İradə Tuncay: “Allah onu bu cahillikdən
qorusun!”
20 “Mərkəz” qəzetinin budəfəki
qonağı “Ədalət” qəzetinin baş redaktoru,
yazıçı-publisist İradə Tuncaydır.
- İradə xanım, sizdən
görüş almaq üçün zəng edəndə
qrafikinizin sıx olduğunu dediniz. Çox maraqlıdır, bəzi insanlar
daim vaxtın azlığından şikayətlənirlər.
Belə çıxır ki, siz də vaxtın
azlığından gileylənirsiniz?
- Əvvəllər nəsə bu barədə
heç düşünmürdüm. Amma indi hiss edirəm ki , patoloji vaxt
qıtlığı yaranıb həyatımda. Hər şeyi çatdırmaq istəyirəm, fiziki
olaraq gücüm yetmir. Vaxtımın
çoxu lazımsız adamların mənasız şikayətlətinə
qulaq asmaqla və yollarda keçir. Həm də nəzərə
alsaq ki, mən hər üçün gecikmiş bir tale
yaşayıram, mənzərə aydın olur
- Özünüzlə hansı məqamlarda tək
qalırsınız? Siz axı, daim işdə olursuz…
- Bu xarakterlə bağlı bir şeydir. Yəqin
çox vaxt təkəm. Məqamları
düşünmədim heç. Hətta belə deyək,
lap yaxın adamlarımla danışıb -güldüyüm
anda mən tək ola bilərəm və
fikrim məni haralarasa apara bilir. İşdə
olmağın buna dəxli yoxdur. Özümdən sitat:
Görəsən, bəşəriyyətin inkişaf tarixində
insanlar nə vaxt özlərinə sual verməyə
başlayıblar – “mən kiməm”, “niyə, nə
üçün varam?” İnsanlar bu sualı dərk
edəcək qədər nə vaxt şüurlu olublar? Filosoflar deyir ki, bu an ancaq insanın özünü
tənha hiss etdiyi zaman gəlir. Taleyin hökmüyləmi,ya xarakterin təsiriyləmi, özüylə
üzbəüz qalanlar, özüylə üz-üzə gələnlər,
öz “Mən”ində insan görə bilənlər və bu
“Mən”in dərdində bəşəri dərdləri
görə bilənlər dərk prosesinin
iştirakçısına çevrilirlər. İnsanın
var olmaq savaşında – məhz tənhalıq əzabından
keçib, onu yenə bilənlər və həm də bu
zaman dərketmə enerjisini (tənhalığın verdiyi)
qoruya bilənlər qalib olurlar.
Bədii ədəbiyyat bu problemin təsviriylə
də, tənhalıqdan əziyyət çəkən qəhrəmanların
bolluğuyla çox zəngindir. Lermontovdan, Dostoyevskidən, C.Londondan, Remarkdan, Folknerdən
və kimlərdən üzü bəri yazırlar. Və möhtəşəm “Yüz ilin tənhalığı”
– Markes. Amma qəribədir ki, fəlsəfə
üçün bu mövzu hər zaman “maraqlı” olmayıb.
Yalnız XX əsrdə tənhalıq problemi bəşəriyyətə
o qədər doğmalaşıb ki, filosoflar da, psixoloqlar da
bunu şəxsiyyətin və insan varlığının əsas
problemi kimi görməyə başlayıblar. Özüylə barışı yaşaya bilməyən
fərdlər cəmiyyətlə də barışa bilmirlər
və bunun yaratdığı ziddiyyətləri
düşünək. Düşünək, ay insanlar,
düşünək! Düzdür, biz öz
fikirlərimizlə tək başına qalmaqdan qorxuruq və
çıxış yolunu əyləncədə
axtarırıq. Bu əyləncələr
təhlükəli olsa da, oraya qaçırıq. Hətta həyat üçün təhlükəli
olsa da. Hər hansı avantüranın əsl
məğzi qarşıya qoyulan məqsədə çatmaq
deyil əslində – insanın özündən qaçmaq istəyidir.
- Yuxularınız gercəkləşir, yoxsa
gördükləriniz elə yuxularınızda qalır?
- İndi xatırlaya bilmirəm hansısa bir arzumu yuxumda
görmüşəm ya yox… Amma mən istəklərimi
özüm öz cabalarımla gerçəkləşdirməyə
çalışmışam həmişə. İnsanı öldürən səbəblərdən
biri də əvvəlcə istəklərinin ölməsidir.
Yenə özümdən sitat: XIX əsr dünya ədəbiyyatında
bu mövzu qırmızı xətt kimi keçir.
Ölmüş istəklər… Hətta əsərlərin
adları da bunları deyir. Balzakın “İtirilmiş illüziyalar”ı,
Dikkensin “Böyük ümidlər”i, Dostoyevskinin
“Alçaldılmış və təhqir olunmuş
insanlar”ı, Stendalın “Qırmızı və qara”sı…
Hər xalqın özünəməxsus inkişaf tempi
var. Dünyanın 200 il əvvəl
keçdiyi yola biz indi qədəm qoymuşuq. Hətta 200 rəqəmini
bu cəmiyyətin üzünə çırpan
qızcığazın da, gözü
açılmamış üzü açılan bu
qızcığazın da, onu bu yollara salan cəmiyyətin də
şüuru 200 il geridədir.
“Biz britaniyalılar özümüzə o
qədər aludə olmuşuq ki, fikirləşirik
özümüz də, ölkəmizdəki hər şey də
Yaradanın şah əsəridir. Buna şübhə eləyən varsa “vətən
xainidir”". Bütün əsərlərində
mövcud quruluşun eybəcərliyini,
saxtalığını ifşa edən Dikens deyirdi bunu.
“Camaatımız hələ o qədər
gənc və sadədir ki, bir təmsilin sonunda əxlaqi nəticə
görmədikdə onun mənasını anlamır. Camaatımız zarafatı sevmir, kinayəni
duymur: bir sözlə, o, yaxşı tərbiyə edilməyib.
Camaatımız hələ bilmir ki, ləyaqətli
bir cəmiyyətdə və ləyaqətli bir kitabda
açıqdan-açığa söyüşə yer verilə
bilməz. Və hal-hazırda ziyalılar
daha iti və gözə görünməyən, bununla belə
yaltaqlıq pərdəsinə bükülmüş
öldürücü, qəti zərbələr endirən
müdhiş bir alət ixtira ediblər.
Siz deyəcəksiniz ki, əxlaq bununla bir şey
qazanmır… Bağışlayın, bəsdir
insanlara şirin şeylər yedirtdiniz. Bu
şirin onların mədəsini pozub, onlara acı dərmanlar,
acı həqiqətlər lazımdır. Lakin bundan sonra siz zənn etməyin ki, bu kitabın
müəllifi insan nöqsanlarının
islahçısı olmaq kimi lovğa bir xəyala
düşüb. Allah onu bu cahillikdən qorusun! Müəllif ancaq zəmanə adamının
portretini öz bildiyi kimi çəkməkdən zövq
alıb. Həm sizin, həm də
özünün bədbəxtliyindən o, belə adamlarla
tez-tez rastlaşıb. Xəstəliyin
göstərilməsi yetər, onun necə müalicə edilməsinə
gəlincə, bunu Allah bilir”.
- Bunu da “Zəmanəmizin qəhrəmanı”nda Lermontov
deyib, 200 il əvvəl.
- Demək olar ki, oxucularla yazarlar arasında bir
körpü salınıb: kitab təqdimatları və ədəbi
müsabiqələr. Bunlarla bağlı nə
deyə bilərsiz?
-Alqışlayıram, burada pis nə var ki? Kitabla, oxumaqla bağlı hər şeyi ancaq dəstəkləmək
lazımdır.
-İradə xanım tənqid olunmusuzmu?
- Tənqid?.. Bəlkə
fikirlərimlə bağlı narazılıq edənlər
olub. Amma peşəkarlıq
baxımından yox, olmayıb. Nəyi tənqid edəcəklər
ki ?…
- Gənc yazarlardan kimləri oxuyursunuz?
- Kimi yaxşı bilirəmsə, oxuyuram. Bu
gün diqqət çəkən gənclər ki var oxuyuram.
Xoşum gəlir – ruhları azaddır, üsyan
var, düzəni dəyişmək istəyi var, bəzən
bundan doğan ifrata varmaq da müşahidə edirəm.
Amma gənclik belə olmalıdır, var olsunlar!
- Taleyə inanırsınızmı?
- İnanıram və bəxt ulduzumun məni
niyə belə gec axtarıb tapdığına da bilmirəm
təəssüf edim, ya sevinim. Gecikdi hər şey, amma yəqin belə
olmalıymış. Bir dəfə ad
günüm ərəfəsində özümlə
bağlı zarafatyana bir yazı yazmışdım. Bir
parçanı diqqətinizə təqdim edim: – Gəl,
gülüm, gəl! Üz-üzə, diz-dizə
oturaq. Gör nə zamandır birlikdə
yol gəlirik. Kimsəyə demədiklərimizi
özlüyümüzdə çək-çevir edirik.
Qazancımız nədir, itirdiyimiz nə? Alacağımız, borcumuz varmı? Bu burulğanın içində burulub-burulub
sındıqmı? Əzilib-əzilib əyildikmi?
Doğrumuz nə oldu, yalanımız nə?
Hansı tərəf ağır gələcək?
Bilirəm bezmisən bu suallardan, ancaq
qaçacaq yer yox ki?! Səhər pəncərədən
baxıb payızın solğun mənzərəsini,
tökülən yarpaqları, duman-çiskini, ya da selləmə
yağan yağışı seyr eləyəndə ürəyindən
nə keçir, gözəlim? Güzgünün
qabağına keçəndə, telinə daraq çəkəndə
elə özünün də bu payızdan fərqlənmədiyini
düşünürsənmi, əzizim? Saç
ağarır, sifətdə hər gün yeni cizgilər peyda
olur, ağrayıb-sızıldayan bədən üzvlərinin
siyahısı böyüyür. Bilirəm,
barışmaq istəmirsən – belini dikəldirsən,
saçlarını düzəldirsən, sifətini
malalayıb qırışları gizlədirsən. Lap
tutalım, bunların heç biri yoxdur – saç da
ağarmayıb, bel də ağrımır, sifət də
hamardır – yaş ki var. Nə qədər gizlətməyə
çalışsan da, nə qədər xoş sözlər
eşitsən də özün bilirsən ki, bu yükü
neçə ildir daşıyırsan… Gəl, gülüm, gəl!
Qoşulaq zamanın iti axarına. Heç nəyin dərinliyinə varmayaq,
canım-gözüm. Gəl, əlimi
uzadıram sənə. İstəyirsən
hayqırım, istəyirsən pıçıltıyla
danışım, yetər ki, aralanma, küsmə, incimə.
Bu “kəndirsiz kəndirbazlar” məmləkətində Sirat
körpüsünün üstündən keçirik birlikdə,
48 ildir…
- Uğur qazanan məşhur insanların bəzilərində
qısqanclıq hissi var. Sizdə necə, o hiss var?
- Deyim ki, özümü uğurlu insan sayıram,
düz olmaz. Çox zəhmət çəkən
və bu zəhmətin bəhrələrini yeyən desək,
bəlkə yerinə düşər. Qısqanclıq
isə yoxdur, tam səmimi deyirəm. 20-ci əsrin
məşhur bir opera divası olub – Mariya Kallas. Ondan belə
bir sual veriblər təxminən, cavabı mənim də
cavabım olsun: “Düşmənlərimin olmadığı
an o deməkdir ki, artıq mən də mövcud deyiləm. Mənim rəqibim yoxdur. Əgər kimsə mənim
kimi oxuya bilsə, səhnədə mənim kimi oynaya bilsə
və mənim bütün repertuarımı olduğu kimi ifa
edə bilsə, bax, o, mənim rəqibim ola
bilərik”.
Òural Qan
Mərkəz.-
2011.- 29 dekabr.- S.13.