«İnanıram
ki, ədalətli seçim olacaq»
İlhamə
Qasımova: «Şou ilə Avropa
tamaşaçısının diqqətini cəlb etmək
mümkün deyil»
Bu
ilin may ayında Almaniyada keçiriləcək nüfuzlu
«Eurovision» mahnı müsabiqəsində ölkəmizi təmsil
edəcək müğənninin seçimi ilə
bağlı son turun vaxtının uzadılması namizədləri
intizarda qoyub. Beşliyə
düşən namizədlər bu mərhələyə qədər
gəlib çatmalarını uğur hesab etsələr də,
hər biri beynəlxalq müsabiqədə ölkəmizi təmsil
etmək iddiasındadır. Münsiflərin qərarı
açıqlanmayana qədər bu şanslı namizədin
kim olacağı sirr qalsa da, hər kəsin öz favoriti var.
Bu beynəlxalq müsabiqəyə milli seçim
turlarını həvəslə izləyənlərin əskəriyyəti
İlhamə Qasımovanı şanslı sayırlar. Görək
çoxlarının fovoriti olan İlhamə Qasımova nə
düşünür, qalib olacağına əmindirmi?
-
Solo çıxışından sonra bu müsabiqədə
ölkəmizi sənin təmsil edəcəyinlə
bağlı açıqlamalar verilir. Sən necə, digər
iştirakçılardan daha şanslı olduğunu
düşünürsənmi?
- Bunu ancaq münsiflər söyləyə
bilər. Özümü tərif edə bilmərəm. Mən
öz imkanlarımı göstərdim. İndi qərar
münsiflərindir. Kimi layiq bilirlərsə, yəqin ki, həmin
namizədi də göndərəcəklər.O ki qaldı
digər namizədlərə onların da hərəsinin
özünəməxsus oxu tərzi, səs imkanları var. Əgər
onlar beşliyə qədər gəlib çatıblarsa, deməli,
onların hər biri istedadlıdır.
-
Tanınmış sənət adamları da sənin namizədliyini
dəstəkləyirlər. İlhaməyə olan inamın
kökündə nə dayanır?
- Öncə mənim ifam barədə
yüksək fikir söyləyən hər kəsə minnətdarlığımı
bildirirəm. Düşünürəm ki, peşəkarlar rəyi
ancaq və ancaq ifaya görə verirlər. Yəqin ki, burada mənim
təcrübəm də rol oynayır.
- İlhamə birdən-birə
parladı. Qısa zaman kəsiyində tamaşaçılar
tərəfindən sevildi. Səncə, bu uğurda İlhamənin
rolu çox idi, yoxsa onu səhnəyə
hazırlayanların?
- Mənim istedadım vardı. Bu
istedadı üzə çıxartdılar. Əlbəttə,
üzərimdə böyük əmək sərf olundu. Zəhməti
olanların əməyini heç vaxt unutmaram.
-
Səhnə fəaliyyətində «Yeni Ulduzu» tramplin
sayırsan?
- Sözsüz. Mən «Yeni Ulduz»da
yetişmişəm. Düzdür, ondan əvvəl də
müsabiqələrə qatılmışam. «Bakı
Payızı» müsabiqəsində iştirak etmişəm.
Amma «Yeni Ulduz» mənim sənətdə uğur
qazanmağım üçün sıçrayış oldu.
-
Özünü kimin yetirməsi hesab edirsən?
-
Əlbəttə ki, Mübariz Tağıyevin. Onun mənim
üzərimdə zəhməti böyük olub. Fəxr edirəm
ki, Mübariz Tağıyevin yetirməsiyəm.
-
Hərdən səni Selin Diona bənzədirlər. Olmaya
şou-biznesdəki müğənnilər kimi sən də
özünə ad qoymusan?
-
Yox, qətiyyən. Adıma Selin Dion əlavə edəndə
çox əsəbiləşirəm. Ona görə yox ki, mən
bu müğənnini bəyənmirəm. Sadəcə olaraq
mənim o müğənnin səviyyəsinə gəlib
çatmağıma çox var. Səhnədə
özüm olmaq istəyirəm.
-
«Eurovision» müsabiqəsinə qatılan
iştirakçının ingilis dili bilməsi vacibdir. Sən
necə, dili bilirsənmi?
-
İngilis dilini özümə lazım olan qədər, yəni
danışıq dili səviyyəsində bilirəm. Xarici
ölkələrə gedəndə ingilis dilində
danışmaq üçün yanımda dilmanc aparmıram.
-
Finala vəsiqə qazandın. Münsiflərin ədalətli
qərar çıxaracağına əminsənmi?
-
Əminəm. Kim layiqdirsə, onu da göndərəcəklər.
Çünki söhbət bu möhtəşəm müsabiqədə
kimin yox, Azərbaycanın təmsil olunmağından gedir.
-
Mətbuatda gedən məlumatlara görə, artıq
«Eurovisiona» gedəcək namizədin adı bəllidir. Bu məlumatlar
səni ruhdan salmır ki?
-
Yox, qətiyyən. Mən inamla münsiflərin qərarını
gözləyirəm.
İnanıram
ki, ədalətli seçim olacaq.
-
Səncə, bu beynəlxalq müsabiqədə
avropalıları necə təəccübləndirmək
olar? Yəni, burada səs əsasdır, performans yoxsa xarici
görkəm?
-
Avropada texnika o qədər sürətlə inkişaf edib ki,
orda hansısa tryukla tamaşaçını ələ almaq
çətin məsələdir. Sadəcə, gözəl
bir şou ilə Avropa tamaşaçısının diqqətini
cəlb etmək mümkün deyil. Düşünürəm
ki, biz avropalıların ürəyinə gözəl ifa ilə
yol tapa bilərik. Gözəl görüntü də olsa, bu
vəhdət tamamlanar. Ötən il Almaniyanın bu müsabiqədə
uğur qazanmasının bir əsas səbəbi də
Lenanın oxuduğu mahnının qəlbəyatımlılığında
idi. Həmçinin, o, Dima Bilanla promoturlarda iştirak etdi. Bu
da onun gələcək qələbəsində mühüm
rol oynadı. Demək olar ki, Lena «Eurovision» səhnəsinə
çıxanda hamı onu tanıyırdı. Bu da
mühüm amildir. O ki qaldı xarici görünüşə,
mənim fikrimcə, biz bir şeyi yaddan
çıxarmamalıyıq. Azərbaycan mahnı
yarışmasına gedir, hansısa gözəllik
yarışmasına yox.
-
Müsabiqənin milli seçim turundan uğurla
çıxdın. Bu qədər namizəd arasından finala
vəsiqə qazanmaq çətin olmadı ki?
-
Xeyli əmək sərf etdim. Mən öz üzərimdə
işləməkdən zövq alıram. Hər bir sənətçi
belə olmalıdır. Əgər qarşıma məqsəd
qoymuşamsa ki, Azərbaycanı «Eurovision»da təmsil edim, bu
amal uğrunda əzmlə çalışmalıyam.
-
Beşliyə düşən namizədlərdən kimi
özünə rəqib görürsən?
-
Onların hər biri çox istedadlı namizdlərdir.
Kİmisə zəif iştirakçı saymıram. Hərəsinin
ifasının özünəməxsusluğu var və təbii
ki, hər biri belə bir möhtəşəm
yarışmaya qatılmağı arzulayır. Amma içərimizdən
hansımız daha layiqli və şanslıyıqsa, yəqin
ki o da gedəcək.
-
Azərbaycanı «Eurovision»da təmsil edən iki
iştirakçı «Yeni Ulduz» müsabiqəsinin yetirmələridir.
Səndə Səfurə və Ayseldən fərqli olaraq bu
müsabiqənin qalibisən. Bəs niyə əvvəlki illərdə
«Eurovision» beynəlxalq mahnı müsabiqəsinə
qatılmaq fikrinə düşməmişdin?
-
Əslində, mən bu müsabiqəyə bir dəfə
qatılmışam. Amma həmin ərəfədə xeyli
müğənni sənəd vermişdi.
Açığı həmin vaxt özümü tam hazır
saymırdım. Bəlkə də, bunun üçün zaman
lazım idi və indi bu zaman artıq yetişib. Özümü
yarışmaya tam hazır sayıram.
Mənim
bir məqsədim var; müsabiqəyə qatılıb,
birincilik əldə etmək. Təbii ki, bunun üçün də
tam hazırlıqlı olmalıydım.
Mərkəz.- 2011.-1 fevral.- S.7.