«Mərkəz»in baş redaktoru TÜSİAB-ın sədri ilə görüşdü

 

Dünən "Mərkəz" qəzetinin baş redaktoru Nigar Almanqızı TÜSİAB-ın (Azərbaycan-Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyəti) İdarə heyətinin sədri (Yönetim Kurulu başkanı) Yavuz Keleşlə görüşdü. TÜSİAB-ın katibi Yasin Göral "Mərkəz" qəzetinin köşə yazarı Cəlil cavanşir görüşdə iştirak etdi.

Görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin indiki vəziyyəti, mətbuatımız türkiyəli adamlarının Azərbaycandakı fəaliyyəti haqqında maraqlı müzakirələr oldu.

N.Almanqızı TÜSİAB-ın Azərbaycanda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdiklərini bildirdi. Bundan sonrakı fəaliyyətində TÜSİAB idarə heyətinin sədrinə uğurlar arzuladı.

Y.Keleş Azərbaycan mətbuatını yaxından izlədiyini, "Mərkəz" qəzetinin Türkiyə-Azərbaycan münasibətlərinin genişlənməsinə diqqət ayırmasını təqdir etdiklərini bildirdi. Türkiyəli adamlarının da bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını söyləyən Y.Keleş bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdırdı.

Məlumat üçün bildirək ki, TÜSİAB türkiyəli adamlarının Azərbaycana investisiya yatırmasını təmin etmək, iki qardaş ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, dil, din, tarix birliyinə söykənən dostluğun daha da güclənməsinə yardım etmək məqsədi ilə 16 noyabr 1994-cü ildə Bakıda yaradılıb. TÜSİAB-ın məqsədi Türkiyə-Azərbaycan arasındakı münasibətlərə lazımi sosial, ictimai, mədəni dəstəyi vermək, türkiyəli adamlarına Azərbaycan haqqında dolğun məlumatlar çatdırmaqdır. Onu da xatırladaq ki, türkiyəli adamları çətin günlərimizdə Azərbaycan iqtisadiyyatının dirçəldilməsində xüsusi rol oynayıblar. Hazırda da türk adamları Azərbaycana qoyduqları sərmayəyə görə öndədirlər. Belə ki, ölkədə olan 230-dan artıq türk şirkətinin yatırımı 2 milyard dollardan artıqdır.

 

 

Ayhan

 

Mərkəz.-2011.-15 fevral.- S.3.