Ad günün mübarək, Şahmar Ələkbərov!

 

O, «aktyor oynayır» sözünü eşidəndə əsəbiləşirdi, çünki özü oynamırdı, rolu yaşayırdı…

 

Hər kəsə nəsib olmur, amma Tanrının sevdiyi elə bəndələr var ki, onlar bir deyil, iki ömür yaşayırlar: biri real həyatdakı ömür, digəri isə bu dünyadan köç etdikdən sonra yaşadıqları ömür… Mən xalq artisti, çox sevdiyim aktyor Şahmar Ələkbərovu belə xoşbəxt insanlardan sayıram. Sevilən Tanrı bəndəsiydi, yəqin ondandır ki, onunla bizi nə az, nə çox, düz 19 il zaman kəsiyi ayırsa da, hələ də Şahmar yaşayır, öz gözəl ömrünü layiqincə davam etdirir. İkinci, həm də əbədi ömrünü vaxtilə çəkildiyi filmlərdə davam etdirir Şahmar. Biz onunla yolda-rizdə, getdiyimiz ünvanlarda qarşılaşmasaq da, sevdiyimiz kinolarda görüşüb hal-əhval tuturuq. Özü də qarşımıza müxtəlif obrazlarda çıxır: bir dəfə Qatır Məmməd, bir dəfə Qəzənfər, bir dəfə İman kimi…

 

Müxtəlif obrazların taleyini yaşamış Şahmar Ələkbərov elə öz taleyini də əbədi olaraq kinoya bağışladı. Elə buna görə də, demək olmaz ki, Şahmar cəmi 49 il ömür yaşadı. Onun yaratdığı obrazlar barədə tərif söyləməyə ehtiyac da yoxdur. Çünki göz qabağındadır. Hər kəsin sevə-sevə baxdığı və zövq aldığı milli filmlərimizə baxanda, fikirləşirəm, nə yaxşı ki, kinomuzun belə sanballı aktyorları olub və bizlərin kino zövqümüzü formalaşdırıb. Heç yadımdan çıxmaz, uşaq vaxtı «Yeddi oğul istərəm» filminə baxanda «ölmə Qəzənfər əmi, ölmə» deyən Qəqəni ilə birgə mən də ağlamışam, yaxud da Qatır Məmmədin qəhrəmanlığına qürrələnmişəm…

Deyirlər Şahmarın bir deyimi varmış: «Deyəndə ki, aktyor oynayır, əsəbiləşirəm». Çünki o heç vaxt oynamırdı, həmişə rolu yaşayırdı. Fikir versəniz, özünüz də görərsiniz ki, aktyorun yaratdığı bütün rollarda Şahmarın özünü görürük, obrazını yox. Bu da onun hədsiz səmimiyyətindən və təbiiliyindən, eyni zamanda, sənətini fanatcasına sevməyindən irəli gəlirdi.

Bəzən bir jurnalist olaraq, onunla görüşmədiyimə, onunla həmsöhbət olmadığıma görə təəssüf hissi keçirirəm. Deyirəm, kaş mən də Şahmar Ələkbərov kimi müqtədir aktyorumuzdan bir müsahibə alardım və bu müsahibəyə görə bir az forslanardım da. Çünki Şahmar özünü hər dəqiqə gözə soxan, bəzi məqamlarda hətta özünü ürvatsız belə edən aktyorlardan deyildi. Özünəhörmət etməyi bacarırdı. Ağayana aktyor idi, səsi, vücudu, bütün varlığı ilə bu insan aktyor sənəti üçün doğulmuşdu. Aktyor dostlarının dediyinə görə, çox qəlbiyuxa və vətənpərvər insan imiş. Aktyor Elxan Qasımov danışırdı ki, qanlı Yanvar faciəsində kinostudiyaya yaxın olan evini həmin gecə saysız-hesabsız insanlara sığınacaq veribmiş, ölümün pəncəsindən qurtarıbmış. Başı üstündən leysan kimi yağmış güllə yağışına baxmayaraq, Şahmar küçədə qaçışan, şaşqın vəziyyətdə olan insanları «qaçın yuxarı, mənim evimə doluşun» deyə haraylayırmış. Amma bəziləri kimi bunu əlində bayraq edib hər yerdə də danışmırdı. Həmin qanlı hadisələrdən sonra cəmi 1 il yaşadı, onu da əzab içində… Amansız xəstəlik onu həm bizim, həm də kinomuzun əlindən aldı.

Gəlin, sizli-bizli xalq aktyorunun keçdiyi ömür yoluna nəzər salaq:

Bu gün görkəmli aktyor Şahmar Ələkbərovun doğum günüdür. Ş.Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. 9 yaşında ikən ailələri Gəncədən Bakıya köçüb. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil almış Şahmar III kursda oxuyanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Sonralar isə müqtədir rejissor Adil İsgəndərovun dəvətiylə Cəfər Cabbarlı adına kinostudiyanın nəzdində rejissorun şəxsən yaratdığı “kino aktyorluğu” studiyasına dəvət alır. “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərmiş Şahmar televiziya tamaşalarında yaddaqalan obrazların yaradıcısı kimi yaddaşlarda iz salır. Həmçinin, bir çox filmlərin dublyajında iştirak edib. Rejissor kimi də özünü sınamışdı; «Qəzəlxan» və «Sahilsiz gecə» filmlərinin müəllifi idi.

Ş.Ələkbərov milli kinomuzun inkişafında xüsusi xidmətləri olan aktyorlardandır. Düz 147 filmdə müxtəlif, yaddaqalan obrazlar yaradıb. Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Rizvan (“Qızıl qaz”), oğlanlardan biri (“Bizim küçənin oğlanları”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Mirzağa Əliyev (Üzeyir ömrü), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) obrazları tamaşaçıların yaddaşında həmişəlik qalıb.

Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ildə ağır xəstəlikdən sonra dünyasını dəyişib.

…Beləcə dünən Şahmar Ələkbərovun 69 yaşı tamam oldu, vaxt gələcək 100 yaşını da qeyd edəcəklər, 200 yaşını da… Bir sözlə, nə qədər ki, milli kinomuz yaşayır, o qədər də Şahmar Ələkbərov kimi sənətkarlar yaşayıb var olacaqlar… Odur ki, deyirəm, ad günün mübarək, Şahmar Ələkbərov! Filmlərdə görüşənədək!

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.-24 avqust.- S.11.