BDM
Bəxtiyar Vahabzadəni yad edib
Fevralın 13-də Azərbaycanın və türk dünyasının böyük
oğlu, xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından
2 il ötdü.
Beynəlxalq Diaspor Mərkəzi
(BDM) Vətənpərvərliyin Təbliğinə Dəstək
İctimai Birliyi ilə birgə bununla bağlı BDM-in ofisində milli şairi anma tədbiri keçirib.
BDM-in mətbuat xidmətindən
«Mərkəz»ə verilən
məlumata görə,
tədbiri açan qurumun sədri İsmayıl Ağayev şairin Azərbaycanın
milli-azadlıq hərəkatındakı
xidmətlərindən danışaraq
ölkəmizin istiqlaliyyət
əldə etməsində,
imperiyaya qarşı mübarizədə, millətimizin
azadlıq səsinin dünyaya çatdırılmasında
xalq şairi B.Vahabzadənin böyük
rol oynadığını
bildirib.
Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı
B.Vahabzadənin türk
dünyasında olan hörmətindən danışaraq
onun dünyada türklərin birliyi, həmrəyliyi istiqamətində
göstərdiyi xüsusi
xidmətləri qeyd edib. Ş.Əlizamanlı xalq şairi
ilə bağlı xatirələrindən birini
tədbir iştirakçıları
ilə bölüşüb.
O, 1998-ci ildə Avropaya
səfəri zamanı
oradakı türk federasyonu təmsilçilərinin
B.Vahabzadəyə etdikləri
bir xahişi dilə gətirib. Onların istəyi şairin türk millətinin böyük oğlu, mərhum Alparslan Türkeş haqqında şeir yazması olub. Ş.Əlizamanlı bu xahişi
həmin vaxt B.Vahabzadəyə çatdırdığını
və qısa müddətdə yazılan
şeirə musiqi bəstələdiyini bildirib.
Vətənpərvərlik mahnılarının mahir ifaçısı Ş.Əlizamanlının sözügedən
şeirə yazılmış
mahnını, daha sonra Azərbaycan-Türkiyə
və bozqurd nəğmələrini səsləndirməsi
tədbir iştirakçılarını
duyğulandırıb.
Daha sonra tədbirdə iştirak edən akademik Vəli Əliyev, Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni, filoloq
Əziz Ələkbərli,
Əfqanıstan Veteranları
İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli,
BDM-in aparat rəhbəri
Samir Adıgözəlli
və digərləri
öz çıxışlarında
B.Vahabzadənin ana dilimiz uğrunda apardığı mübarizədən,
1959-cu ildə yazdığı
«Gülüstan» poeması
ilə parçalanmış
Azərbaycanın bütövlüyü
uğrunda gənc nəslin yetişdirilməsi
istəyindən, milli
vətənpərvərlik ruhunda göstərdiyi xidmətlərdən bəhs
ediblər. Sonda xalq şairinin
səs yazıları
dinlənilib.
Səxavət HƏMİD
Mərkəz.- 2011.-15
fevral.-S. 8.