Həvəskarların festivalı başladı

 

Dünən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə paytaxtda fəaliyyət göstərən Xalq Teatrlarının Festivalı start götürüb. Festival aprelin 27-dək davam edəcək. Tədbirin keçirilməsində məqsəd mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq, müasir formaların tətbiq olunması, əhalinin teatr sənətinə marağının artırılmasıdır. Xatırladaq ki, vaxtilə bir çox müqtədir aktyorlarımız məhz xalq teatrlarının şinelindən çıxıb. Amma nədənsə sonralar xalq teatrları və dərnəklərin fəaliyyətində durğunluq hiss olundu. Bu durğunluğun aradan qaldırılması məqsədilə son illər müəyyən işlər görülməkdədir. «Teatr və teatr fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda da xalq teatrları və dərnəklərinin inkişaf etdirilməsi müddəası yer alıb.

Qeyd edək ki, festivalda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 2010-cu ildə elan etdiyi kiçik həcmli hekayələr və 1 pərdəli pyeslər müsabiqəsində qalib gəlmiş müəlliflərin əsərləri nümayiş olunacaq. Həmin müsabiqənin başlıca məqsədi də elə gənc yazarların yüksək bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək və geniş oxucu kütləsinə çatdırmaq idi. Qalib gəlmiş müəlliflərin əsərləri isə elə həmin vaxtda da səhnə həllini tapmaq məqsədilə xalq teatrlarına təqdim olunmuşdu.

Beləliklə, builki festivalı daha da maraqlı edən səbəblərdən biri də gənc yazarların xalq teatrları ilə ilk tandemidir. Onu da öyrəndik ki, xalq teatrları və dram dərnəklərinin rejissor, quruluş hissə müdirlərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə festivaldan öncə 7-8 aprel tarixlərində treninq kursları təşkil edilib. Festivalda paytaxtda fəaliyyət göstərən 14 xalq teatrı və dərnəklər iştirak edəcək. Bu festivaldan balaca tamaşaçılara da pay düşəcək. Belə ki, festival boyu müxtəlif dərnək və xalq teatrlarının nəzdindəki kukla teatrları da öz yaradıcılıq məhsullarını ortaya çıxaracaqlar.

Festival iştirakçıları 9 gün ərzində “Azadlıq həzzi” (Qurbanəli Mürsəlov, Samir Sədaqətoğlu), “Tut” (Təhminə İbadova, Şəbnəm Xeyrullayeva), “Başına and içdiyimiz başımıza çıxdı” (Mirzəağa Mirzəyev, Vüqar Haqverdiyev), “Zirzəmi” (Qurbanəli Mürsəlov, Zaur Məlikzadə), “Azərin qərarı” (Oqtay Əliyev, Arzu Soltan), “Şəngülüm, Şüngülüm, Məngülüm” (Naibə Əsədova), “Vətən daşları” (Mehriban Məmməd-Hüseynzadə, Sevinc Əliyeva), “Ağlagəlməz fırıldaq” (Xəyalə Meydanova, Vüqar Haqverdiyev), “Tyaqostnaya starost” (Məşəqqətli qocalıq) (Vasif İbadov, Nadiyə Qafarova), “Bir redaksiyada” (Elgün Əliyev, Samir Sədaqətoğlu), “Yerə-göyə sığmayan” (Sərvər Əliyev, Samir Sədaqətoğlu), “Tənha palıd” (Dilşad Rəhimli, Qardaşxan Fərzi), “Boz qurdun nağılı” (Əzimov Akif), “Heykəl danışır” (Əlvan Abdullayev, Şəbnəm Xeyrullayeva) adlı tamaşaları seyr etmək fürsəti qazanacaqlar. Festivalın qalibləri 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Münsif kürsüsündə Könül Axundova - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, səhnə danışığı kafedrasının müəllimi; Atababa Hacıbabayev - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi; Loğman Kərimov - Şuşa Musiqili Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi; Azad Şükürov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti; Aydın Əzimov - Bakı Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin dosenti təmsil olunur.

Sonda festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. I, II, III yerləri tutanlara diplom və mükafat veriləcək. Eyni zamanda, qaliblər müxtəlif nominasiyalar üzrə təltif olunacaq. Festivalda iştirak edən bütün kollektivlərə Fəxri Fərman verilir.

Bu da son deyil, qalib gəlmiş kollektivləri qarşıda daha məsuliyyətli yarışma gözləyir. Belə ki, onlar Xalq Teatrlarının Ümumrespublika Baxış Müsabiqəsinə vəsiqə qazanmış olacaqlar. Qeyd edək ki, Bakı şəhər Xalq Teatrları Festivalı qaliblərinin təqdimat mərasimi aprelin 27-də, saat 16. 00-da A. Şaiq adına Dövlət Kukla Teatrında keçiriləcək.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.- 19 aprel.- S. 11.