Korrupsiya ilə mübarizə ucuzluq yaradacaq

 

Vüqar Bayramov: "tədqiqatlar göstərir ki, qeyri-rəsmi ödənişlər ərzaq və qeyri-ərzaq məhsullarının dəyərinin süni şəkildə yüksəlməsinə gətirib çıxarır"

 

«Pomidorun maya dəyərinin təxminən 30 faizini qeyri-rəsmi ödənişlər təşkil edir»

 

Ötən həftə nazirlik və komitələrin anti-korrupsiya müşavirələri ilə yadda qaldı. Bu iclasların nəticəsi olaraq bir sıra dövlət qurumlarında kadr islahatları həyata keçirildi daxili nəzarət gücləndirildi.

Ehtimal edilir ki, bu islahatlar istehlak, eləcə də bazarın digər seqmentlərində qiymətlərə təsir edəcək. Müstəqil ekspertlərin araşdırmalarına görə, bəzi məhsullar üzrə idxal, gömrükdən çıxış və pərakəndə satış qiymətləri arasında 6-12 dəfəyədək fərqlər var.

Onu da qeyd edək son bir ildə ölkədə inflyasiyanın tempi artmağa başlayıb. Bu ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz qalxıb. Bu arada onu da nəzərə almalıyıq ki, dünya bazarında taxıl, ət, süd, yağ digər ərzaq məhsulları bahalaşıb. Bəziləri belə hesab edir ki, antikorrupsiya tədbirləri gücləndirilməzsə, Azərbaycanda istehlak qiymətləri daha yüksək ola bilər.

İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizənin aparılması Azərbaycanın pioritet məsələlərindən hesab edilir. O xatırlatdı ki, Azərbaycanın adı korrupsiya səviyyəsinə görə, beynəlxalq şəffaflıq təşkilatının hesabatlarında ən çox çəkilən ölkələrdən biridir.

V.Bayramov qeyd etdi ki, antikorrupsiya tədbirləri, eləcə də bu sahədə atılan addımlar iqtisadiyyatın sağlamlaşmasına xidmət edə bilər. Eyni zamanda bu məsələ insanların sosial rifahının yaxşılaşmasına da imkan yaradacaq: «Korrupsiya, rüşvətxorluq birmənalı şəkildə vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərir. Bu yalnız onunla bağlı deyil ki, vətəndaşlardan bir sıra hallarda ödənişlər tələb edilir ya korrupsiya əlavə xərclər yaradır. Korrupsiya iqtisadiyyatın, xüsusilə kiçik biznesin inkişafına əngəldir. Eyni zamanda, korrupsiya real sektorda istehsal edilən məhsulların maya dəyərinin süni şəkildə yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda korrupsiyanın və ya qeyri-rəsmi ödənişlərin, eləcə də inhisar səviyyəsinin çox olması nəticəsində istehlak bazarında qiymətlər, nəinki, qonşu ölkələr, hətta Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə belə yüksəkdir”.

Bu mənada iqtisadçı hesab edir ki, korrupsiyaya qarşı mübarizənin aparılması həm də istehlak bazarında qiymətlərin aşağı salınması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, antikorrupsiya tədbirləri davam edərsə və bu proses sistemli şəkildə aparılarsa, istehlak bazarında qiymətlər kəskin azalacaq: «Tədqiqatlar göstərir ki, korrupsiya, qeyri-rəsmi ödənişlər istehsal edilən ərzaq və qeyri-ərzaq məhsullarının dəyərinin süni şəkildə kəskin yüksəlməsinə gətirib çıxarır. Konkret olaraq pomidor istehsal edən rayonlarda apardığımız tədqiqat göstərir ki, bu məhsulun maya dəyərinin təxminən 30 faizini, yəni 3/1-ni qeyri-rəsmi ödənişlər təşkil edir. Bir sıra başqa məhsulların istehsalında korrupsiya rüşvətin payı hətta 50 faizə yaxındır. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, qeyri-rəsmi ödənişlərin aradan qaldırılması istehsal edilən məhsulların maya dəyərinin azalmasına, süni şəkildə yaranan xərclərin aradan qalxmasına gətirib çıxarar».

V.Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizə həm idxal, həm yerli istehsal məhsullarının qiymətinin 30 faiz azalmasına səbəb olacaq: “Nəzərə alsaq ki, 2011-ci ildə dünya bazarında ərzaq qıtlığının olması və qiymət artımlarının olacağı proqnozlaşdırılır bu baxımdan da antikorrupsiya tədbirlərinin gücləndirilməsi vacibdir. Bu tədbir Azərbaycanı dünya bazarında gözlənilən qiymət artımlarından müəyyən qədər sığortalaya bilər”.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2011.-9 fevral.-S.6.