Fevral ayı Ukraynada "Xocalı ayı" elan edildi

 

İslam Konfransı Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə fevral ayı Ukraynada "Xocalı ayı" elan edilib.

Bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyi məlumat yayıb. Bununla bağlı növbədənkənar toplantı keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyəti fevral ayında Ukraynanın bir çox vilayət şəhərlərində Xocalı soyqırımı ilə bağlı həyata keçiriləcək tədbirlər planını təsdiqləyib. Toplantıda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək 2008-ci ildən başlayaraq, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. A.Tahirov Xocalı faciəsinin 20-ci əsrin ən amansız faciəsi olduğunu deyib. Qeyd olunub ki, Ukraynada "Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçiriləcək tədbirlərə Ukraynanın bir sıra yerli gənclər təşkilatları qatılacaq. Fevralın 10-dan başlayaraq, Ukraynanın bir çox vilayət şəhərlərində silsilə tədbirlər keçiriləcək.

"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü ilə Ukraynanın Nikolayev, Simferopol, Donetsk, Dnepropetrovsk, Xarkov Kiyev şəhərlərinin mərkəzi meydanlarında imza toplama aksiyası keçiriləcək. Fevralın 26-da Ukraynanın bir sıra şəhərlərindən gənclərin Kiyev şəhərinə üzərində "Xocalıya ədalət!" sözləri yazılmış avto-yürüşü olacaq. Yürüş iştirakçıları Ermənistanın Ukraynadakı səfirliyinin, ATƏT-in BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirəcək, adı çəkilən qurumlara qətnamələr təqdim edəcəklər.

 

 

Səxavət

 

Mərkəz.- 2011.- 4 fevral.- S.3.