«Azərbaycanda
çox rahat yaşadım»
Həbib
Kaya: «Azərbaycan mediasının ən yüksək səviyyədə
inkişafı Türkiyənin sevinci olacaq»
Müsahibimiz Türkiyə
cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat
xidmətinin rəhbəri Həbib Kayadır. H.Kaya bu vəzifəyə
təyin edildikdən sonra Azərbaycan mətbuatı ilə
bağlı bir çox dəyərli layihələrə imza
atıb.
Türkiyə Nazirlər Kabinetinin Mətbuat,
Yayım, İnformasiya Baş Müdirliyində də
(Başbakanlık Basın, Yayın, Enformasyon Genel
Müdürlüğü) çalışan H.Kaya bu
günlərdə Azərbaycandakı vəzifəsini bitirib,
Türkiyəyə dönəcək. Azərbaycanı sevən,
burda xidmət etməkdən yüksək zövq alan H.Kaya ilə
Azərbaycandakı layihələri, Türkiyə və Azərbaycan
mediasının çağdaş durumu ilə bağlı
söhbətləşdik.
- Həbib
bəy, Azərbaycana nə zaman gəldiniz?
-
28 iyul 2010-cu ildə Azərbaycana gəldim. Rəsmi olaraq vəzifəmə
2 iyul 2010-cu ildə başladım.
-
Öncə Azərbaycanda olmuşdunuzmu?
-
Azərbaycanda olmamışdım. Amma Tacikistan, Özbəkistan
və Türkmənistanda olmuşdum. Azərbaycana ilk gəlişim
idi. Bura tamamən öz istəyimlə gəlmişəm.
-
Azərbaycanı görməmişdiniz... Amma hər-halda Azərbaycanla
bağlı düşüncələriniz vardı.
-
Azərbaycanı heç görməmişdim. Ancaq Azərbaycanın
bizə çox yaxın olduğunu bilirdim. Dili, dini, adət-ənənəsi,
gələnəkləri və s. bizə çox
yaxındır. Daha çox anlaşa biləcəyim,
özümü rahat hiss edə biləcəyim
üçün bu ölkəni seçdim.
-
Bəlkə, Azərbaycanla bağlı başqa
düşüncələriniz də olub. Siz
düşündüklərinizi Azərbaycanda görə
bildinizmi?
-
Bura başqa bir düşüncə ilə gəlməmişdim.
Azərbaycanla bağlı, ancaq xoş düşüncələrim
vardı. Sadəcə, xidmət etmək istəyim vardı.
-
Az öncə dil, din, adət-ənənə
bağlılığından danışdınız...
-
Təbii ki, dil, din, adət-ənənələrimiz oxşar
olduğu üçün burda daha rahat xidmət edəcəyimi
düşündüm.
-
Azərbaycanda sizi heyrətləndirən səbəblər
oldumu?
-
Xeyir, heç bir xəyal qırıqlığım
olmadı. Bütün düşündüklərimin eynisi
oldu.
-
O zaman nə üçün Türkiyəyə tez dönməyə
qərar verdiniz?
-
Tez dönmək qərarını mən vermədim. Bunu
qanunlar tənzimləyir. Çünki hal-hazırda mən iki
vəzifə daşıyıram. Təşkilatımızda mənim
xidmətimə ehtiyac duyulduğu üçün geri dönməyim
lazımdır.
-
Bir müddət sonra sizi Azərbaycanda görmək
şansımız varmı?
-
Ola bilər. Ordakı işlərimdə bir yenilik olarsa, 3-5
illiyə yenidən bura gəlmək şansım var. Yəni,
müvəqqəti yox, uzunmüddətli bura gəlmək
şansım ola bilər.
-
Burda olduğunuz müddətdə Azərbaycan türkcəsini
də öyrənmisiniz.
-
Bəli, bilirəm, ancaq danışmıram. Bura ilə
bağlı layihələrimdən danışım. Mən
bura gəldikdən bir az sonra prezidentimiz gəlməli idi.
Bununla bağlı mən Türkiyə cümhuriyyətinin
tantımı ilə bağlı bir cD təşkil etdim. Təbii
ki, bunu Türkiyədən gətirdim. Prezidentimiz gələnə
qədər bu cD-nin yerli telekanlarda 3 gün
yayınlanmasını hörmətli səfirimizin dəstəyi
ilə təşkil etdim. Həm prezidentimiz, həm də
Türkiyənin tarixi, görməli, gəzməli yerləri
ilə bağlı materiallar var idi.
Bundan
sonra gəldiyim günün səhərisi mən yerli qəzetlərlə
Bu
günə qədər bu ziyarətlərimi davam etdirirəm.
Bu ziyarətlər zamanı məndən hər zaman
qarşılıqlı mübadilə ilə bağlı
xahişlər olurdu. Yəni, burdakı jurnalistlərin
Türkiyə təcrübəsindən istifadə etmək
istəkləri var. Bu xahişlər çox olduğu
üçün mən Mətbuat Şurasının sədri
Əflatun Amaşovla görüşdüm. Belə bir layihə
olarsa, Əflatun Amaşov da dəstəkləyəcəklərini
söylədi.
Türkiyənin
Bakıdakı səfirliyinin dəstəyi ilə Bakıda bir
təcrübə, mübadilə, paylaşımla
bağlı media seminarı həyata keçirdik.
Daha
sonra qəzetlərin səhifə dizaynı ilə bağlı
bir kitabın təqdimatı oldu. Həmin kitabı mən
Türkiyədən gətirdim, Elşad Eyvazlı onu Azərbaycan
türkcəsinə uyğuladı və Genəl Müdirimiz
Murat Karakayanın da qatqısıyla 300 tirajla onu çap
etdik.
Azərbaycan
universitetlərinin beynəlxalq əlaqələr fakültələri
ilə tanış oldum. Slavyan Unversitetində kiçik bir
konfrans hazırladıq. Bakı Dövlət Universitetinin Beynəlxalq
əlaqələr fakültəsinin dekanı ilə
görüşlərimizdə, beynəlxalq əlaqələr
fakültələrinin son kurs tələbələrinin
Türkiyədə təcrübə keçməsi məsələsini
gündəmə gətirdim. Bu BDU və Slavyan Universiteti tərəfindən
çox yaxşı qarşılandı. Bütün məsrəfləri,
Türkiyə Böyükelçiliyinin Mətbuat
Müşavirliyi öz üzərinə götürdü.
Hal-hazırda protokol qaydalarına uyğun şəkildə
çalışmalar davam edir.
Bir
layihəmiz də mətbuat nümayəndələri ilə
bağlı var. İki ölkə arasında əlaqələri
daha da sıxlaşdırmaq, bir-birimizi daha yaxşı
tanımaq üçün mətbuat nümayəndələrinin
qarşılıqlı səfərlərini təşkil etməyi
düşünürük. İlin müəyyən bir
ayında Azərbaycandan jurnalistlərin Türkiyəyə səfəri,
daha sonra isə türkiyəli jurnalistlərin Azərbaycana səfərini
təşkil etməklə, hər iki ölkənin tarixi,
görməli yerlərini gəzdikdən sonra jurnalistlər bu
haqda mətbuatda yazılar yazmalı idi. Qonaq jurnalistlərin
maliyyə dəstəyini qonaq edən ölkə verməliydi.
Belə bir layihəni MŞ-nin sədri Əflatun Amaşovla
başladıq, amma təəssüf ki, hələ sona
çatdıra bilməmişik. Bu layihəni başa
çatdırmaq üçün fəaliyyətimiz davam edir.
Ən
böyük layihələrimizdən biri də, istəyib həyata
keçirə bilmədiyimiz bir layihədir. İnşallah, Azərbaycana
uzunmüddətli gələndə bu layihəni də həyata
keçirməyə çalışacağıq. Türkiyə
tərəfi bu layihəyə diqqətli yanaşdı. Bu,
Türkiyə Böyükelçiliyi, Media
Müşavirliyinin “Media Müşavirliyi Mədəniyyət
Mərkəzi”ni qurmaq layihəsi idi. Bu mərkəzdə həm
Azərbaycan, həm də Türkiyədən gələn
media mənsublarına xidmət etmək məqsədimiz var.
Bu
mərkəz açılarsa, media mənsublarının rahat
bir şəkildə gəlib dərdini deyəcəyi,
Türkiyə haqqında istənilən məlumatı
alacağı bir yer olacaqdı. Türkiyə dövləti dəstək
versə də, bu layihə hələ ki həyata keçməyib.
Ən çox düşündüyümüz layihə
budur.
Başqa
bir layihəmiz haqqında danışmaq istərdim. Yeri gəlmişkən
bu barədə də məlumat verim. Türkiyədə 11
dildə yayınlanan Türkiyəni tanıtmaq
üçün 500 səhifəlik bir almanax var. Mən o
almanaxı Azərbaycana gətirdim, Azərbaycan türkcəsinə
uyğulanmasını təşkil etdim. Sponsor tapdım və
uyğulama işləri Qafqaz Universiteti tərəfindən
başlandı. Mən o kitabı gedərkən Türkiyəyə
aparıb onu nəşr etdirəcəyəm. Hazır olduqdan
sonra Azərbaycanda böyük bir təqdimat keçirib
kitabın geniş kütləyə
çatdırılmasını təşkil edəcəyik.
-
Deməli, siz getdikdən sonra da Azərbaycan üçün
işlər görməyi düşünürsünüz?
-
Təbii ki. Bura bizim ölkəmizdir. Biz buranın mənfətləri
üçün hər sahədə xidmətə
hazırıq.
-
Sizin çalışmalardan narazı qalanlar da var. Təbii
ki, dünyanın hər yerində media mənsublarını
razı salmaq çətindir. Siz burda
olmadığınız zaman Türkdilli Dövlətlərin
Forumu ilə bağlı narazılıq olmuşdu və
“Bakı-Xəbər” qəzeti narazı qalan baş
redaktorları danışdırmışdı. Bu
narazılıqla bağlı düşüncələrinizi
bölüşərdiniz.
-
Mən Azərbaycandakı jurnalistləri əməkdaşım,
dostum və qardaşım hesab edirəm. Amma qəzetlər o
qədər çoxdur ki, hamısına diqqət ayırmaq
olmur. 3000-dən artıq qeydiyyatdan keçmiş, 300-ə
yaxın da fəaliyyət göstərən qəzet var.
Türkdilli dövlətlərin media formu üçün hər
ölkəyə 8-10 nəfərlik bir kontingent dəvət
olunmuşdu. Türkdilli dövlətlərin hamısından
8-10 nəfərlik heyət gəldiyi halda Azərbaycandan 25 nəfər
getmişdi. Gördüyünüz kimi, biz Azərbaycandan daha
çox iştirakçının getməsini təşkil
etdik. Əgər Azərbaycandan 8-10 nəfərlik heyət
getsəydi, onların narazı qaldığı adamlar da gedə
bilməyəcəkdi. 25 nəfərin getməsi bizim Azərbaycana
verdiyimiz önəmin göstəricisidir. Bu heyətin
siyahısını da Azərbaycanı hələ
yaxşı tanımadığım üçün hörmətli
səfir hazırlamışdı. Çünki mən bura təzə
gəlmişdim və insanları, medianı yaxşı
tanımırdım. Hörmətli səfirimizin məsləhəti
ilə biz siyahını Türkiyəyə göndərdik və
o insanlar Türkiyəyə getdi. Heç bir dostumuzun
üzülməsinə, qırılmasına ehtiyac yoxdur. Biz
hamıya eyni gözlə baxırıq. Bu, davamlı olacaq. Gələn
dəfə də başka bir qrup gedəcək. Bu dəfə
də Türkiyəyə heç getməyən bir qrupun getməsini
təşkil edəcəklər. Mənim istəyim də
budur.
Türk
Hava Yollarının bir tədbiri oldu və biz heç getməyən
32 nəfər media mənsubunu Türkiyəyə apardıq.
Bununla bağlı da narazlıq eşitdim. Televiziyalardan da
şikayətlər oldu. Tədbirdən əvvəl mən
bütün televiziya rəhbərlərindən bu məsələ
ilə bağlı görüş istədim. Məqsədim
tədbirə qatılıb-qatılmayacaqlarını bilmək
idi. Təəssüf ki, televiziyalardan cavab gəlmədi və
biz digər media mənsublarını dəvət etdik. Bizim
başqa bir niyyətimiz yoxdur.
-
Türkiyə səfirliyinin Mətbuat Müşavirliyinə
bir zamanlar müxalif mətbuatın nümayəndələri
daha çox gəlirdi. Daha sonra hakimiyyət mətbuatı
daha sıx gəlib-getməyə başladı. Ancaq sizin
dönəminizdə hər kəs bura öz evi kimi gəlib-gedir...
-
Biz Azərbaycanda hər bir media nümayəndəsinə eyni
gözlə baxırıq və hər kəsə bəlli məsafədə
yaxınlaşırıq. Bizim üçün iqtidar tərəfdarı,
müxalifət tərəfdarı, müstəqil qəzet
anlayışı yoxdur. Bizim münasibətlərdə hər
kəs bərabərdir.
-
Bir çox səfirliklər jurnalistlərə öz təsirini
göstərib, öz “adamı” etməyə
çalışır. Türkiyə səfirliyində nədənsə
bu istək, bu yanaşma yoxdur.
-
Bizim Türkiyə dövləti olaraq buna ehtiyacımız
yoxdur. Çünki bütün insanlar bizim
insanımızdır. Bizim “media mənsublarına təsir edək,
bizi daha çox sevsin” kimi bir istəyimiz yoxdur. Çünki
biz Azərbaycanda media mənsublarının
hamısını sevirik.
-
Bir mətbuat müşaviri, media ilə əlaqəsi olan bir
şəxs kimi bizim medianın çağdaş durumu sizi
qane edirmi?
-
Heç kəs öz gördüyü işdə
çatışmazlıq olduğunu görmür. Bunu ancaq kənardan
görmək mümkündür. Bu mənada bu medianın da
bir çox problemləri var. Amma bunlar da çox bəsit və
xırda məsələlərdir. Bunları həll etmək
asandır. Məsələn, paylaşım və təcrübə
mübadiləsi formalarında bu cür sorunlar
çözülür.
-
İstərdik ki, bir qardaş, bir dost kimi bu
çatışmazlıqları deyəsiniz...
-
Çatışmazlıqlar, problemlər deyilərsə, qəlbi
qırılanlar ola bilər. Məsələn, siz də
Türkiyə mediasında olan çatışmazlıqlardan
danışsanız, biz də inciyərik. Ona görə
bunları demək olmaz.
-
Bəs Türkiyə mediası və bizim medianın
müqayisəsi necədir. Məsələn, İsrail kimi
kiçik bir dövlət media gücü ilə dünyada
tanınmaqdadır. Azərbaycan-Türkiyə,
bu iki qardaş dövlətin mediasının durumu necədir?
- Türkiyə bəzi məsələlərdən
keçdi, bir çox problemlər arxada qaldı. Son dönəmlərdə
daha da inkişafa başladı. Türkiyə mediasının
bu günlərə gəlməsi asan olmadı. Müxtəlif
çətinliklərdən sonra bəlli mərhələlərdən
keçərək bu səviyyəyə çatdı.
Türk mediyasının bu günki vəziyyətinə
baxılarsa, bu mediya Avropa dövlətləri ilə eyni səviyyədədir.
Hətta Türkiyə mediası bəzi məsələlərdə
Avropa mediasından daha üstündür. Türk mediası bu
gün olduğu kimi gələcəkdə də yeniliklərə
açıq olacaq. Gördüyüm qədər Azərbaycan
mediası da inkişafdadır. Türkiyə mediasının
keçdiyi mərhələləri Azərbaycan
mediasının da keçdiyi bir həqiqətdir. Azərbaycan
mediasının ən yüksək səviyyədə
inkişafı Türkiyənin sevinci olacaq.
- Son olaraq Azərbaycan mediasına,
jurnalistlərinə nə demək istərdiniz?
-
Azərbaycan mediasına, Azərbaycan jurnalistlərinə
uğurlar arzulayıram. Dünyada ən yaxşı yerlərdə
Azərbaycan mediasını görmək arzusundayam.
-
Azərbaycandan müvəqqəti də olsa, ayrılırsınız.
Xalqımıza deyəcək sözünüz varmı?
-
Mən öz ölkəmdə necə rahat idimsə, necə
yaşayırdımsa, gecə yarısı küçələrdə
necə rahat gəzə bilirdimsə, Azərbaycanda da belə
oldu. Azərbaycan insanının yaxşılıq və səmimiyyətindən
çox razıyam. Mən bunu bəzi yerlərdə görmədim.
Yəni, başqa ölkələrdə belə deyildi. Digər
ölkələrdə bəzi sıxıntılarımız
olurdu. Azərbaycanda çox rahat yaşadım. Bizi heç
bir zaman “öz ölkəmizdən kənardayıq” kimi hiss
etməyə imkan vermədilər. Buna görə də hər
kəsə təşəkkür edirəm.
Cəlil CAVANŞİR
Mərkəz.-2011.-8 fevral.-S.8.