"Çinar ömrü" təqdim olundu

 

Xalq şairi Rəsul Rza haqqında yeni sənədli film çəkilib. Ramiz Həsənoğlunun rejissor yozumunda ərsəyə gələn filmin dünən Kinematoqrafçılar İttifaqının kino evində təqdimat mərasimi keçirildi.

Mərasimdə millət vəkilləri Gülər Əhmədova, Fəttah Heydərov, Arif Alışanov, yazıçı Anar, eləcə də tanınmış qələm sahibləri və mədəniyyət xadimləri iştirak etdi. Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev və teatrşünas İlham Rəhimli filmlə bağlı məlumat verdilər. İ.Rəhimli "Çinar ömrü" adlı filmin yüksək məna yükünə malik olduğunu söylədi: "Filmin "Çinar ömrü" adlanması 3 mənanı ifadə edir. Əvvələn, Rəsul Rza çinar ağacını çox sevirdi, ikincisi, çinar Göyçayın rəmzi kimi xatırlanır, üçüncüsü də, çinar 500, 1000 il ömür yaşayır. Rəsul Rza yaradıcılığı da çinar ömrü qədər uzun, köklü-budaqlı və çoxşaxəlidir".

Sonra filmin təqdimatı oldu. Rəsul Rzanın mənalı ömür yolu və yaradıcılığı filmboyu tamaşaçıya təqdim olundu. Film Rəsul Rzanın "Çinar" şeiri ilə başlandı. Filmdə həmçinin, böyük şairin oğlu, yazıçı Anar, həyat yoldaşı, lirik şeirlər müəllifi Nigar xanım Rəfibəyliyə də geniş yer verilib. Böyük öndər Heydər Əliyevin Anar haqqında söylədiyi xoş fikirlər də filmdə öz əksini tapıb.

 

 

Cəvahir

 

Mərkəz.-2011.- 4 fevral.- S. 3.