Azərbaycan
diasporunun gənc fədakarları
Azərbaycan gənc bir dövlətdir. Dünya
dövlətləri ilə müqayisədə Vətənimiz
hələ ilk addımlarını
atmaqdadır. Buna baxmayaraq, Azərbaycanda gedən
inkişaf prosesi
dünyanın ən qabaqcıl və qocaman
ölkələrini belə geridə qoymaqdadır. İstər
iqtisadiyyat, istər xarici
siyasət, istərsə də həyatın digər sahələrində
ölkəmiz birincilər sırasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulan bu inkişaf indi də uğurla davam etdirilməkdədir. Ölkəmiz yola saldığımız 2011-ci ildə həm
daxildə, həm də xarici siyasətdə
ciddi nailiyyətlər əldə etmişdir. Heç
şübhəsiz ki, bu
nailiyyətlər dövlətin apardığı uğurlu xarici siyasətin
sayəsində mümkün olmuşdur. Bu xarici siyasətin bir hissəsi
də diasporumuzla bağlıdır. Artıq bütün dünyada ciddi bir qüvvə kimi
çıxış edən Azərbaycan diasporu
ölkə başçısı İlham
Əliyevin Türk Xalqlarının
Qurultayında erməni yalanlarının
qarşısının alınmasından danışarkən
səsləndirdiyi “Biz müdafiədən
hücuma keçməliyik”
şüarından sonra daha qətiyyətli mövqe ortaya qoymağa başladı. Təbii ki, bu qətiyyətin və
təşəbbüsün arxasında konkret
şəxslər dayanırdı. Və məhz həmin
insanların sayəsində xaricdə yaşayan
azərbaycanlılar vahid mərkəz ətrafında
sıx birləşərək ölkəmizin milli
maraqları naminə kəskin mövqe nümayiş etdirməyə başladılar.
Özüm Rusiyada təhsil aldığımdan ilin çox hissəsini Moskvada keçirirəm. Rusiyada
3 milyona yaxın azərbaycanlının
yaşadığını nəzərə alsaq,
şimal qonşumuzun bizim üçün nə
qədər önəm kəsb etdiyini
anlayarıq. Rusiyada azərbaycanlıların
sayının kütləvi şəkildə artması
90-cı illərin əvvəllərində
soydaşlarımızın əməkçi miqrant
kimi bu ölkəyə
işləməyə gəlməsi ilə
bağlıdır. Təxminən 20 il əvvəl
Azərbaycandan Rusiyaya getmiş
soydaşlarımız həmin vaxt Rusiya cəmiyyətinə inteqrasiya
etməkdə böyük problemlər
yaşayırdılar. Dili bilməmələri
və digər səbəblərdən onlar
sıxışdırılır, incidilirdilər. Təəssüf
ki, həmin nəslin inteqrasiya
problemi indi də
qalmaqdadır. Onları bəzən cəmiyyət içinə
buraxmır, bəzən də sürətlə yenilənən
Rusiya cəmiyyətinə inteqrasiya
etməkdə lazımi imkanlara sahib ola bilmirlər.
Soydaşlarımız min bir
əziyyətlə qazandıqları pulu
övladlarının təhsilinə yatırırlar. Nəticə
bu gün göz qabağındadır. İndi
17-20 yaşında olan gənc
soydaşlarımız Rusiyanın ən prestijli
ali məktəblərinin tələbələridir.
Bu yerdə Ümummilli
Lider Heydər Əliyevin səsləndirdiyi
bir fikir yadıma düşür: “Cəmiyyətin gələcək
tərəqqisi bir çox
cəhətdən indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır.”
Heydər Əliyev bu sözləri həm də öz
nümunəsində nümayiş etdirmiş oldu. Məhz onun
böyüdüb boya-başa çatdırdığı və
tərbiyə verdiyi nəvəsi Leyla xanım Əliyeva indi
Rusiyada Azərbaycan gənclərinin güc mərkəzinə
çevrilmişdir. Leyla Əliyevanın fəaliyyətini
çoxdan izləsəm də, onunla şəxsi
tanışlığım 26 Fevral 2010-cu il tarixinə təsadüf
etdi. Onda mən Rusiya Fedearsiyası Prezidenti yanında Dövlət
İdarəçiliyi Akademiyasının Hüquq fakültəsinin
2-ci kursunda təhsil alırdım. Günlərin bir
günü dekanlıqdan məni çağırıb dəvətnamə
təqdim etdilər. Açığı, heç gözləmirdim.
Məni Moskvanın ən nüfuzlu “Prezident” Hotelində
keçiriləcək “26 Fevral – Xocalıya Ədalət”
kampaniyası çərçivəsində keçirilən
tədbirə dəvət etmişdilər. Bu, artıq
ardıcıl fəaliyyətin nəticəsi idi – Rusiyada təhsil
alan bütün azərbaycanlı gəncləri axtarıb
tapmaq, onları Azərbaycanın milli maraqları ətrafında
sıx birləşdirmək və bununla da Azərbaycan
diasporunun gücünü, qüdrətini bütün
dünyada möhkəmlətmək.
Həmin tədbirə gələndə həm təəccübləndim,
həm də böyük fəxarət hissi keçirdim. Rusiyanın
demək olar ki, bütün ali təhsil müəssisələrindən
azərbaycanlı gənclər həmin tədbirdə
yaxından iştirak edirdilər. Zalda Rusiyanın
tanınmış ictimai-siyasi xadimləri, jurnalistlər, millət
vəkilləri var idi. Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin
rəhbəri Leyla xanım Əliyevanın tədbirdəki
çıxışı hamı tərəfindən
alqışlarla qarşılandı. “Xocalıya Ədalət”
kampaniyası çərçivəsində həyata
keçirilən tədbirlərin nəinki Rusiyada,
Avropanın bir çox şəhərlərində, habelə
uzaq Amerika və Afrika ölkələrində də
reallaşdığını bildirən Leyla xanım Azərbaycan
həqiqətlərinin bundan sonra da dünya ictimaiyyətinə
çatdırılacağını bildirdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
Azərbaycanın dünyada tanıdılması istiqamətindəki
fəaliyyəti ölkə gənclərinin bu işə fəal
qoşulmasına səbəb olmuşdur
Ümumiyyətlə, Leyla xanım Əliyevanın
Rusiyadakı fəaliyyəti təkcə diaspora ilə məhdudlaşmır.
Onun rəhbərlik etdiyi Rusiya Azərbaycan Gənclər Təşkilatı
eyni zamanda təhsil, səhiyyə və sosial sahələrdə
də çoxsaylı layihələr həyata keçirməkdədir.
Statistikaya görə, Rusiyada 170 min azərbaycanlı gənc
yaşayır. RAGT bu gənclərin fiziki və mənəvi
sağlamlığına dəstək verir. Rusiyanın ən
iri şəhərlərində, uzaq regionlarında əhalinin
sağlamlığının təmin olunması, gənclərin
elm, təhsil yarışlarına cəlb edilməsi istiqamətində
böyük layihələrə imza atılıb. Bunlardan
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada
azərbaycanlı tələbələrin bilik
yarışmasının keçirilməsini, “Əmin ol ki,
sağlamsan, xəstəliyə yox de!” kampaniyası çərçivəsində
Rusiyadakı azərbaycanlı gənclərin və Rusiya vətəndaşlarının
həkim müayinəsindən keçməsini, mütəmadi
olaraq Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə
görüşlərin keçirilməsi və onların
problemlərinin həlli istiqamətində Leyla xanım Əliyevanın
fəaliyyətini, Udmurtiyada Bazar günü məktəbinin
açılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi
adına bağın açılışını,
Rusiyadakı uşaq evlərinə mütəmadi ziyarətlər
və onlara maddi yardımların edilməsini, Azərbaycanın
milli və dövlət bayramlarının Rusiyada yüksək
səviyyədə keçirilməsini və həmin tədbirlərdə
Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin, sənət
adamlarının iştirak etməsini və bu kimi onlarla tədbirləri
misal gətirmək olar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
Azərbaycan mədəniyyətinin xaricdə təbliği
üzrə çox ciddi iş aparır, Azərbaycanın
xaricdə həyata keçirdiyi bütün mədəni
layihələrə dəstək göstərir. Leyla xanım
Əliyevanın bir diaspor lideri kimi fəaliyyəti təkcə
AMOR təşkilatı ilə bitmir. Belə ki, L.Əliyeva
eyni zamanda tanınmış “Bakı” jurnalının baş
redaktoru kimi həm Azərbaycanda, həm də Rusiyada kifayət
qədər nüfuz qazana bilib. “Bakı” artıq 4 ildir rus
dilində nəşr olunur. Jurnalın rus dilində
hazırlanmış ilk sayı 2007-ci ilin dekabrında Moskvada
təqdim olunub. Bu qısa müddət ərzində “Bakı”
jurnalı böyük nüfuz qazanmış və geniş
maraq oyada bilmişdir. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti,
dünəni və bu günü haqqında maraqlı
materiallar təqdim olunur”. Jurnalın bu yaxınlarda həm də
ingilis dilində nəşr edilməsi Azərbaycan həqiqətlərinin
yayılma coğrafiyasının bir qədər də
genişlənməsindən xəbər verir. Jurnalın
çap olunduğu Böyük Britaniyanın “Conde Nast” nəşriyyatının
məsul redaktoru Darius Sanai demişdir ki, ingilis dilində
çıxan nəşr Azərbaycanı maddi və mənəvi
sərvətləri ilə dünyaya tanıdır. O, jurnalın
hazırlanmasında Leyla Əliyevanın dəyərli,
innovativ ideyalarla çıxış etdiyini vurğulayıb.
D.Sanai qeyd etmişdir ki, ingilis dilində çıxan nömrədə
Azərbaycanın zəngin incəsənəti, mədəniyyəti
haqqında maraqlı materiallar verilib.
Rusiya Federasiyası həm Azərbaycanın şimal
qonşusu kimi, həm də 3 milyon azərbaycanlının
yaşayış yeri kimi bizim üçün çox
böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən
də belə bir coğrafiyada diaspor siyasətinə Leyla Əliyeva
kimi gənc, perspektivli bir ictimai xadimin rəhbərlik etməsi
çox sevindiricidir.
Eyni zamanda bu gün bütün dünyanın Avropa dəyərlərinə
inteqrasiya olunduğu bir dövrda Azərbaycanın
Avropadakı diaspor fəaliyyətinin gücləndirilməsinə
də ciddi ehtiyac var idi. Bu səbəbdən Avropada Azərbaycanın
tanınmasında, Dağlıq Qarabağ kimi
ağrılı problemimizin Avropanın sıravi vətəndaşlarına,
siyasət düşərgəsinə tanıdılmasında
aparıcı rol oynayan Avropa-Azərbaycan Cəmiyyətinin fəaliyyətini
xüsusilə qeyd etmək istərdim. Məhz Avropa-Azərbaycan
Cəmiyyətinin Böyük Britaniyada, mən deyərdim,
Avropanın tam mərkəzində Azərbaycan naminə fəaliyyəti
artıq öz bəhrəsini verməkdədir. Avropa-Azərbaycan
Cəmiyyətinin rəhbəri Tale Heydərov gənc
olmasına baxmayaraq, müasir dünyagörüşlü
şəxsiyyət kimi Avropada kifayət qədər
tanınır. Tale Heydərov London iqdisadiyyat məktəbində
beynəlxalq münasibətlər və tarix üzrə
bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və
qlobal idarəetmə üzrə magistr dərəcəsinə
malikdir.
Azərbaycanın Avropadakı haqq səsi
Çıxışlarının birində “Azərbaycan
diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində
Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən
qat-qat güclüdür” deyən Tale Heydərov Azərbaycanı
xarici ölkələrdə ləyaqətlə təmsil edir.
Rəhbərlik etdiyi Cəmiyyətin əsas fəaliyyət
istiqaməti Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, ölkəmizi dünyaya daha
yaxından tanıtmaqdır. Tale Heydərovun beynəlxalq səviyyəli
mərasimlərdə Dağlıq Qarabağa “erməni təcavüzü”,
Amerikanın insan hüquqları və demokratiya haqqında
hesabatlarında “ikili standartlar” haqqında çıxışlar
etməsi və Konqresin Dağlıq Qarabağ anklavına
humanitar yardımı təmin etmək səylərindən
şikayətlənməsi Azərbaycanın beynəlxalq
arenada daha bir ictimai uğuru kimi də qiymətləndirilə
bilər.
Tale Heydərov Azərbaycanın dünyada
tanıdılması istiqamətində gərgin səylərini
bu gün də davam etdirir. Onun bu yaxınlarda təqdimatını
etdiyi “Qafqazda erməni məsələsi” kitabı da deyilənlərin
əyani təzahürü rolunda çıxış edir.
Kitabın təqdimatı zamanı verdiyi
açıqlamada Tale Heydərov bildirib ki, rəhbərlik
etdiyi cəmiyyətin London, Berlin, Brüssel və Bakıda
ofisləri var. Təşkilatın əsas məqsədi Azərbaycanı
Avropada siyasi, iqtisadi və mədəni aspektdən
tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə,
biz ilk növbədə Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətləri dünyaya
çatdırmağı nəzərdə tuturuq. Bizim nəşriyyatlarımız
var, kitab, jurnal, qəzet nəşri ilə məşğuluq.
Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr
olunub, hər ay qəzetimiz çıxır, bir sıra Avropa
ölkələrinin parlament üzvlərinə paylanır.
Xocalı soyqırımı haqqında nəşr etdiyimiz
kitab dünyanın müxtəlif universitet və
institutlarına paylanıb”.
Bizim hamımızın bir Vətəni
var – Azərbaycan!
Gənc olmalarına baxmayaraq, hər iki şəxs Azərbaycan
Respublikasının milli maraqları naminə, onun dövlətçilik,
ərazi bütövlüyü, suverenlik prinsiplərinin
qorunması istiqamətində kifayət qədər uğurlu
fəaliyyət göstərmişlər. Heç şübhəsiz
ki, bu cür fəaliyyət Azərbaycan xalqının və
dövlətimizin diqqətindən yayına bilməzdi. Bu ilin
yay aylarında ölkə başçısı İlham Əliyevin
bir sərəncamı lap yerinə düşdü. Gəncliyin
ən vətənpərvər, ən fədakar və
tanınmış iki siması – Leyla xanım Əliyeva və
Tale Heydərov Azərbaycan diasporunun inkişafındakı
xidmətlərinə görə “Tərəqqi” medalı ilə
təltif olundular. Bu, Azərbaycan dövlətinin gənclərinə
verdiyi dəyərin bariz nümunəsi idi.
Sonda fikrimi Ümummilli Lider Heydər Əliyevin bir
cümləsi ilə tamamlamaq istərdim: “Bizim
hamımızın bir Vətəni var – Azərbaycan”. Bu fikrin
məntiqi davamı olaraq, demək istəyirəm ki, bizim
xaricdə yaşayan böyük ailəmiz var, bu, azərbaycanlılardır.
Onlar öz doğma Vətəninə bağlı olan
adamlardır. Bizi fərqləndirən cəhət ondan ibarətdir
ki, harada yaşamağımızdan asılı olmayaraq,
öz Vətənimizə bağlıyıq. Bura bizim Vətənimizdir,
hamımızın Vətənidir. Müstəqil Azərbaycan
bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz
var – Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var – Azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki,
onların arxasında
güclü Azərbaycan
dövləti dayanır
və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər.
Əhməd
ŞAHİDOV,
Filologiya üzrə Fəlsəfə
Doktoru,
Rusiya Federasiyası Prezidenti yanında
Dövlət İdarəçiliyi Akademiyasının
“Hüquq” fakültəsinin tələbəsi
Mərkəz.- 2011.- 31 dekabr.- S. 4-5.