Güneyə ünvanlanmış müraciətlər nəticə verəcəkmi?

 

İranın Azərbaycana qarşı son hərəkətlərinə cavab olaraq ötən həftə Azərbaycanın bəzi millət vəkilləri Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza məktubla müraciət etdilər. Bu müraciətlərin hamısında öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızdan rəsmi Tehranın Azərbaycan Respublikası ilə bağlı siyasətinə təsir etməyə çağırışları əsas xətt kimi keçirdi. Bəs bu müraciətlərin hansısa bir effekti ola bilərmi? Ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan 30 milyona yaxın azərbaycanlının bu gün rəsmi Tehranın ən azı Azərbaycan Respublikası ilə bağlı yürütdüyü siyasətə dərəcədə təsirləri ola bilər?

Bu sualla müraciət etdiyimiz politoloq cümşüd Nuriyev diqqəti bir məqama yönəltdi. O dedi ki, dünyada cəmi 10 milyon erməni yaşayır. Onların da cəmi 1 milyon 800 min nəfəri Ermənistanda yaşayır. Digər 8 milyon 200 min erməni isə dünyanın ayrı-ayrı yerlərinə səpələniblər: "cəmi 1 milyona yaxın erməni ABŞ-da yaşayır. Lakin ermənilərin sayının belə az olmasına baxmayaraq onlar 300 milyon əhalisi olan dünyanın superdövləti ABŞ-ın rəsmi dövlət siyasətinə təsir edə bilirsə, nəyə görə 75 milyonluq İranın 35 milyonluq azərbaycanlı əhalisi rəsmi Tehranın dövlət siyasətinə təsir edə bilməsin?

Demək say əsas götürülsə, azərbaycanlılar İranın dövlət siyasətinə təsir edə bilərlər. Lakin məsələ ondadır ki, bizim oradakı soydaşlarımızın əksəriyyəti İran dövlətinin maraqlarını daha çox düşünürlər, nəinki Azərbaycan dövlətinin. İran bizim əlimizdə olan bütün kartları almağa can atır.

Azərbaycan Respublikasında Qərbi Azərbaycan məsələsi, deportasiya edilmiş soydaşlarımız məsələsi gündəmə gələn kimi İran tez öz inzibati-ərazi bölgüsündə dəyişiklik edərək Şərqi Azərbaycan ostanını iki yerə ayırdı. Bir hissəsi Şərqi, digər hissəsi Qərbi Azərbaycan adlandırıldı. Belə etdilər ki, biz indiki Ermənistan ərazisini nəzərdə tutub Qərbi Azərbaycan deyərkən bunu beynəlxalq aləmdə İranın ərazisi kimi başa düşsünlər. Yəni, Ermənistanı bir növ bundan sığortaladı. Belə çıxır ki, biz İran ərazisindəki Qərbi Azərbaycana iddia edirik. Halbuki, burada söhbət deportasiyaya məruz qalan azərbaycanlılardan gedir. Yəni, İran Azərbaycana qarşı indiyədək bütün variantlardan istifadə edib".

Politoloq qeyd etdi ki, tarixə nəzərə salsaq, İranı dövləti kimi formalaşdıran şəxslərin - Şah Abbasın, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın Azərbaycan türkləri olduğunu görə bilərik. Bu gün İranın dini lideri azərbaycanlıdır: "Eyni zamanda, prezident bir tərəfdən türkdür. İrandakı nazirlərin 60 faizi Azərbaycan kökənlidir. Faciə ondadır ki, onlar Azərbaycan əsilli olsalar da, farsbaşlıdırlar. Çünki onlar orta təhsillərini farsca alıblar.

Azərbaycanlı uşaqlar psixoloji cəhətdən farslaşdırılır. Bu proses uzun illərdir ki, davam edir. Ona görə psixoloji baxımdan həmin azərbaycanlılar daha çox İrana bağlıdırlar". Bununla belə, müsahibimiz qeyd etdi ki, Cənubi Azərbaycanın ayılması tamamilə mümkündür: "Təsəvvür edin ki, İran Astarasından Həmədanadək olan böyük bir ərazidə azərbaycanlılar yaşayırlar. Hər yerdə Azərbaycan dilində danışırlar. Eyni zamanda, şəhərləri çıxmaq şərtilə kəndlərdə ən acınacaqlı durumda yaşayanlar məhz azərbaycanlılardır. Təsəvvür edin ki, Ərdəbildən Parsabada gedərkən yolboyu Savalanın ətrafında ev tikə bilməyənlər dağı yararaq onun içərisində mağara həyatı yaşayırlar. Yəni, İran bizim soydaşlarımızı orada yarı kölə, yarı qul vəziyyətində saxlayır. Oradakı azərbaycanlıların bunu nəyə görə qəbul etdiklərini başa düşə bilmirəm".

C.Nuriyev onu da bildirdi ki, Azərbaycan Respublikasında Cənubi azərbaycanlıların ruhunun yüksəldilməsi məsələsi ilə yetərincə məşğul olunmur: "Bu işi təkcə millət vəkilləri görməməlidir. Azərbaycanda kifayət qədər iranəsilli insanlar, yəni, dədə-babaları İrandan köçüb gəlmələr var. Onlar tarixən müxtəlif adlarla - "həmşəri", "demokrat" kimi adlarla çağrılıblar. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada iranəslli, İran soyadlı insanlar yaşamasın. Lakin bu insanların Azərbaycan Respublikasında bir birliyi yoxdur. Eyni zamanda, Avropanın elə bir ölkəsi yoxdur ki, orada İrandan getmiş azərbaycanlılar olmasın. Amerikada da cənublu-şimallı bir milyona yaxın azərbaycanlı yaşayır. Lakin azərbaycanlıların birlikləri ya yoxdur, ya da zəifdir".

Politoloq İranda yaşayan azərbaycanlıların rəsmi Tehranın Ermənistanla bağlı siyasətinə çox ciddi təsir göstərə biləcəklərini vurğuladı: "Ermənistanın gündəlik ərzağının daşındığı yollarda azərbaycanlılar yaşayırlar. Eyni zamanda, işğal olunmuş rayonlarda məskunlaşan ermənilər hər gün Xudafərin körpüsünü keçməklə İran ərazisinə gedirlər. İran dövləti onlara heç bir sərhəd xidməti, gömrük rejimi tətbiq etmir. Etiraf etməliyik ki, cənubdakı soydaşlarımız onlarla istər-istəməz işbirliyində olurlar. Bu da cəhalət təhsil səviyyəsinin son dərəcə aşağı olmasından irəli gəilr. Amma biz oradakı soydaşlarımızı buna hazırlamalıyıq. Təbii ki, bu zaman İranın daxili işlərinə qarışmamaq xətti əsas götürülməlidir. Onsuz da İran Azərbaycanla bağlı hər bir məqama həssaslıqla yanaşır. Məsələn, Azərbaycan telekanalları bu istiqamətdə fəaliyyət göstərməlidirlər. Azərbaycanlıların İran üçün etdikləri xidmətlərin hamısı ortaya qoyulmalı, tarixən yoxsul Ermənistanın, yoxsa zəngin Azərbaycanın İran üçün daha əhəmiyyətli olduğu inandırıcı, tutarlı faktlarla rəsmi Tehrana sübut edilməlidir".

 

 

Həmid Səxavət

 

Mərkəz.- 2011.- 4 fevral.-S.5.