Kinomuzun 10 illik durumu

 

Ayaz Salayev: «Son 10 ildə Azərbaycanda yaxşı film çəkilməyib»

 

Hər il dünyanın tanınmış kinoşirkətləri, eləcə də ayrı-ayrı ölkələrin nüfüzlu qurumları tərəfindən müsabiqələr keçirilir ünlü kino xadimlərinin iştirakı ilə ilin «ən yaxşı film»ləri, «onluq»lar, «beşlik»lər, «üçlüklər»… müəyyənləşdirilir. Əfsüslar olsun ki, Azərbaycan heç vaxt bu gözəl ənənədən bəhrələnməyə çalışmayıb. Bəlkə də son illər kino aləmində yaranan böhranlı vəziyyət «əl-qolumuzu bağlayıb». Yaxud da yaranmış durumun nəticəsi olaraq ortaya keyfiyyətli məhsulun çıxarılmaması və çəkdiklərimizin elə «öz qazanımızda qaynaması» bizləri belə müsabiqələrdən çəkindirir. Digər tərəfdən, əgər dövlət kinomuza bəlli məbləğdə vəsait ayırırsa və hər il dövlət sifarişi ilə azı 5-6 film çəkilirsə, onların içərisindən «ən yaxşılarını» da müəyyən etmək olar axı. Bəlkə, elə bu missiyanı özümüz üzərimizə götürüb, sorğu keçirəkson 10 ilin «ən yaxşı bədii filmi»ni müəyyənləşdirəkElə isə başladıq.

 

Görməmişəm, yalan deyim?

 

Yazıçı Əkrəm Əylisli nə qədər fikirləşsə də, son 10 ildə çəkilən filmlərdən birinin belə adını xatırlaya bilmədi: «Mənim baxdığım və bəyəndiyim filmlər sovetin «yıxılmağına» 10 il qalmış çəkilən filmlərdir. İndikiləri soruşmayın, cavab vermək çətindir, çünki görməmişəm, yalandeyim

 

Xəbərim yoxdur

 

Milli Konservatoriyanın rektoru, tanınmış bəstəkar Siyavuş Kərimi - «Bu sualı kinematoqrafçılarımıza ünvanlayın, qoyun onlar cavablandırsınlar, son 10 ilin ən yaxşı filmi hansıdır» - deyib dursa da, xeyli çək-çevirdən sonra danışdı: «Çəkilən filmlərin hamısından xəbərim yoxdur, deyim? Amma Eldar Qliyevin «Girov», Rüstəm İbrahimbəyovun «Əlvida, cənub şəhəri» filmləri yaxşıdır».

 

Yadımda qalmayıb…

 

Yazıçı Vidadi Babanlı - «Çox çətin sual verdiniz» - desə də, suala asanlıqla cavab verdi: «Sözün açığı, son illər çəkilən filmlərin heç biri mənim diqqətimi çəkməyib. Baxmışamsa da, yadımda qalan olmayıb. Bu filmləri harada çəkirlər, necə çəkirlər, kimin üçün çəkirlər, vallah bilən yoxdur. Elə onda eşidirik ki, kimsə film çəkib, amma ortaya çıxarılası halda deyil». Xeyli düşündükdən sonra yazıçı az-çox bəyəndiyi filmin adını çəkdi: Vaqif Mustafayevin «Yoxlama»sı. Onu da öyrəndik ki, Vidadi Babanlının filmlə bağlı tənqidi qeydləri də var, amma həmsöhbətimiz həmin qeydlərin nədən ibarət olduğunu sirr saxladı.

 

Çəkilməyib…

 

Sualımız kinorejissor Ayaz Salayevixeyli fikirləşməyə məcbur etdi. Amma axırda gözlənilməz bir cavabla qarşılaşdıq: «Son 10 ildə ən yaxşı film hansıdır sualına cavabım budur: Azərbaycanda belə bir film hələ çəkilməyib».

 

«Hər şey yaxşılığa doğru»

 

Peşəkar televiziya mütəxəssisi Zeynal Məmmədli kino aləmində baş verən durğunluqla bağlı son illər kinomuzun sıfırdan başladığınıbuna görə ortaya hələlik primitiv məhsulların çıxarılmadığını deyir. Bununla belə, Z.Məmmədli son 10 ilin ən yaxşı filmi kimi rejissor Vaqif Mustafayevin «Hər şey yaxşılığa doğru» filminin adını çəkdi. (Qeyd edək ki, sözügedən film 1997-ci ilin istehsalıdır-c.S)

 

Gördüm, xəcalət çəkdim

 

Muğam Teatrının direktoru, rejissor Arif Qazıyev - «Yeni filmləri görməmişəm, heç inanmıram da təzə filmlər içində fərli bir ekran əsəri olsun» - dedi. Səbəbini isə indiki nəsil rejissorların lazımi potensiala malik olmamaları ilə izah etdi: «Hansı potensialla film çəkəcəklər? Düz-əməlli ssenari yox, rejissorlar nə çəkdiklərini özləri də bilmirlər, əllərində olan az-çox aktyor potensialından düzgün istifadə etmirlər. Xalqın qəhrəmanlıq simvolu cavadxan haqqında film çəkiblər, o boyda sərkərdəni pis kökə qoyublar. Elə ona görə də ortalığa çıxarmağa üzləri gəlmir. Televizorda bir-iki kadra baxdım, xəcalət çəkdim. Filmə tam baxanlar da «əllərini yelləyirlər»». Arif Qazıyev həmin filmin yenidən başqa rejissor tərəfindən çəkilməsini də məsləhət gördü.

 

Ağlıma gəlmir e

 

Alim, tanınmış astroloq Firudin Qurbansoy - «Çətin sualdır, vaxt verin, fikirləşim» - desə də, yadına heç bir film sala bilmədi: «Sözün açığı ağlıma bir film gəlmir e».

 

İzləməmişəm

 

Yazıçı-dramaturq Elçin Hüseynbəyli son 10 ildə çəkilən filmlərin çoxundan xəbərsiz olduğunu söylədi: «Həmin filmləri bəlkə də göstəriblər. Amma mənim onları izləmək imkanım olmayıb. Bircə onu deyə bilərəm ki, hansı illəri əhatə etməyindən asılı olmayaraq, Vaqif Mustafayevin filmlərini bəyənirəm, çünki onda eksperiment yaxşı alınır».

… Sualı özümə də ünvanladım, amma «yaman yerdə axşamlamışdım». Çünki cavab üçün «baş sındırmalı oldum». Məni qınamayın, gərək filmə baxasan ki, qiymət də verə biləsən. Hər kəs bilir ki, son illər çəkilən filmlərin tez-tələsik prezentasiyaları keçirilir, elə onunla da «kitabı bağlanıb» arxivə tullanır. Kinoteatra gəlincə də, Allaha şükür, saz vəziyyətdə bir «Azərbaycan» kinoteatrmız var, orada da yalnız əcnəbi filmlər nümayiş olunur. Təsadüfi halda, hansısa yeni çəkilmiş filmi televiziya ekranında seyr etmək olar. Amma inanmıram o filmi axıracan seyr etməyə kimdəsə həvəs olsun. Çünki… Qərəz, son 10 ilin «ən yaxşı filmi»ni müəyyən edə bilmədik.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2011.- 4 fevral.- S. 11.