«QHT sektoru çökə bilər!»

 

«QHT-ləri məcburi auditə cəlb etmək, auditdən keçməyənləri 2500 manata qədər cərimələmək vətəndaş cəmiyyəti institutlarını bağlanmaq təhlükəsi ilə üz-üzə qoyacaq»

 

İki gündən sonra Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihə gündəliyə salına bilər.

Həmin layihə qəbul olunsa, auditdən keçməyən fiziki və hüquqi şəxslər Nazirlər Kabinetinin müvafiq qərarı ilə 500 manatdan 2500 manatadək cərimə oluna bilərlər.

 

Ya auditdən keç, ya da 2500 manat ödə

 

Bu məsələnin aktuallaşmasından ən çox narahatçılığı isə qeyri- hökumət təşkilatları keçirir. Dəyişiklik baş tutarsa, bundan sonra QHT-lər də məcburi audit yoxlamasından keçməlidirlər. Bəs görəsən, vətəndaş cəmiyyəti institutları auditdən keçmək üçün vəsaiti haradan alacaqlar? Donorların QHT-lər üçün audit yoxlaması aparılması məqsədilə maliyyə vəsaiti ayırmadığını nəzərə alsaq, bu dəyişikliyin vətəndaş cəmiyyəti institutlarını əməlli-başlı çətin sınaq qarşısında qoyacağı şübhəsizdir.

Amma Milli Məclisdə bu layihənin müzakirəsi göstərir ki, QHT-lərin 500-2500 manat arasında cərimələnməsi reallığa çevrilə bilər.

Xatırladaq ki, layihə Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və iqtisadi siyasət komitələrinin fevralın 3-də keçirilən qapalı iclasında müzakirə olunub. Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə mətbuata açıqlamasında deyib ki, əlavə və dəyişikliklər layihəsindən müəyyən narazılıq ifadə olunub. Komitələrin birgə iclasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bu dəyişikliyə qarşı çıxaraq bildirib ki, məcburi audit QHT-lərin fəaliyyətinə ciddi problem yaradacaq. Millət vəkili arqument gətirib ki, QHT-lərin maliyyə bazaları, fondları olmadığından müəyyən layihələr çərçivəsində işləyirlər və heç bir donor təşkilatı QHT-lərə auditlərin keçirilməsi üçün maliyyə ayırmır. Azay Quliyev sual edib ki, belə olan halda auditə məruz qalacaq QHT-lər auditlə müqavilə imzalamaq üçün maliyyəni haradan almalıdırlar? Hər iki komitənin üzvləri bu qeydlə razılaşdı və məsələnin Prezident Administrasiyası ilə yenidən müzakirə olunması, aydınlaşdırılması qərara alınıb.

 

QHT-lərin adı siyahıdan çıxarılmalıdır

 

Hazırda məcburi auditin QHT-lərə şamil olunmaması və QHT sektoru məcburi audit aparılacaq təşkilatlar siyahısından çıxarılması üçün səylər göstərilsə də, bu təşəbbüslərin nə dərəcədə səmərə verəcəyi şübhə altındadır.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni də deyir ki, bu dəyişiklik ölkədə fəaliyyət göstərən QHT-lər üçün təhlükə yarada bilər: «İndi donorlar QHT-lərə ayırdıqları vəsaitdə audit xərclərini nəzərdə tutmurlar. Yəni bunun üçün əlavə vəsait ayırmırlar. Bu tərəfdən isə dəyişiklərlə bağlı irəli sürülən təklifdə QHT-lərin hər il bir dəfə (məcburi) audit yoxlamalardan keçməsi və onların keçməyəcəkləri halda 2500 manat cərimə edilmələri nəzərdə tutulub. Bu yolverilməzdir. QHT-lər üzvlük haqları, ianələr və qrant layihələri ilə fəaliyyət göstərən və gəlir əldə etməyən təşkilatlardır. QHT-lər audit hesabatı vermələri üçün müstəqil auditorun xidmətindən istifadə etməlidirlər. Lisenziya ilə fəaliyyət göstərən auditorların xidməti isə bahalıdır. Mühasibi olmayan, illik maliyyə hesabatı belə təqdim edə bilməyən QHT-lər bu situasiyadan necə çıxacaqlar? Digər tərəfdən isə QHT-lər hesabatları təqdim edə bilmədikləri halda cərimə olunmalıdırlar. Bu zaman ortaya sual çıxır ki, həmin cərimənin mənbəyini haradan tapılmalıdır? Yəni QHT cəriməni hansı vəsaitlə ödəyəcək? Belə bir dəyişiklik ölkədə QHT sektorunu çökdürə bilər».

 

QHT-lərə ayda 873 manat qrant dövriyyəsi düşür

 

Məsələyə münasibət bildirən İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirdi ki, rəhbərlik etdiyi mərkəz hər maliyyə ilində müntəzəm olaraq maliyyə yoxlamasından keçir və yoxlamanın yekun aktını müvafiq dövlət orqanlarına təqdim edir: “Lakin bunu biz həmişə könüllü edirik. Çünki auditin mahiyyətindən və missiyasından xəbəri olanlar bilirlər ki, audit, əslində, müəssisə sahibinin marağı çərçivəsində göstərilən mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanması xidmətidir. Bu fəaliyyət, əsasən, müəssisənin maliyyə fəaliyyətinin inkişaf etdirilməsi üçün strategiyanın hazırlanması və səmərəliliyinin yüksəldilməsi metodlarının müəyyən edilməsi məqsədi daşıyır. Eyni zamanda, audit aparılması vergitutma orqanlarına qanunvericilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kreditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qaytarılma ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Belə olan halda vergilərin bir çoxundan azad olan, Maliyyə Nazirliyinə ildə 5 növ hesabat, Vergilər Nazirliyinə hər rüb hesabat verən, banklar və digər kreditor təşkilatlardan kredit götürmək qabiliyyəti olmayan, iqtisadi fəaliyyətdən gəlir əldə etməyən qeyri-kommersiya və qeyri-mənfəət təşkilatlarının məcburi audit yoxlamasından keçirilməsi və əks halda da cərimə olunması nəinki iqtisadi qanunauyğunluqlardan, həm də sadə məntiqdən uzaqdır”.

Q.İbadoğlunun sözlərinə görə, 2009-cu maliyyə ilində Azərbaycanda fəaliyyət göstərən 2467 QHT-dən yalnız 831-i Maliyyə Nazirliyinə hesabat verib: “Əslində, bu rəqəm Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdud olduğunun göstəricisidir. Hesablamalara görə, 2009-cu ildə müxtəlif mənbələr hesabına daxilolmalar üzrə QHT-lərin illik qrant dövriyyəsi 30 milyon manatdan çox olmayıb. Bu isə o deməkdir ki, rəsmi qeydiyyatdan keçən 1 QHT-nin orta illik qrant dövriyyəsi 11 778 manat olub, onun da orta hesabla hər QHT üzrə 1300 manatı dövlət büdcəsinə müxtəlif vergilər şəklində ödənilib. Bu halda hər qeydiyyatdan keçən QHT-yə ildə orta hesabla 10 min 478 manat, ayda isə 873 manat qrant dövriyyəsi düşür ki, bu məbləğlə də QHT-lər ofis xərclərini və proqram fəaliyyətlərini maliyyələşdirmək məcburiyyətindədir.

Bu şəraitdə əksər QHT-lərdə mühasibatlıq şöbəsi fəaliyyət göstərmir, bir mühasib bir neçə QHT-yə xidmət edir. Audit işinin bahalı xidmət olduğunu və bu xidmət üçün ən azı 1000 manat ödəniş tələb olunduğunu nəzərə alsaq, əvvəlcədən demək mümkündür. QHT-lərin böyük əksəriyyətinin məcburi auditdən keçməsi mümkün olmayacaq. Belə olanda da onları 2500 manatadək cərimə gözləyə bilər.”

 

Ancaq bir yol var

 

Çıxış yolu kimi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan məcburi audit yoxlamalarından keçməli olan fiziki və hüquqi şəxslərin siyahısından və İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdən QHT-lərin adının çıxarılmasını təklif edən Q.İbadoğlu əks-təqdirdə, bunu QHT-lərin məhdud büdcə imkanlarına müdaxilə, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə təhlükə kimi qiymətləndirir.

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2011.- 10 fevral.- S.8.