Sevinc Osmanqızı: “Mən o qadınları başa düşmürəm ki, ailə gözləyər deyib karyera ilə məşğul olurlar”

 

Mən atam kimi bir adama ömür boyu ehtiyac duymuşam. Fikirləşirdim ki, kaş ki, o yaşayardı, kaş ki mən ondan soruşardım. Görəsən, o buna nə cavab verərdi? Özümü onun yerinə qoymağa çalışırdım. Doğurdan, atama çox ehtiyacım var idi. Mən “CNN” üçün materiallar hazırlayanda mənə deyirdilər ki, çalış Azərbaycanı gözəl göstər, çalış gözəl olsun. Biz cəmiyyət olaraq kimdənsə daha üstün olduğumuzu sübüt etməyə çalışmamalıyıq. Bu cür komplekslərdən azad olmalıyıq. Biz öz dəyərlərimizi göstərməyə çalışmalıyıq. Yaxşı olmaq təssüratına deyil, yaxşı olmağa çalışmalıyıq.

 

Qarşımda sanki bir əcnəbi idi. Düşüncələri ilə mövqeyi ilə tamam fərqlənirdi..Bəlkə, onun gənc yaşlarından daha böyük vəzifələrdə işləməsindən irəli gəlirdi belə təcrübəli olması, bəlkə də Osman Mirzəyevin jurnalistika məktəbini bitirməsindən asılı idi….Xülasə, “Mediada qadınlar” rubrikasının bu dəfəki qonağı ANS-in xarici və regional xəbərlər departamentinin rəisi Sevinc Osmanqızıdır.

- Siz jurnalist ailəsində tərbiyə almısınız. Bəzən valideynlər öz peşələrinin davamçısı kimi övladlarını görmək istəmirlər. Bəs sizin ailədə necə idi?

- Bizdə evdə hamı jurnalistdir. Atam, anam və 3 qızın da hamısı məhz jurnalistikanı seçiblər. Təbii ki, bu mühitdən asılıdır. Elə bir mühitdə böyüdük ki, bizim üçün jurnalistika sözün əsl mənasında müqəddəs bir şey idi.Hətta mən xatırlayıram ki, uşaq vaxtı köşklərin yanından keçəndə adamların növbəyə durub qəzet aldıqlarını görürdüm. Qəzet elə də çox çıxmırdı, amma o növbələr mənim yadımdadır. Amma bu gün qəzet köşkləri yoxdur, olan köşklərdə də qəzetdən əlavə şeylər satırlar. Onda atamın qəzetdə baş məqaləsi çap olunanda, köşkdəki növbələrdə durmuş insanlar və hətta dərsdə müəllimlər də atamın yazısından danışırdılar. Mən o zaman anlayırdım ki, jurnalistika fərqli bir peşədir. Əgər insanlar onu gözləyirlərsə, oxuyurlarsa, deməli, jurnalist insanların həyatını dəyişdirməyə qadirdir. Həmin dövrdə repressiya qurbanlarının adları üzərindəki ləkələrin silinməsinə başlanıldı, bu mövzuda atamın yazıları çıxırdı və mən görürdüm ki, “xalq düşməni” kimi tanıdığımız adamların əksəriyyəti günahsız imiş. Həmin insanların bəraət qazanmasında da mətbuatın rolu böyük idi. Bu səbəbdən mənim üçün jurnalist olmaq bir arzu idi və mən jurnalistikanın böyük bir gücə malik olduğunu görürdüm.

- Siz digər iki bacınızın da jurnalistikada olduğunu dediniz. Bəs atanız Osman Mirzəyev aranızda hansınızı jurnalistikaya daha yaxın hesab edirdi? Ümumiyyətlə, onun sizin jurnalistika istəyi barənizdə fikirləri nə idi?

- Əslində atamız bizi sadəcə istiqamətləndirməklə kifayətlənirdi. Biz hətta inşa yazıb ona oxumaq istəyəndə, o bizə heç vaxt kömək etməzdi. Bu onun üçün “tum çırtdamaq“kimi bir şey idi, yəni o bədahətən bir başlıq deyə bilərdi, bir mövzu verə bilərdi. Amma o bunları etmirdi, istəyirdi biz özümüz edək. Biz hətta fikirləşirdik ki, o boyda redaksiyada 26 il redaktor olub, işçiləri üçün daima təlimlər keçib, amma bizə gəlincə kömək etmir. Biz buna qısqanclıqla baxırdıq. İndi müəllim olandan sonra atamı yaxşı anlayıram və o ən doğru olanı edib. Bir var adama balığı verəsən, bir də var ona balığı tutmağı öyrədəsən. Məktəbdə mənə deyərdilər ki, bu inşanı yəqin atan yazıb, amma onlar hardan biləydilər ki, atam bizə gündə heç 1-2 saat vaxt ayırmırdı. Sadəcə yol üstü sualımıza cavab verərdi, ancaq bələdçilik edirdi.

- Yəqin 1991-ci ildə baş verənlər sizin üçün çox ağır bir hadisə idi. Siz həm atanızı, həm də jurnalist həmkarınızı itirdiniz. Nələr hiss etdiniz o zaman?

- Bu hər mənada çox böyük bir itki idi. Şübhəsiz, ata itkisi….Bu həm də bir silahdaş, müəllim, bələdçi itkisi idi. İş elə gətirdi ki, mən jurnalistikaya atam öləndən sonra gəldim. Doğrudan, o zamanda sanki təzə yeriməyə başlayan bir uşaq kimi ehtiyacın olur ki, kimsə əlindən tutub qabağa aparsın. Mən elə bir adama ömür boyu ehtiyac duymuşam. Fikirləşirdim ki, kaş ki, o yaşayardı, kaş ki mən ondan soruşardım..Görəsən, o buna nə cavab verərdi? Özümü onun yerinə qoymağa çalışırdım. Doğrudan, atama çox ehtiyacım var idi. Eyni zamanda atamın arzularını yerinə yetirməyə çalışırdım. Məhz o olmadığı üçün mən bir az da artıq çalışıram ki, onun arzularını yerinə yetirim.

- Siz bir gənc qadın kimi cəmi 24 yaşında Xarici İşlər Nazirliyində 3-cü katib işləmisiniz. Bu yaşda elə böyük məsuliyyətli işdə çalışmaq çətin idi?

- Mən Azərbaycanda Xarici İşlər Nazirliyində diplomatik işə götürülən ilk qadın oldum. Məndən əvvəl SSR dövründə bir qadın nazir olub. Bu siyasi təyinat idi, amma diplomatik işə götürülən ilk qadın mən olmuşam. O zaman bütün qadınlar katiblik, kargüzarlıqda işləyirdilər. Ümumiyyətlə diplomatiya tarixi çox maraqlıdır və qadınlara qarşı birmənalı münasibət olmayıb. Elə ABŞ-da 60-cı illərə qədər qadın diplomatik işə götürülməyib. Hətta götürüləndən sonra qadın ərə gedirdisə, buna görə işdən çıxarılırdı. Hətta Amerikada bu iş kişiyə etibar edilir, kişinin evlənməsi olar, amma qadın ərə gedirsə, deməli, ona heç nə etibar etmək olmaz. Yəni bu İngiltərədə də, Amerikada da belə olub. Mən ilk diplomat qadın olmaq şərəfinə nail olduğum üçün sevinirəm. Ümumiyyətlə, bügünkü nazirliyin işinin qurulmasına baxanda görürəm ki, onlar indi-indi elə şeylərə çatmağa çalışırlar ki, biz o zaman bunu edirdik. Bu o deməkdir ki, qadınlara şərait yaratmaq lazımdır. Qadın etibarlıdır, zəkalıdır, qadın sülh deməkdir. Ona sözdə yox, işdə hörmət etmək lazımdır.Hansı cəmiyyətdə qadın irəlidədirsə, o cəmiyyət daha çox inkişaf edir. Təəssüf ki, bizim cəmiyyəti bu baxımdan təmsilçi adlandırmaq çətindir.

- Siz İngiltərədə “BBC”-də 6 il fəaliyyət göstərmisiniz. Ordan Azərbaycan necə görünürdü?

- Britaniyalıda belə bir hiss var ki, cəmiyyəti dəyişmək üçün kimsə olmaq lazım deyil, çox kiçik adam olaraq da, cəmiyyəti dəyişmək iqtidarına maliksən. Bizim ölkəmizdə isə nəyisə dəyişmək üçün sən kimsə olmalısan. Azərbaycana qayıtdıqdan sonra bir çatışmazlıq kompleksi gördüm. Biz sanki kiməsə sübut etməyə çalışırıq ki, biz ən yaxşıyıq. Bu əksiklik kompleksidir. Sən güclüsənsə bunu heç kimə sübut etməyə gərək yoxdur. Mən “CNN” üçün materiallar hazırlayanda mənə deyirlər ki, çalış Azərbaycanı gözəl göstər, biz cəmiyyət olaraq, bu cür komplekslərdən azad olmalıyıq. Biz öz dəyərlərimizi göstərməyə çalışmalıyıq. Yaxşı olmaq təssüratına deyil, yaxşı olmağa çalışmalıyıq.

- Maraqlıdır niyə İngiltərədən Azərbaycana qayıtdınız?

- Məndən bunu dəfələrlə soruşublar. Həyatımda bir neçə dəfə dəyişikliklər etmişəm və hər dəfə də başa düşülməmişəm. Niyə XİN-dəki işi atıb İngiltərəyə getdin? Niyə İngiltərədən Azərbaycana qayıtın? Niyə ABŞ-ın Azərbaycandakı səfirliyində işdən çıxdın? Bu suallarla adətgərdə olmuşam. Həyat çox qısadır və siz öz həyatınızda nəyi düzgün hesab edirsinizsə onu etməlisiniz.

- Yeri gəlmişkən ABŞ səfirliyi də daxil olmaqla işlədiyiniz yerlərdə daha çox əcnəbilər həmkarlarınız olub. Bu qədər zamandan sonra bizim cəmiyyətə adaptasiya olmaq sizin üçün asan idi?

- Əslində insanlar hər yerdə eynidir. Sadəcə mədəniyyət və ənənə fərqliliyi var.Adi ABŞ-ın Dövlət Departamentində işə qəbul olunarkən sizin haqqınızda başqaları fikir bildirməlidir. Bütün insanı keyfiyyətlər nəzərə alınır.Biz düşünə bilərik ki, o boyda vəzifədə peşəkarlıq, işgüzarlıq, bilik və başqa xüsusiyyətlər nəzərə alınmalıdır. Amma insani davranış onlardan heç də az əhəmiyyətli deyil. Mənim üçün adaptasiya çətin deyil, avropalı, amerikalı, azərbaycanlıya da eyni gözlə baxıram. Sözün düzü, mənim üçün azərbaycanlı ilə müqayisədə qərbli ilə işləmək daha asandır. Çünki onlar bir söz deyəndə onu nəzərdə tutub deyirlər. “Avropalıların anlamında mən səni sevmirəm, elə bu deməkdir. Amma Azərbaycanda isə “mən səni sevmirəm, mənə üzük gətir” mənası verə bilər. Biz bir şeyi deyib, əslində ürəyimizdə başqa şeyi tuturuq, qarşımızdakından isə üçüncü bir şeyin deməsini istəyirik. Onlar daha səmimi və sözün düzünü danışanlardır.

- Sizin qəribə simanız var? Bu Azərbaycan qadınının gözəlliyidir,yoxsa Avropanın təsiridir?

-(Gülür) Bunu siz deməlisiniz. Azərbaycan qadını çox fərqlidir. Elə mən Türkiyəyə, İrana gedəndə fikirləşirəm ki, bizim qadınlarımız necə də fərqlidir. Hesab edirəm ki, Azərbaycan qadını çox inkişaf etmiş qadındır. Qərbli qadın hər şeyi əri ilə bərabər edir, amma bizim qadınlar həm işləyir, həm pul qazanır, həm də evdə bütün işləri görərək ailə yükünü üzərində daşıyır. Bununla fəxr etmək olar. Elə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya nəzər salsaq görərik ki, o digər dövlətlərin başçılarının xanımları arasında necə fərqlənir.

- Elə qadının ailədə mövqeyindən söz düşmüşkən iki oğul anası olaraq jurnalist olmaq və illərdir bu sahədə irəli addımlamaq necədir?

- Təbii ki, tək xanımların vaxtı və imkanı çox olur karyeraya qurmağa. Xüsusilə də uşaqlar balaca olanda bu lap ağır bir vəziyyətdir. Sevinirəm ki, bunu paralel olaraq etmişəm. Bizim ən böyük nailiyyətimiz uşaqlarımızdır. Yaxşı ki, mən bunu etmişəm, bu yolda çoxlu qurbanlar versəm də ailəmə görə peşman deyiləm. Mən bununla fəxr edirəm. Mən o qadınları başa düşmürəm ki, ailə gözləyər deyib karyera ilə məşğul olurlar. Bəlkə, mən indiyə qədər etdiklərimin 50 faizini artıq edə bilərdim, amma uşaq böyütmək də qürurlu bir işdir.

- Niyə jurnalist qadınlar daha çox evlilikdən qaçırlar, elə subaylığa üstünlük verirlər?

- Məncə, daha çox reportyorlar subay olurlar. Bu da jurnalistikanın ilkin mərhələsidir. Təcrübəli jurnalistlərə baxanda əksəriyyəti evlidir. Reportyorluğu ömür boyu davam etdirmək çox çətindir. İstər qadın, istərsə də kişi olsun.  Elə yaş olur ki, ora çatanda görürsən ki qaçmaq olmur. Həqiqətdir ki, reportyorluq daha çox səfərlərdə hadisə yerlərində olduğu üçün ailəni sevmir. Amma insan övladı dünyaya gələndə qorxaq olur.. Çünki sən olmasan o yaşaya bilməz. Hətta xarici bir ölkənin prezidenti ilə müsahibə almağa göndəriləndə, mən bundan imtina etdim. Düşündüm ki, uşaqlara kim baxacaq (Gülür). Həyatda prioritetlər dəyişir, nə yaxşı ki, dəyişməyə şərait var.

- Siz özünüz 27 yaşında ailə qurmusuz. Bizim cəmiyyət üçün bu yaş özü belə gecdir. Seçim necə oldu?

- Mən onda İngiltərədə yaşayırdım. Bu qərb cəmiyyəti üçün böyük yaş sayılmazdı. Onlar 30-dan sonra hələ başlayırlar evlilik haqqında düşünməyə. Mən hesab edirəm ki, əsas ürəyinizcə olan adamı, yeganə tayınızı tapmaqdır. Əgər sən onu 19 yaşında tapmısansa ailə qurmalısan, əgər 35 yaşında tapmısansa onda evlənməlisən və tapmamısansa ailə qurmağa dəyməz.

- Bu ilki parlament seçkilərində jurnalistlər kütləvi şəkildə millət vəkili olmaq istədilər. Nə əcəb siz namizədliyinizi irəli sürmədiniz?

- Mən real cəmiyyətdə yaşayıram. Parlamentin ölkədə vəziyyəti dəyişən struktur olduğuna inanmıram. Mənim üçün millət vəkili böyük bir şərəf sahibi olmaq demək deyil. Belə bir arzum olsaydı, bunun ardınca gedərdim. Mən jurnalistikanın gücünə inanıb burdayam. Parlamentin özü mənim üçün nüfuz strukturu deyil, çünki o, müstəqil deyil.

- Siz həm də müəllim işləyirsiniz. Müəllim kimi oxucuların gözü ilə baxanda bugünkü medianın vəziyyəti necədir?

- Mən “BBC” və “CNN”-də işləmişəm və görürəm ki, güc obyektiv, qərəzsiz və vicdanlı olmaqdadır. Amma Azərbaycan cəmiyyətində belə fikir formalaşıb ki, nüfuzlu olmaq üçün ya iqtidaryönlü, ya da müxalif yönlü mətbuat olmalısan. Bu cəfəngiyyatdır. Bu səbəbdən bizdə mətbuat orqanları dəridən qabıqdan çıxmırlar ki, ədalətli olsunlar. Əksinə qərəzli olmağı nüfuzlu hesab edirlər. Mən tələbələrimə də həmişə deyirəm ki, bizim ən böyük gücümüz qərəzsiz və obyektiv olmağımızdır. Bizim mətbuatımız qərəzli mətbuatdır. Əgər bu onun maraqlarına uyğundursa, bu gün sizi göyə qaldıracaq, sabah isə yerə salacaq.. Bizim bəlamız budur və buna görə də biz qərəzli cəmiyyət yetişdiririk.

- Bu gün ANS-də daxil olmaqla bir sıra kanallarda evlilik proqramları yayımlanır. Gah bağlanır, gah açılır..Sizin fikriniz nədir, bu tip proqramlar bizim cəmiyyət üçün nə qədər faydalıdır?

- Bir televiziyaçı kimi deyim ki, normal bir şeydir. Çünki tv kanalları çalışır ki, reytinqlərini qaldırsınlar. Cəmiyyət tələb edir ki, bu verilişlər yığılmalıdır. Hətta Amerikada mətbuat azad olsa da, orada konqres qərar qəbul edib ki, bütün efirə çıxan verilişlər təsnifatdan keçməlidir. Əslində demokratiya budur, cəmiyyət öz fikrini bildirməlidir. Mən şəxsən “Toy olsun” verilişinə gələn yaşlı xanımları görəndə kövrəlirəm.  O yaşda söhbət romantikadan getmir, adamlara doğrudan da dayaq lazımdır. Niyə də olmasın? Bu bir nəfərin verə biləcəyi qərar olmamalıdır. Mən inannmıram ki, əksəriyyət bu verilişlərin bağlanmağını istəyir. Çünki elə adamlar var ki, işlərini buraxıb məhz bu verilişləri izlədiyini görürəm və bu verilişlərin isanın həyatında etdikləri dəyişikliyi görürəm..

- Bizdə belə bir vərdiş yaranıb ki, nəyə etiraz ediriksə ən çox ona baxırıq, nəyi qəbul etmiriksə ən çox da onunla maraqlanırıq?

- Bu özü də əksiklik kompleksidir. Özün olmaq böyük sərvətdir. Bəzi insanlar başqa cəmiyyətə düşən kimi adlarını dəyişirlər. Mən isə hər yerdə Sevinc Osmanqızı adı ilə gedirəm, elə bilirsiniz bu adı səsləndirmək onlar üçün asandır? Mən də adımı dəyişib başqa ad qoya bilərdim..Özün olmaq sərvətdir. İnanın, elə insanlar var ki, “Toy olsun” tipli proqramlara baxır, amma heç kimin bilməsini istəmirlər . Özün olmaq, öz rəyinə sahib olmaq, doğrudan da, cəsarət tələb edir.

 

 

Günel Əbilova

 

Mərkəz .-2011.- 13 avqust.- S.10.