İlhamiyyə Rzayeva: Heç vaxt şöhrətpərəst olmamışam və şöhrətin, populyarlığın arxasınca getməmişəm

 

Uzun müddətdir ki, tanınmış telejurnalist, sevilən televiziya aparıcısı İlhamiyyə Rzayeva efirlərdə görünmür. Azərbaycan efirində özünəməxsus yeri və hətta deyərdim öz məktəbi olan İlhamiyyə xanımla söhbətləşmək, onun müasir jurnalistikaya, televiziyaya münasibətini öyrənmək mənim üçün çox maraqlı idi Müsahibə ilə bağlı təklifimi geri çevirməyən İlhamiyyə xanım öncə yazılı müsahibə vermək istədiyini bildirdi. Müasir jurnalistika, televiziya və televiziyaların bu günü ilə bağlı hazırlanmış sualları İlhamiyyə xanımın e-mail ünvanına göndərdim. Lakin İlhamiyyə xanım çox yumşaq şəkildə sualları bəyənmədiyini bildirdi. Müsahibimin söhbətdən imtina etməsinə alışmadığımdan müsahibə üçün israr etmədim. Sonrakı söhbətlərimizdə İlhamiyyə xanım görüşüb söhbət etməyə, müsahibə verməyə razılıq verdi. Danışdığımız kimi İlhamiyyə xanımın iş yerində görüşdük. Hal-hazırda çalışdığı “SOS uşaq kəndləri-Azərbaycan” təşkilatının ofisində İlhamiyyə xanımın təşkilatın onillik fəaliyyəti ilə bağlı hazırladığı videorolikə baxdıqdan sonra Dövlət Muğam Teatırına yollanırıq. Yol boyu Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, televiziyalarımızın indiki durumu ilə bağlı söhbət edirik. Mən daha çox Həmid Herisçi ilə bağlı suallar verirəm. Televiziyada çalışdıqları dövrlə bağlı maraqlı xatirələr çözələnir. Həmin dövrdə gənc yazarlarla tez-tez görüşdüklərini xatırlayır.

Sözarası bəzi müsahibələrində fikirlərinin təhrif edildiyi üçün müsahibə verməyə ehtiyat etdiyini hiss edirəm. Hər ikimiz dəfələrlə gəlsək də,İçərişəhərin hazırki vəziyyətində Muğam Teatrının yerini çətinliklə tapırıq.

İlk olaraq rəfiqələri ilə görüşən İlhamiyyə xanım işini yekunlaşdırıb müsahibəyə hazır olduğunu bildirir. Əvvəlcədən planlaşdırdığım standart sualları verməyə hazırlaşsam da artıq fikrimi dəyişirəm. Tamamilə başqa yöndə sual verməyə qərar verirəm. Hiss edirəm ki İlhamiyyə xanım standart müsahibələrdən yorulub. Uzun-uzadı təqdimata ehtiyac duymadan bildirirəm ki, müsahibim tanınmış telejurnalist İlhamiyyə Rzayevadır.

İlhamiyyə xanım, istəyirəm fərqli bir müsahibə olsun...

Məncə də fərqli olsa yaxşıdır, oxucuların istədiyi bir müsahibə olsun.

O zaman, sizdən danışaq. Televiziyaya gəlişinizdən və keçdiyiniz bu maraqlı yol haqqında bir balaca məlumat verərdiniz.

Mənim keçdiyim yoldan “bir balaca” məlumat vermək çox çətindi. Mənim yolum, şişirtmək olmasın, o qədər də asan olmayıb. Əslində bu barədə çox danışmışam. Bir halda ki, yenə də sual edirsiniz, danışım.

Heç vaxt özümü televiziyada təsəvvür etməmişəm. Bu barədə heç vaxt xəyallar qurmamışam. Ən parlaq xəyalımsa o olub ki, hansısa bir qəzetdə yazı gedir, altında da mənim imzam. Elə təsəvvür etmişəm ki bu uğurun zirvəsidir. Düzü heç vaxt şöhrətpərəst olmamışam və şöhrətin, populyarlığın arxasınca getməmişəm. Şöhrətpərstliyə də yaxşı baxmamışam. Amma o vaxt “Molodyoj Azerdbayjana” qəzetində ilk yazım getmişdi, müəllif yazısı yox, kiçik bir informasiya idi, elə təsəvvür edirdim ki, küçədə hər kəs məni barmaqla göstərib deyir ki, həmin yazının müəllifi bu şəxsdir. O hiss olub məndə. İndi yadıma düşəndə də gükməyim tutur. Ümumiyyətlə jurnalistika mənim üçün maraqlı sahə idi. Özümü jurnalistikada görmək, özümü kənardan jurnalist kimi müşahidə eləmək xoşuma gəlirdi.

Təsadüf nəticəsində yolum televiziyaya düşdü. İlk reportajımdan, rəhbərliklə ilk söhbətimdən, ilk tanışlıqdan hiss etdim ki, mənə qarşı diqqət yaranmağa başlayır. Təbii ki, insan bunu hiss edir. Mənim gələcək uğurlarıma inandıqlarını hiss edirdim. Başarılı bir insan kimi qəbul edirdilər. Hətta o zaman özüm nəyi bildiyimi, nəyi bacardığımı bilmirdim. Ancaq bu cür yanaşma, bu cür münasibət məni çox həvəsləndirirdi.

Hesab edirəm ki, istək hədəfə çatmaq üçün çox vacibdir. Mən jurnalist olmaq istəyirdim, bu sahədə çalışmağı çox istəyirdim. Özümü ancaq jurnalist olaraq görürdüm. Mənim istəkdən başqa heç nəyim yox idi. Düzdür, təhsil almışdım, filologiya fakultəsini bitirmişdim, hətta deyərdim ki, pis oxumamışdım. Əlaçı deyildim, ancaq çalışırdım. Ümumi dünya görüşüm vardı. Özünütəhsil prosesində yığdığım bir bazam üstəgəl, söz demək istəyim var idi. Gördüyüm heç nəyə biganə qala bilmirdim. Hər bir hadisəyə öz baxışım vardı, eyni zamanda bildiklərimi paylaşmağa ehtiyac hiss edirdim.

Sizin televiziyda çalışmağa başladığınız dövr Azərbaycanın qaynar dövrü idi. Belə bir qaynar dövrdə televiziyada çalışmaq çətin deyildi ki?

Ən maraqlı dövr yenidənqurma dövrü idi. Təsəvvür edin ki, birdən birə dəmir pərdələr əriyir, demokratiyaya meyl yaranır, səmimi və ya qeyri səmimi, bu artıq başqa bir mövzudur. “Tənqid və özünütənqid” barədə göstəriş gəlir. 70 il ərzində təriflər yazmış jurnalistikadan tələb edirlər ki, sən tənqidlə məşğul ol. Çox gülünc bir vəziyyət yaranmışdı. O zaman Azərbaycanın bircə televiziyavar idı və mən də həmin televiziya kanalındakı yeganə xəbərlər proqramı olan “Günün ekranı” proqramında çalışırdı. Uzun illərdir televiziyada çalışan həmkarlarım, ətrafımızdakı jurnalistlər tənqid naminə tənqidlə məşğul olurdular. Tənqid etməyi bilmədikləri halda, buna alışmadıqları halda tənqid etmək çox gülməli mənzərələr yaradırdı. Hər tərəf tənqidə layiq matereallarla dolu olduğu halda “tənqidçilər” bunu görmürdülər. Yaza bilmirdilər, göstərə bilmirdilər.

Məncə jurnalistin istənilən halda tənqidi təfəkkürü olmalıdır. Mən çalışdığım müddətdə verlişərimdə daha çox diqqəti çatışmazlıqların üstünə cəmləşdirirdim. Hərdən müsahiblərim irad bildirirdi ki, “bizim uğurlarımız da var, ondan danışaq.” Mənimsə bir formulam, bir cavabım vardı “Uğurlar normadır, problemlər isə istisna hallardır, onları göstərmək, bunula sizə dəstək olmaq mənim həmçinin peşə borcumdur”. Düşünürəm ki, tənqidi yanaşma həmçinin, konstruktiv olmalıdır. İndi özünütənqid yoxdur. Bu gün qərəzli tənqid yazanlar var. Bu gün səslənən təriflər nə qədər səmimiyyətdən uzaqdırlarsa, tənqidlər də bir o qədər qərəzlidirlər. Ümumiyyətlə jurnalist hadisəni obyektiv göstərməlidir. Faktlar özü danışmalıdır.

Sizin gözünüzün qabağında, eyni zamanda sizin iştirakınızla sadəcə bir dövlət televiziyası olan Azərbaycanda müstəqil televiziyalar yaranmağa başladı. O maraqlı dönəm haqqında danışardınız. Oxucularımız üçün də maraqlı olar məncə, o zamanlar nə baş verirdi?

Yeni yaranan televiziyalara çox ehtiyatla yanaşırdıq. Özəl telekanallar stabil karyera imkanı yarada bilmirdilər. Azərbaycan Televiziyasında çalışmaq dövlət işində çalışmaq hesab olunurdu və əslində elə belə idi də. AzTV-də çalışan jurnalistlərin çoxusuna özəl televiziyalardan təklif gəlirdi. Özəl televiziyalar o dönəmdə yüksək maaş təklif edirdi. Təbii ki, mənə də belə təkliflər olurdu. Hətta bir dəfə işimdən ayrılmadan özəl televiziyaların birinə sınaq müddətinə getdim. Əmin oldum ki, özəl televiziyalarda iş münasibətləri başqadır, burda çalışanlar özlərini xanın nökəri kimi hiss edirdilər. Yəni özəl televiziyanın rəhbərləri özlərini xan kimi aparırdılar. Mən orda bir həftə idi ki çalışırdım. Adətən həyat yoldaşım məni işə aparıb gətirirdi. Baxdım ki, rəhbərlik tərəfindən narazılıq var. “İndidən cangüdənlə gəlirsiniz”-dedilər. Bu artıq mənim şəxsi həyatıma müdaxilə idi. Hələ mən ordan heç maaş belə almamışdım. Gör indi sonra nələr olacaqdı.... Bu həmin dövrün bir mənzərəsidir.

Özəl sahədə, özəl televiziyada çalışmaq sizin üçün çətindir?

Mənim üçün özəl sahədə çalışmaq çətin deyil. Əsas olan oldur ki, peşəkar mühitdə işləyim. Hazırda qeyri -hökumət təşkilatlarından birində çalışıram. İşdə subardinasiyanı gözləməyi bacarıram. Rəhbərliklə işləməyə normal baxıram və bu barədə heç bir kompleksim yoxdur. Ancaq hər zaman rəhbərimi özüm seçməyi bacarmışam. Özümə yaraşdırmadığım adamla işləyə bilmərəm. Yəni rəhbər olmağa layiq bilmədiyim bir insanın rəhbərliyi altımda işləyə bilmərəm.

Siz “Sabah” yaradıcılıq birliyində də çalışmısınız...

Televiziyada işlədiyim müddətdə ən məsuldar dövr “Sabah” yaradıcılıq birliyində xalq artisti Ramiz Mirzəyevlə işlədiyim dövr olub. Jurnalist kimi çox passiv dövr olsa da sırf yaradıcı mühitdə idim, inkişaf üçün çox münbit bir şərait vardı. Sabah” yaradıcılıq birliyində ədəbi hissə müdiri idim.

Həmin illərdə Ümumittifaq Kinomatoqrafiya İnistitunu bitirən gənc rejissorların əksəriyyəti “Sabah” yaradıcılıq studiyasına gəlirdilər. Qızğın yaradıcılıq prosesi vardı orda. Ölkədə hər şey iflic vəziyyətinə düşmüşdü. Kinostudiyada demək olar ki, heç bir iş getmirdi. Gənc rejissorlar debüt işlərini “Sabah” yaradıcılıq studiyasında edirdilər. Tək onlar deyil, özünü bu sənətə həsr etmək istəyənlərin böyük əksəriyyəti “Sabah” yaradıcılıq birliyində tolanmışdı. Bura əsil yaradıcılıq emalatxanasına çevrilmişdi.

Xatırlayıram ki, o vaxt mən də Həmidin bir şeirinə video-klip hazırlamışdım. Dövrünə görə çox müasir və avanqard bir klip idi. Alman video-art ənənələrinə söykənərək hazırlamışdım və çox maraqla qarşılanmışdı. Bu gün də o klip mənim arxivimdə qalır. Amma heç vaxt rejissorluq arzusunda olmamışam. Amma mühit çox qaynar olduğundan hamı həvəslə çalışır, nə isə yenilik etməyə çalışırdı.

İndi tanınmış rejissorların çoxusu bizim emalatxanada çalışırdı. Aqil M. Quliyev, Şamil Nəcəfzadə, Əbdülqəni, Ülviyyə Könül, Kamil Şahmərdan, Samirə Cəfərova və digərləri ilk addımlarını burda atırdılar.

Orada eksperimental, avanqard tamaşalar, televiziya tamaşaları, sənədli filmlər hazırlanırdı. “Sabah” Yaradıcılıq Birliyində çox gözəl yaradıcı atmosfer var idi.Ən darıxdığım dövrdür bu...

Mənim üçün çox maraqlıdır, nə üçün Azərbaycan mədəniyyəti, ədəbiyyatı normal inkişaf yolu keçə bilmir. Axı, postsovet ölkələrində bu barədə ciddi irəliləyişlər müşahidə olunur...

Bunu ədəbiyyatımız haqqında demək doğru olmazdı. Çünki ədəbiyyatımızda müstəqillik dönəmində xeyli uğurlar, müsbətə doğru inkişaf var.

Ancaq musiqimiz, teatırımız, televiziyalarımız xeyli geridə qalıb...

Mədəniyyətimizdə bir ənənəviçilik var. Modern yanaşma çatışmır. Televiziyalarımız dünyada gedən inkişafdan çox geri qalır. Milli-mənəvi dəyərləri yaşatmaq iddiasında olan verlişlər çox ənənəvi və bayağı alınır. Televiziyalar bunu çox vaxt tapdanmış yolla gedərək həyata keçirirlər. Ancaq İstək və düzgün yanaşma olarsa inkişaf və yenilik mümkündür.

Məsələn, bir dəfə bir aşığın öz ifasını rok musiqisi ilə sintez etdiyinin şahidi olmuşdum və bu çox uğurlu alınmışdı. Bu əsil yenilikçi yanaşma idi. Söhbət fərqli musiqinin calaq edilməsindən deyil, qəsim və müasir musiqinin dialoqundan gedirdi və hesab edirəm ki, aşıq musiqisində bu doğurdan da yenilikçilik idi. Türkiyədə bu inkişaf çox yaxşı gedir, etirazçı rok xeyli inkişaf edib. Bizdə rokala məşğul olanlar bu sahəyə butafor, bir az da dekorativ məqsədlərlə müraciət edirlər. Saç düzümü, geyim tərzi, səhnədə mikrofonu qucaqlayılb haykırmaq heç də rok deyil...Yadımdadır, Gecə kanalının buraxılışlarından birini roka həsr etmişdik. Efirdən öncə mən rok təmsilçiləri ilə söhbət etdim, nə üçün etirazçı rok oxumadıqlarını soruşdum. Cavab təxminən belə oldu, sovet dövründə biz sərbəst deyildik etiraz etmək üçün çoxlu neqativ şeylər vardı, azad deyildik vəs, Amma Sovet sistemi dağıldıqdan sonra etirazçı rok oxumağa ehtiyac yoxdur, dah müstəqilliyimiz var və s... Ən ünlü rok ifaçılarının ən gözəl kompazisiyalatrı məhz sevgi mövzusundadır. Çoxlu misallar da gətirdilər.

Bilirsiniz Cəlil, mən illərlə televiziyada çalışdığım zamanlarda belə bir qənaətə gəlçişəm ki, bizdə insanlar məşğul olduqları işin mahiyyətini bilmir. Məsələn, rokun fəlsəfəsini bilməyənlər rokçuluq edirlər və s.

Nə üçün bizim mədəniyyət geri qalır? Sizcə bunun səbəbləri nədir?

Çünki bizdə hər şey psevdodur. Psevdorok, psevdodemokratiya, psevdovətənpərvərlik, psevdomillətçilik və s. Məsələn, 20 yanvarda televiziyalarımız matəm musiqiləri səsləndirir, bu günün önəmini bildirmək üçün proqramlar hazırlayır. Ancaq həmin günün səhərisi şou verlişlər, musiqi yarışmaları, musiqi proqramları yayımlanır. Bu çox qeyri səmimi yanaşmadır. Kədərdən, faciədən deyib-gülməyə, sevinməyə bu cür keçid eləmək omaz. Bu qeyri səmimilikdir. Səmimiyyət olmadığından inkişaf olmur. Hər şeyin saxtasına, yalan olanına meyl artır, inkişaf ləngiyir.Məsələn saxta diplom sahibi özü hamıdan yaxşı bilir ki, bu diplomu illərlər imtahanlarda pul verərək alıb, bu sahədə mütəxəssis demək olmaz ona, yəni ilk növbədə özü özünü aldadır, sonra da ətrafdakıları aldatmağa çalışır. Səmimiyyətsizlik və yalan ayaq tutur və qəribəsi də budur ki, yeriyir..

Dövrümüzün gəncliyi ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Mütəqillik dövrünün gəncliyi irəli getmək üçün, dünyaya açılmaq üçün cəhdlər edir. Düşünürəm ki, sovet havası dəyən gənclikdən fərqli olaraq müstəqillik dövrünün gəncləri çox aktiv görünür. İndiki gəncliyimizin dünyaya çıxmasına, lazımi şəkildə inkişaf edəcəyinə ümid varmı?

Gəncliyimizin əsas problemi təhsil problemidir. Təhsil yüksək səviyyədə olsa, Azərbaycan gəncliyi dünya səviyyəsində mütəxəssis kimi formalaşıb özünü istənilən yerdə təsdiq edib tanıda bilər. Gənclərimizin özündə də yaxşı təhsilə, müasirliyə, yeniliyə meyl olmalıdır. Özünütənqidi, problemləri görməyi bacarmalıdır. Kimi və nə üçün tənqid etdiyini bilməlidir. Daha çox gənc jurnalistləri nəzərdə tuturam. Əslində, mən gəncliyə yol göstərməyə özümü hazır bilmirəm. Bir də, mənim üçün yaş kateqoriyaları şərtidir. Yəni insanları yaş kateqoriyalarına bölmürəm. Heç özümü hansı kateqoriyaya aid edəcəyimi bilmirəm. Çünki bizim gənclik statusunda olduğumuz illər müharibə dövrünə düşüb. O zamanlar mən AzTV-də çalışırdım. Enerji blokunun partladılması, Qarabağ şəhidləri, şəhidlər dəfn edilərkən səslənən yaylım atəşləri, tanıdığım adamların şəhid olması mənim o illərdən qalan xatirələrimdir.Gəncliyim o illərdə qaldı. Gənc kimi imkanlarımız çox məhdud idi. İndiki gəncliyin bu baxımdan şansları daha çoxdur. Mən onların yerinə olsam ilk növbədə xaricdə təhsil almağa çalışardım. Jurnalistika sahəsində çalışanlara bir-iki kiçik tövsiyəm var. Məncə beynəlxalq jurnalistika ilə məşğul olan jurnalist ən azında 3-4 xarici dil bilməlidir. Söhbət dünyaya çıxış üçün önəmli dillərdən gedir.

Azərbaycan miqyasında yaxşı jurnalist olmaq böyük uğur deyil. İndi ölkələr arasında sərhədlər itir. Dünya standartlarına uyğun jurnalistikanı öyrənmək və dünya miqyaslı jurnalist olmağa çalışmaq lazımdır. Jurnalist özünü dünya vətəndaşı olaraq hiss etməlidir.

Gəncliyimiz kitabdan, mütalidən, elmdən, əyləncədən daha çox dinə meyilldir. Bəzi hallarda bu fanatiklik həddindədir. Sizcə gəncliyin bu meylləri hansı səbəblərdən yaranır?

Əslində kitab da, mütaliə də, elm də dinin içərisində var. Amma biz bəzi şeylərdə olduğu kimi dinə münasibətdə də ifrata varırıq. Ümumiyyətlə imanlı olmaq və nəyəsə inanmaq çox gözəldir.

Bu inam hər hansı bir məfkurəyə, ideologiyaya da ola bilər. İnsan yaşamının məzmunu olmalıdır. Əgər inamsız, imansız olsan həyat düzənin pozulacaq. Bu, bir düzüm muncuğa bənzər ki, iman olmayanda ip qırılır və muncuqlar ətrafa səpələnir. İnsanı toparlayan, həyat qüvvəsi , mübarizə eşqi yaradan bir şeylər olmalıdır. İmanlı insan özünü heç zaman tənha hiss etməz.

Ümumiyyətlə, insanın inancı, dini çox məhrəm bir mövzudur. Belə şeylər barədə spekulyativ danışmaq olmaz. Bəzən məndən soruşurlar ki, sən namaz qılırsanmı, ibadət edirsənmi? Az qalıram cavab verəm ki, bunun axı sizə nə dəxli var?

Bu insanın sırf şəxsi və paylaşmayacağı bir məsələdir. İstənilən halda imanlı olmaq, imansız olmaqdan çox yaxşıdır. Din həm də mənəvi məsələdir. Mənəviyatı boş olan insan ümidsizliyə qapanır. Həyatda maddi baxımdan heç nəyə ehtiyacı olmasa belə depressiyalara düşür. Diqqət etmisinizsə, nənəvi boşluq yaşayan insanların əksəriyyəti maddi baxımdan imkanlı və imtiyazlı təbəqədən olanlardır. O gün oğlum mənə deyir ki, “Ana, qorxma , banditlər bizi öldürməyəcəklər. Çünki, biz varlı deyilik” Yəni, o öz uşaq ağlı ilə, sakit və əmin aman həyatı varlı və narahat həyatdan daha üstün tuta bilir.

Tez-tez əlinizi atıb rəfdən götürdüyünüz kitab hansıdır?

Mən daha çox işimlə bağlı kitablar oxuyuram. Məsələn piarla, marketinqlə, menecmentlə, idarəetməylə bağlı kitablar oxuyuram. Bədii ədəbiyyatı çox nadir hallarda oxuyuram. Əsəsən də vaxt qıtlığı ucbatından. Oxuduqlarımıp da ancaq zövqünə inandığım adamların tövsiyyəsi ilə oxuyuram. Bu məsələdə Həmidin zövqünə çox etibar edirəm. Ancaq Həmid özü çox ağır kitablar oxuyur. O oxucu kimi yox, ədəbiyyatşünas kimi mütaliə edir. Mən daha çox psixoloji romanları, hekayələri insan taleyindən bəhs edən yazıları xoşlayırlayıram. Bəyəndiyim kitabı təkrar-təkrar oxuyuram.

Yaradıcı insanlar daha çox tənhalığa qaçır. Siz necə, tənhalığa meyillisinizmi?

Həmidin bir misrası var. Təxminən belədir. “İnsan gerçək mənada ölü olmasaydı heç vaxt ölməzdi”. Mən fikirləşirəm ki, insan gerçək mənada tənha olmasaydı heç vaxt tənhalıqdan əzab çəkməzdi. Tənhalıq hissi hər insana tanış bir hissdir. Yalnız imanlı insanlar özlərini heç bir halda tənha hiss etmirlər.

Türk filosofu Cəmil Meriçin bir fikri var, “Hər bir yaradıcı insan yaşadığı cəmiyyətin ögey balasıdır.” Razısınız bu fikirlə?

Razıyam. Məncə yaradıcı insan xüsusi insan tipidir. Mən yaradıcılıqla məşğul olduğum vaxtlarda belə özümü yaradıcı insan hesab etməmişəm. İki yaradıcı insan bir arada çətin məsələdir. Biri hökmən vaz keçməlidir yaradıcılıqdan. Mən də özümü yaradıcılığa həsr etsəydim çox çətin ola bilərdi. Müəyyən mənada mən geri çəkildim.

Demək olarmı ki, İlhamiyyə Rzayeva öz yaradıcılığını Həmid Herisçinin yaradıcılığına qurban verdi?

Xeyir, mən yaradıcılığımı cəmiyyətdə hökm sürən reallıqlara, gerçəkliyə qurban verdim.

Çox müasir və sevilən bir şairin həyat yoldaşı kimi, şeirə münasibətiniz necədir?

Mənim sevdiyim şeirlər özü deyil, ordakı fikrlərdir. Bu nəsr də ola bilər. Yəni formadan daha çox mahiyyətə, məzmuna önəm verirəm.

Sevdiyim, oxuduğum şairlər var əlbəttə . Amma Heç kimin fanatı olmamışam. Bir vaxtlar Barış Mançonun fanatı ola bilərdim, amma olmadım. Buna zaman, imkan, şərait və dünyagörüşüm imkan vermədi. Onun sənətini çox sevirəm.

Hansı musiqiləri sevirsiniz? Təklikdə musiqi dinləmək istəyəndə ağlınıza hansı musiqilər gəlir?

Musiqi dinləmək seçimi ovqatla bağlıdır. Vaxtilə cazı çox sevirdim. Tez-tez canlı caz konsertlərinə gedirdim. Ancaq 5-6 ildir ki, ümumiyyətlə caz dinləmirəm. Doğrudur, hərdən Vaqif Mustafazadənu dinləyirəm. Onun ifalarını dinləyəndə Bakı haqqında, Bakının köhnə küçələri barədə düşünürəm. Musiqini, həyatdakı eybəcərlikləri unutmaq üçün də dinləyə bilərərm. Ümumiyyətlə ,Musiqi dinləməyi sevirəm, tək olanda, küçədə və nəqliyyatda gedərkən musiqi dinləyirəm.

Hal-hazırda rok dinləməyi xoşlayıram. Xüsusən də türk rokunu dinləyirəm. Şebnem Ferahın ifası çox xoşuma gəlir.

Hər kəsin kiçik, qapalı, özünəməxsus dünyası olur. Sizin bu kiçik dünyanıza kimlər daxildir. Daha çox kimlər üçün yaşayırsınız?

Mənim tanışlarım çoxdur. Ancaq dostlarım azdır. Çox insan var ki, onlar üçün yaşayıram. Mənim dünyam çox da kiçik deyil. Təbii ki, bu siyahıda ailəm, doğmalarım birincidir. İnsanlar ömürdən günlərin kərpic kimi düşdüyünü düşünür. Mənim üçün ömürdən kərpic kimi düşən itirdiyim insanlardır. Məşhur Qaliçin bir misarası yadıma düşdü: “Uxodyat uxodyat uxodyat druzya , odni v nikuda, druqie v knyazya”...

Ümumiyyətlə, həyata pozitiv yanaşmanın tərəfdarıyam. Bu o demək deyil ki, mənim tam pozitiv insanam və neqativ tərəflərim yoxdur. Sadəcə mən bu yanaşmanı seçmişəm. Pozitivlik insana həyat eşqi, işıq və güc verir.

Maraqlı müsahibəyə görə çox sağ olun

 

 

Cəlil Cavanşir

 

Mərkəz.- 2011.- 11 fevral.- S.8.