Hacı Zeynalabdin Tağıyevin qızının
xatirəsi anıldı
AMEA-nın
Milli Tarix Muzeyində məşhur mesenat, sahibkar Hacı
Zeynalabdin Tağıyevin qızı Sara xanım
Tağıyevanın vəfatının 20-ci
ildönümü ilə əlaqədar anım mərasimi
keçirilib.
Tədbirdən
əvvəl ziyalılar, muzey işçiləri Mərdəkandakı
Pirhəsən ziyarətgahında Hacı Zeynalabdin
Tağıyevin və Sara Tağıyevanın məzarlarını
ziyarət ediblər.
Anım tədbiri
S.Tağıyevaya həsr olunmuş filmin nümayişi ilə
başlayıb. Tədbirdə muzeyin direktoru Nailə Vəlixanlı,
mərhum ziyalı Vəli Məmmədovun xanımı Xalidə
xanım, şair Teyyub Qurban çıxış edərək
xatirələrini bölüşüblər. Tarix üzrə
fəlsəfə doktoru Firdovsiyə Əhmədova Sara
Tağıyevanın keçdiyi şərəfli ömür
yoluna nəzər salıb: “Sara xanımın sovet
dövründə apardığı təkbaşına, yalqız,
əzablı bir mübarizənin nəticəsi ondan ibarət
oldu ki, dünyanın 1/6-ni əhatə etmiş sovet dövlətinin
süqutunu görüb, atasının adının bəraət
qazandığına əmin olduqdan sonra bu dünyadan
köç etdi. Sara xanımın hələ sovet
dövründə atası haqqında yazdığı “Hacı
Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti”,
“Azərbaycan mənəvi mədəniyyətinin
inkişafında Hacı Zeynalabdin Tağıyevin rolu”
mövzularında tədqiqat işləri artıq həm
SSRİ miqyasında, həm də AMEA-da akademiklər, elmi
işçilər tərəfindən rəğbətlə
qarşılanıb”.
Tədbirdə
Teyyub Qurbanın “Sara xanım” poemasından hissələr də
səslənib.
Cəvahir Səlimqızı
Mərkəz.- 2011.- 16 dekabr.- S. 11.