Azərbaycan Sığorta Assosiasiyası sahibkarlar üçün konfrans keçirib

 

Azərbaycan Sığorta Assosiasiyası (ASA) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə yeni qəbul olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tətbiqi ilə bağlı sahibkarlar üçün konfrans keçirib.

Sahibkarlar üçün maarifləndirmə məqsədilə keçirilən tədbirdə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov, ASA-nın prezidenti Azər Əliyev yeni qəbul edilmiş qanun haqqında məlumat verərək görüşün əsas məqsədinin sahibkarlar tərəfindən qanunun müddəalarının daha yaxşı başa düşülməsi, eyni zamanda, bu qanunun tətbiqi ilə bağlı qaranlıq qalan məsələlərə aydınlıq gətirilməsidir.

Qeyd edək ki, 2010-cu il iyul ayında qüvvəyə minən qanun əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslərin iş yerində öz peşə əmək qabiliyyətini itirməsi nəticəsində dəyən zərərə görə kompensasiyanın verilməsini nəzərdə tutur.

Konfransda çıxış edən ASA-nın prezidenti Azər Əliyev bildirib ki, istehsalat prosesində hər kəs bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öz həyatını və sağlamlığını itirə bilər: “Elə bu zaman onun özünün və ya ailə üzvlərinin digər şəxslərə möhtac qalmaması üçün itirdiyi qazanc sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Bu qanun cəmiyyətin böyük bir təbəqəsinin maddi təhlükəsizlik mənbəyidir. Qeyd olunan qanun işçilərlə yanaşı, işəgötürənlərin də maraqlarına xidmət edir. Belə ki, bu qanun qəbul olunanadək istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçi öz peşə əmək qabiliyyətini itirərdisə, bu halda ona dəyən zərəri işəgötürən öz hesabına ödəməyə borclu idi. Bu qanunun qəbulundan sonra isə işəgötürən işçiyə verəcəyi kompensasiyadan azad edilir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi (DƏM) rəisinin müavini Məhərrəm Məhərov isə bildirib ki, bu qanunun tətbiqi ilə əlaqədar DƏM bu ilin fevral ayından başlayaraq bütün müəssisə və təşkilatlarda işçilərin icbari sığortalanması ilə bağlı yoxlamalara başlayıb: “Burada əsas məqsəd işçilərin icbari sığortalanması üzrə müəssisə rəhbərlərini məlumatlandırmaq və maarifləndirmə işlərini aparmaqdır. Fevral ayı ərzində öz işçisini bu sığorta növü üzrə sığortalamayan müəssisə və təşkilatlara hələlik cərimə tətbiq olunmayacaqdır. Çünki elə müəssisə və təşkilatlar var ki, bu qanunla bağlı ətraflı məlumatlandırılmayıb”.

Həmçinin qeyd olunub ki, respublikada fəaliyyət göstərən bütün idarə və müəssisələrdə çalışanların hamısı bədbəxt hadisələrdən və peşə xəstəliklərindən, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmalıdır. Qanun Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatlara şamil olunur. Eyni zamanda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də işçilərini sığorta etdirməlidirlər”.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.

 

 

Saməddin

 

Mərkəz.- 2011.- 4 fevral.- S. 6.