Nağdsız dövriyyənin stimullaşdırılmasına ehtiyac var

 

Plastik kartlardan istifadə vergidən yayınma hallarının aradan qaldırılmasına təkan verə bilər

 

Plastik kartlar artıq dünya ölkələrinin böyük əksəriyyətində insanların gündəlik həyatına daxil olub. Ölkəmizdə də bir neçə ildir ki, müəyyən ödənişləri həyata keçirmək, eləcə də əməkhaqları və pensiyaları plastik kartlar vasitəsilə almaq üçün imkan yaradılıb. Plastik kartlardan daha səmərəli və geniş istifadə imkanları olsa da, biz bu imkandan yalnız pullarımızı bankomatlardan çıxarmaq üçün istifadə edirik.

Xatırladaq ki, Azərbaycanda müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı üzrə birinci dövlət proqramı ölkə prezidentinin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq olunub. Azərbaycanda proqramın tətbiq olunduğu vaxtdan plastik kartlar bazarı təkmilləşdirilib, pensiyaların, təqaüdlərin, bir sıra sosial yardımların, həmçinin büdcə təşkilatlarında işləyənlərə əməkhaqlarının ödəniş kartları vasitəsilə verilməsinə başlanılıb. Mərkəzi Bankın məlumatlarına əsasən, 2010-cu ilin sonuna ölkədə istifadədə 4231 min ödəniş kartı olub ki, bu da 2009-cu ilin sonuna olan göstəricini 6,5% üstələyib.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, plastik kartlardan istifadə bir neçə cəhətdən müsbət qarşılanır. Əvvəla, kart istifadə üçün rahatdır və vətəndaş üzərində nağd pul daşımaq məcburiyyətində olmur. İkncisi, plastik kartdan istifadə nağd pul daşınmasına nisbətən daha təklükəsizdir. Belə ki, vətəndaş pulunu və kartını itirə bilər. Plastik kartı tapan şəxs onun gizli şifrəsini bilmədiyindən hesabdakı pulu əldə etməsi mümkünsüzdür. Kartın əsl sahibi qısa vaxt ərzində dublikatı bərpa edərək yenidən öz hesabındakı vəsaitdən rahat istifadə edə bilər.

Plastik kartlar xarici ölkələrdə olanda da bizim köməyimizə gəlir. Səfərdə olarkən plastik kartdan istifadə etməklə alış-veriş edə, xərclərimizi ödəyə bilərik. Kredit kartlarının üstün cəhətlərindən biri də budur ki, bütün ödənişlərin dəqiq hesabatı aparılır və kart sahibi bu məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, kartla alınan malları geri qaytarmaq da daha asandır. Həmin şəxsin müştərisi olduğu bank onun hüquqlarını qorumaq üçün hər zaman yanında olur.

Digər tərəfdən, ticarət obyektlərindən alış-veriş edərkən ödəmələri nağdsız şəkildə aparsaq, vaxt itkisinin qarşısı alınmış olar. Bankdan başqa, plastik kartlardan istifadə vergidən yayınma hallarının da tədricən aradan qaldırılmasına təkan verə bilər.

Hələ ötən ay Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə üzrə ticarət-iaşə obyektlərində nağd şəkildə ödəmələrin minimuma endirilməsinin vacibliyini bildirib: «Artıq kredit kartları var, bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartlarından, ödəmə kartlarından istifadə olunmalıdır».

Bəs, POS-terminal nədir və ondan necə istifadə olunmalıdır?

POS-terminal (ingiliscə Point of Sale Terminal - ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa, bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Müstəqil işləyən bankomatdan fərqli POS-terminal xəzinədar vasitəsilə xidmət göstərir. Vətəndaşların ödənişləri kart vasitəsilə həyata keçirmələri, yəni ticarət və xidmət obyektlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədilə 2010-cu ildə ölkəmizdə 7900-a yaxın POS-terminal quraşdırılıb.

Ticarət obyektlərində bu qədər POS-terminalın olduğu halda, vətəndaşlar ödənişlərini plastik kartlar vasitəsilə niyə həyata keçirmək istəmirlər? Araşdırmalar göstərir ki, əslində plastik kart sahibləri kartlardan istifadədə maraqlıdırlar, çünki POS-terminallardan istifadəyə görə heç bir vəsait tutulmur. Burada ticarət və xidmət obyektlərinin özlərindən qaynaqlanan amil ortaya çıxır: POS-terminal vasitəsilə aparılan əməliyyatlara görə komissiya ödədiyindən, mağazalar üçün bu cəlbedici deyil. Elə bu səbəbdən ticarət obyektləri POS-terminallardan istifadədə maraqlı olmurlar və nəticədə nağdsız hesablaşmaların aparılmasına əngəl yaranır.

Qeyd olunanlardan belə bir qənaətə gəlmək olar ki, ticarət obyektlərinə plastik kartlardan istifadəyə görə müəyyən vergi güzəştləri nəzərdə tutulsaydı, bu onlarda stimul yarada bilərdi. Digər məqam sahibkarların vergidən yayınmaqda maraqlı olmaları ilə bağlıdır. Bəzi ticarət və xidmət obyektləri öz dövriyyələrini gizlətməyə meylli olduqları üçün POS-terminallardan istifadə etmirlər. Təbii ki, bu da nağdsız hesablaşmaların kütləviliyinin artırılmasına imkan vermir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov biznes strukturlarının nağdsız ödənişə keçidə marağının artırılması məqsədilə onlarla aktiv dialoqun aparılmasına böyük ehtiyac olduğunu bildirib. Bu məqsədlə nağdsız ödənişlərin stimullaşdırılması ilə əlaqədar bankomatlar və POS-terminallar vasitəsilə aparılan əməliyyatlara görə tariflərin azaldılması da gözlənilir.

Hazırda hökumət elektron ödəniş alətlərindən geniş istifadənin stimullaşdırılması məqsədilə yeni ödəniş sisteminin inkişaf strategiyasını hazırlayır. Yeni proqram çərçivəsində istehlakçıların maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də planlaşdırılır ki, bu, ölkədə POS-terminalların geniş tətbiqinə müsbət təsir göstərə bilər.

 

 

Günay NURƏDDİNQIZI

 

Mərkəz.- 2011.- 8 fevral.-S.6