Sabir
Rüstəmxanlı Güney Azərbaycan türklərinə
müraciət edib
Xalq
şairi, millət vəkili, Dünya Azərbaycanlıları
Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı
İranda yaşayan Azərbaycan türklərinə
«Azadlıq yolu hər bir yurddaşın qeyrətindən
keçir (Güneyə məktub)» adlı müraciət
ünvanlayıb. Bu barədə «Mərkəz»ə DAK mətbuat
xidmətindən məlumat verilib.
Müraciətdə
qeyd olunur ki, Rusiya ilə Qacar səltənəti arasında
baş verən müharibədən sonra Gülüstan və
Türkmənçay müqaviləsinin şərtləri əsasında
Azərbaycan ikiyə bölünüb: «Bu siyasi bölgü
bizi heç vaxt ayıra bilməyib; eyni ləhcə ilə
danışır, eyni acıları yaşayır, eyni
mahnıları oxuyur, eyni ağılara ağlayırıq... Türk
dünyasını parçalamaq istəyən böyük
güclərin yardımı ilə keçən əsrin
20-ci illərində İranın minillik türk hakimiyyəti
devrilib farslara təslim edildi və bu qədim türk yurdunu tədricən
Farsistana çevirmək siyasətinə rəvac verildi. Pəhləvi
rejiminin və İslam cümhuriyyəti
başçılarının apardığı assimliyasiya
siyasəti indi də davam edir və ildən-ilə genişlənir.
Bütün bunlara baxmayaraq, İran adlanan ölkədə 35,
Azərbaycan Respublikasında 10 milyon türk yaşayır. Bir
neçə milyonumuz da dünya ölkələrinə səpələnib!..
Bu bölgədə farsların, ermənilərin gəlişindən
çox-çox əvvəllərdən yaşayan və 5-6
minillik tarixi olan, son min ildə İranı birləşdirib
böyük dövlətə çevirən, Səlcuq, Atabəylər,
Qaraqoyunlar, Ağqoyunlar, Səfəvilər dövlətlərini
quranlar bizik. Azərbaycan
türkləri! Lakin bu gün tarixlə öyünmək
zamanı deyil! Bu günümüzə və gələcəyimizə
baxmalıyıq! Baxmalıyıq və düşünməliyik!..
Biz ya kənar qüvvələrin və türk düşmənlərinin
bizi düşürdüyü durumla barışaraq,
başqalarına xidmət göstərərək
param-parça bir şəkildə məhvə doğru gedəcəyik,
ya da iradəmizi, ağlımızı,
gücümüzü ortaya qoyaraq öz tarixi
coğrafiyamızda azad gələcəyimizi qurmaq uğrunda
vahid, müstəqil, bütöv Azərbaycan uğrunda
mübarizə aparacağıq! Ya əsarətə boyun əyərək,
adımızı, dilimizi unudaraq, atalarımızın qəhrəmanlıq
ruhuna xəyanət edərək farslaşıb yox
olacağıq, ya da «yetər, bizi məhv edə,
varlığımızı, kimliyimizi, ruhumuzu əlimizdən
ala bilməzsiniz!», - deyib ayağa qalxacağıq! Başqa yol
qalmayıb!»
Məktubda İranın Ermənistanla
sıx əlaqələr qurması da pislənilir və Azərbaycan
türkləri dövlətin bu siyasətinə qarşı
çıxmağa çağırılır:
«Dünyanın bütün böyük dövlətləri
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Ancaq bu, İranı ilgiləndirmir. Bu, necə İslam vəhdəti,
müsəlman həmrəyliyidir?! Bunu hansı insanlıq
qanununa, qonşuluq, dinc yanaşı yaşamaq ənənələrinə
aid etmək olar?! Belə ikiüzlü siyasətin adı nədir?»
İranda insan hüquqlarının
pozulmasına diqqəti yönəldən S.Rüstəmxanlı
məktubunda zülm və ədalətsizliyin məhşərə
kimi davam edə bilməyəcəyini qeyd edib: «…
İraqın, Əfqanıstanın taleyi göstərir ki,
xoşbəxtliyi, demokratiyanı, ədaləti kənardan
gözləmək gülünc və xəyanətdir. Ancaq əmir,
şah, kral, şeyx, ayətullah, prezident, baş nazir adı
altında müsəlman dünyasına hakim kəsilmiş
despotizmin, tirançılığın, qanunsuzluğun, milli
və insani haqların tapdalanmasının da bir sonu
olmalıdır və olacaq! Torpaqlarımızı erməni
işğalından təmizləyəcəyimizə, tarixi ərazilərimizdə
bütöv, azad, demokratik, inkişaf etmiş bir Azərbaycan
quracağımıza inanırıq! Bunun yolu hər bir azərbaycanlının
şüurundan və qeyrətindən keçir! Güneydə
də, Quzeydə də!»
Səxavət Həmid
Mərkəz.- 2011.-4 fevral.- S.5.