Sağlığında heykəlləşən bəstəkar

 

Sevilən bəstəkar Oqtay Kazıminin ölümündən 1 il ötdü

 

 

Sağlığında qiymət verin insanlara,

İstəmirəm vaxt-vədəsiz hər qiyməti.

Baş əyirəm milyon kərə,

Sağlığında iynə boyda bir hörməti

Ondan sonra min heykələ dəyişmərəm!

 

Avqustun 9-da bu məşhur mahnının musiqi müəllifi, sağlığında heykəlləşən, öz bəstələriylə Azərbaycan musiqisinin canlı əfsanəsinə çevrilmiş, musiqi sənətinin zirvəsində dayanan, xalq artisti, bəstəkar Oqtay Kazıminin anım günüdür. Onun yoxluğundan bizi 1 illik zaman kəsiyi ayırır. Ruhən əbədi olaraq mahnılarında yaşayan bəstəkarın ürəyi yenə elə həmin mahnılarla döyünəcək. «Sənsiz»i, «Cavanlığım»ı, «Məhəbbət»i, «O sənli günlərim»i, « gəlməz oldun»u, «İnanmaram»,ı «Bakı Qızları»nı, «Əlvida»nı, «Taleyim»i dinləyib ruhumuza can verəndə Oqtay Kazıminin ürəyinin döyüntüsünü eşidəcəyik. Çünki Oqtay müəllim o bəstəkarlardan idi ki, mahnılarına ürəyini qoyurdu. Elə buna görə , 50 yaşlı həmişəcavan melodiyalarını indinin özündə həyəcanla dinləyirik.

Xalq artisti Flora Kərimova Oqtay Kazıminin musiqilərinin ilk ifaçısı kimi özünü xoşbəxt müğənni saydı. Amma onun yoxluğuna yanıb-yaxıldığını da gizlətmədi: «Oqtayı itirməklə cavanlığımı itirdim, xatirələrimin üstündən qara xətt çəkdim, dərd dostumdan ayrıldım. Oqtayı ona görə canım qədər istəyirdim ki, o, əsl şəxsiyyət idi. Ölərdi, amma heç vaxt heç kimsənin qabağında əyilməzdi, sınmazdı. Köhnə kişilərdən idi, sözünü deyib arxasında durmağı bacarırdı. Heç kimdən umacağı da yox idi». Vaxtilə musiqilərinə görə, bəstəkarın çox incidildiyini deyən Flora Kərimova bütün bunlara baxmayaraq, onun həmişə dözümlə, mətanətlə təhqilərə sinə gərdiyindən danışdı: «Oqtay estradaya yeni nəfəs gətirmişdi. Buna görə onu nəinki arxadan, hətta öndən zərbələr vururdular. Amma heç onu yolundan döndərmirdi. Küsürdü, inciyirdi, hətta yadımdadır ki, partiya biletini büro iclasında çıxarıb tullamışdı. Bunu o dövrdə kim edərdi, heç kim».

 

«Deyirdi ki, Aybəniz, sən mənim mahnılarıma can verirsən»

 

Əməkdar artist Aybəniz Haşımova Oqtay Kazımini özünə ata saydığını söylədi: «Mən Bakıya gələndə Oqtay Kazımi mənə ata qayğısı göstərdi. Onun evində qaldım, mahnılarını oxumaqla bərabər, qayğısını gördüm. Həmişə mənə deyirdi ki, Aybəniz, sən mənim mahnılarıma can verirsən». Aybəniz xanım sənəti ilə şəxsiyyəti bir olan Oqtay Kazıminin həmişə gənc nəslə, o cümlədən özünə tövsiyələr verdiyini xatırladı: «Oqtay müəllim qürurlu adam idi buna görə biz gənclərə həmişə qürurlu, vicdanlı olmağı tövsiyə edərdi. Deyirdi ki, dünya malı dünyada qalar, buna görə heç vaxt mənliyinizi ayaqlar altına atmayın. Çünki özü belə bir şəxsiyyət olmuşdu. Oqtay Kazımi haqsızlığa dözə bilməyən, ədalətsizliyə göz yummayan, ürəyi ilə dili bir olan adam idi. Sözü üzə şax deməyi bacarırdı. Hətta ona ziyan gətirsə belə».

 

Onda sənətkarlıqla şəxsiyyət vəhdətdə idi

 

«Qolu-budaqlı acağa bənzətsən, Oqtay Kazıminin timsalında Azərbaycan estrada musiqisi cüssəli gövdəsini itirmiş oldu», – deyən əməkdar artist Firuzə İbadova bəstəkarı həm insan, həm musiqiçi kimi xarakterizə etdi: «Çox az hallarda sənətlə şəxsiyyət bir olur. Bəzən sənətində bütöv olan bir insan şəxsiyyətində axsayır. Amma Oqtay Kazımi o xoşbəxtlərdən idi ki, onda sənətkarlıqla şəxsiyyət vəhdətdə idi. Mən özümü xoşbəxt sayıram ki, onun «Məhəbbət» mahnısını oxumuşam, özü Oqtay müəllimin istədiyi formada. Hər kəs bilir ki, Oqtay Kazıminin bir nömrəli müğənnisi Flora Kərimova olub, amma belə bir sənətkardan sonra bəstəkarın mənə yüksək səviyyədə qiymət verməsini özümə şərəf bilirdim».

Belə bir hüznlü gündə Firuzə xanım giley-güzarını da gizlətmədi. Oqtay Kazımi kimi böyük bir bəstəkarın itkisinə laqeyd münasibətdən pis olduğunu dilə gətirdi: «Azərbaycan estrada musiqisinin nəhəng bir qolu qırılıb, amma həmin axşam bir dənə olsun televiziya kanalı ölüm xəbərini yayımlamadı. Sağ olsun, Aybəniz Haşımovanı, bircə-bircə sənətkarlara telefon açıb xəbəri çatdırdı. Yəni bu qədər soyuqqanlı olmaq mümkündürmü»? Göz yaşlarını saxlaya bilməyən Firuzə İbadova bir istəyini gizlətmədi: «Televiziya radiolar, heç olmasa, bu günlərdə Oqtay Kazıminin o misilsiz musiqilərinin lent yazılarını səsləndirsinlər. O zaman bəstəkarın ruhunu sevindirmiş olarlar. İnanmıram o mahnılardan bir yazılsın».

Oqtay Kazıminin musiqiləri o qədər canayatandır ki, cavanlar da həmin mahnıları sevə-sevə oxuyur. Digər bəstəkarlardan fərqli olaraq, Oqtay Kazımi cavanlara o qədər dəstək idi ki, hətta onun mahnısını yeni aranjemanda oxuyanda da onların könlünə dəymək istəmirdi. Yadımdadır ki, bir ara Nurcan adlı müğənni onun «Ayrılıq olmayaydı» mahnısını oxumuşdu. Özü yeni aranjemanla. Oqtay müəllim nəinki gənc müğənninin icazəsiz «eksperimentindən» qəzəblənmişdi, hətta bunu müsbət qarşılamışdı. Bu barədə qəzetimizə açıqlama verərək demişdi: «Gənclərə güzəşt etmək lazımdır. Onlar axtarışda ola-ola özlərini bu sənətdə tapmalıdırlar. Gənclərin daim axtarışda olması onların inkişafı deməkdir. Həm çox istedadlı gənclər yetişir, onları ruhdan salmaq olmaz, əksinə, hər birimiz onları dəstəkləməliyik. Eyni zamanda, onlara düzgün yolu göstərməliyik”. Belə bir ürək yalnız Oqtay Kazımiyə məxsus ola bilərdi. Yaxud da, bəzi yaşlı müğənnilər «Taleyim», «Əlvida» mahnısını özəlləşdirib, «bu mahnıları heç kim oxuya bilməz» deyəndə, Oqtay Kazımi irəli durub cavanları müdafiə etmişdi. «Mahnının müəllifi mənəm, izn vermək səlahiyyəti mənə məxsusdur», – deyərək cavanlara öz razılığını bildirmişdi.

Flora Kərimovanın sözlərinə qüvvət, Oqtay Kazımi həqiqətən köhnə kişilərdən idi. 78 yaşına gəlib çatmışdı, amma bircə dəfə olsun, şəxsiyyətinə, qüruruna xələl gətirəcək bir tutmamışdı. Onun üçün mənlik, şərəf, ləyaqət hər şeydən yüksəkdə dayanırdı. Sağlığında özünə heykəl qoyanlardan idi, Oqtay Kazımi.

 

 

Cəvahir

 

Mərkəz.- 2011.-9 avqust.- S. 11.