlərin
ödənilməsi kimi məsələlərdə
problemlə qarşılaşırlar.
Mollalar qanunsuz nikah
kəsir
Q.Paşayeva hazırda qızların erkən ailə qurmalarına dini, "imam" nikahının kəsilməsinin də rəvac
verdiyini söylədi. Odur
ki, millət vəkili Ailə Məcəlləsində dəyişikliklə
yanaşı, rəsmi dövlət nikahı olmadan
dini nikahın kəsilməsinin
qadağan olunmasını
da təklif edir. Q.Paşayevanın fikrincə, imam
nikahı kəsənlər
ciddi məsuliyyətə
cəlb olunmalıdırlar ki, erkən nikahların qarşısı xeyli
alınsın.
Q.Paşayeva, eyni zamanda, vəziyyəti müsbətə doğru dəyişmək
üçün ciddi
təbliğatın aparılmalı
olduğunu da dilə gətirdi: "Erkən nikaha cəlb olunmanın qızların həyatında,
sağlamlığında hansı problemlərin
yaratdığını açıq-aydın göstərməliyik.
Bütün bunları
əks etdirən plakatlar
hazırlanaraq evlərə
aparılmalıdır. Bütün mexanizmlər işə
salınmaqla problem həll
olnmalıdır".
Ailə,
Qadın, Uşaq Problemləri
üzrə Dövlət Komitəsindən
Ailə Məcəlləsində dəyişikliklərlə
bağlı layihənin hazırlanıb Milli
Məclisə təqdim
edildiyini bildirdilər. Komitədən sadalanan bütün təkliflərin layihədə öz əksini tapdığını söylədilər.
Zülfiyyə QULİYEVA
Mərkəz.-2011.-19
aprel.- S.9.