Qələbə
arzusu ilə çırpınan ürək
Sırxavənd
kəndi Qarabağın axar-baxarlı,
bağlı-bağatlı, səfalı kəndlərindən
biridir. Ulu yaradan bu kənddən heç nəyi əsirgəməmişdi.
Buranın təbiətini görənlər, dağürəkli
insanları ilə görüşüb sıx meşələrində
dincələnlər, buz kimi bulaqlarından su içib ürəklərini
sərinlədənlər bu yerlərə dönə-dönə
gəlmək istəyiblər. Bəlkə də bu səbəbdəndir
ki, ömrü boyu süfrəmizin qırağında oturub
bizə arxa çevirən nankor qonşularımız
zaman-zaman bu torpaqların arzusuyla yaşayıb, bu torpaqlara
göz dikiblər. Başıbəlalı Sırxavənd kəndinin
əhalisi tarixdə bir neçə dəfə erməni
terrorunun qurbanı olub. 1905-ci il oktyabrın 3-də erməni
terror və quldur birləşmələri kəndə
basqın edərək əhalini xüsusi qəddarlıq və
vəhşiliklə qətlə yetirmiş, kəndə isə
od vurub yandırmışdı. Bu əməliyyata erməni
terrorçusu Hamazasp başçılıq etmişdi. Buna
görə Daşnaqsütyun terror təşkilatının
komitəsi Hamazaspa general rütbəsi vermişdi. Belə
faktlar onlarladır. Lakin bütün çətinliklərə
sinə gərən kənd əhalisi heç vaxt öz
doğma torpaqlarını tərk etməmişdi.
«Böyük Ermənistan» xəstəliyinə tutulan erməni
daşnaqları 1988-ci ildə yenidən əzəli Azərbaycan
torpaqlarına göz dikdi. Dağlıq Qarabağda elan
olunmamış müharibə başladı. Bunun nəticəsində
orada yaşayan azərbaycanlı əhalinin taleyi təhlükə
altında qaldı. Əli silah tutan igid oğullarımız
bu ulu yurdu qorumaq üçün mübarizəyə
qalxdılar. O zamanlar hələ Milli Ordu
formalaşmadığından igid oğullarımız
özünümüdafiə batalyonlarında birləşirdilər.
Haqqında söhbət açacağımız Bilal Əhliman
oğlu Məmmədov da bu haqsızlığa dözməyərək
doğulduğu Qarabağ torpağında gedən ədalətsiz
müharibənin iştirakçısı olub,
döyüşlərdə şücaət və qəhrəmanlıq
nümunələri göstərib.
O,
1963-cü ildə Ağdərə rayonunun Sırxavənd kəndində
anadan olub. Uşaqlıq illəri bu kənddə
keçmişdi. 1980-ci ildə kənd orta məktəbini
bitirib Bakı Yeyinti Sənaye Texnikumuna daxil olmuşdu. 1982-ci
ildə Texnikumu bitirən B. Məmmədov Sovet ordusu
sıralarına çağrılır. Hərbi xidmətini
Vladivostok vilayətində başa vurub, Xırdalan Ət Emalı
Kombinatında əmək fəaliyyətinə
başlayır.
1991-ci
ilin isti avqust ayı idi. Dağlıq Qarabağdan gələn
hər qara xəbər paytaxt əhalisinin qəlbinə bir
tikan olub batırdı. Bölgələrdə əhali bir
ovuc erməninin əlində əsir qalmışdı. Erməni
quldur dəstələri dinc əhaliyə divan tutmaqdan çəkinmir,
hər vəchlə bu torpaqları boşaltmağa can
atırdı. Həmin vaxtlar strateji cəhətdən
mühüm əhəmiyyət daşıyan Sırxavənd
kəndinin əhalisi də çətin günlərini
yaşayırdı. Kənd sanki can üstəydi. Bilal Məmmədov
bir gün eşidir ki, erməni quldurları öz avtomobillərində
ot biçininə gedən dayısı Novruz İmanovu,
dayısı oğlu Mahal İmanovu, əmisi Qəzənfər
Həsənovu və əmisi oğlu Vaqif Həsənovu
güllələyərək, maşına od vurub
yandırıblar. Bilalın bu hadisədən sonra düşmənə
olan nifrəti daha da artdı. O, iş yerini qoyub birbaşa
doğma kəndinə yollanır. O vaxt nə
formalaşmış nizami ordumuz, nə də ki, əməlli
silah-sursat var idi. Tək-tük evlərdən ov silahı
çıxırdı.
Ümid
yalnız özünümüdafiə batalyonlarına
qalmışdı. Əhali bu batalyonlardan çox şey
gözləyirdi. Elə ona görə də harada
yaşamağından asılı olmayaraq cavanlar gəlib
canla-başla bu batalyonlara üzv yazılırdılar. O vaxt hər
yerdə olduğu kimi, Sırxavənd kəndində də
özünümüdafiə batalyonu
yaradılmışdı. Batalyona Bəhmən Məmmədov
rəhbərlik edirdi. O, öz qardaşı oğlunu bu
batalyonda görəndə çox sevindi. Üzünü
Bilala tutub dedi:
-
Qardaşoğlu, bilirdim gələcəksən. Bizi dar ayaqda
qoymayacaqsan. Sənin burada olmağın mənə qol-qanad
verdi.
1992-ci
ilin qışıydı… Axşamdan yağan qar dayanmaq
bilmirdi. Belə bir vaxtda düşmən Xankəndində yerləşən
366-cı motoatıcı diviziyası ilə birləşərək
ağır texnikalarla Sırxavənd kəndinə hücuma
keçdi. Bu qeyri-bərabər döyüşdə Rasim Fərzəliyev
şəhid oldu. Batalyonun üzvləri öz
yoldaşlarının dəfnində iştirak edərkən
düşmən yaranmış vəziyyətdən istifadə
edib kəndə yaxın «Böyük güney» adlanan yüksəkliyi
də ələ keçirdi. Kənd mühasirəyə
alındı. Vəziyyət olduqca ağır idi. Komandir Bəhmən
Məmmədov cəld döyüşçüləri
başına toplayıb əməliyyat planı
hazırladı. Düşməni geri oturtmaq üçün
3 istiqamətdən hücum təşkil edildi. Ağır
döyüş başlandı. Komandir fürsətdən
istifadə edib 3 döyüşçü ilə düşmənin
arxasına keçdi. Bunu gözləməyən erməni
quldurları pərən-pərən düşərək
geri çəkilmək məcburiyyətində qaldı.
Komandirin sevincinin həddi-hüdudu yox idi. Lakin təhlükə
hələ sovuşmamışdı, döyüş davam
edirdi.O, arxaya çevrilib uşaqları bir daha irəli səslədi.
Elə bu an açılan güllə komandiri yerə
yıxdı. Başından ağır yaralanan Bəhmən Məmmədovu
təcili Bakıya çatdırsalar da, onun həyatını
xilas etmək mümkün olmadı. Vətən
torpağı bir igidi də beləcə son mənzilə yola
saldı. Cəsur döyüşçülərimizin əzmkarlığı
sayəsində düşmən ağır itkilər verərək
geri çəkildi və yüksəkliklər geri
alındı.
1992-ci
ilin mart ayı… Özünümüdafiə batalyonunun
üzvləri sanki başsız qalmışdı. Real bir
komandir axtarışında idilər. Bilal 17 nəfər
döyüçü ilə yeni yaradılmış Ağdam
özünümüdafiə batalyonuna gəldi. Təcrübəli
komandir Şirin Mirzəyev Bilalı yanına
çağırıb dedi: «Haqqınızda çox
eşitmişəm. «El bir olsa, dağ oynadar yerindən».
İnanıram ki, biz birlikdə çox işlər görəcəyik».
Batalyonun üzvləri də öz komandirlərindən
çox şey gözləyirdilər. Ona bir ümid
çırağı kimi baxırdılar. Bilal bu batalyonda
özünü daha qüvvətli, daha cəsur hiss edirdi. O,
alovlanmış qəlbini söndürmək
üçün sanki məqam axtarırdı.
Həmin
vaxtlarda Ağdam-Xankəndi yolu bağlanmışdı. Xankəndi
istiqamətindən Ağdama çıxış yolu
yalnız Sırxavənddən keçirdi. Düşmən nəyin
bahasına olursa-olsun strateji cəhətdən əlverişli
olan bu kəndi nəzarətdə saxlamağa
çalışırdı.
1992-ci
ilin yayı… Komandanlıq plan hazırlayaraq Sırxavənd kəndinə
hücuma keçdi. Xeyli vaxt idi ki, belə uğurlu əməliyyat
keçirilməmişdi. Döyüşçülərimiz
bir-birinin ardınca bir sıra kəndləri geri alaraq
Sırxavəndə çatmışdı.
Bu
döyüşdə düşməndən qənimət
kimi 3 ədəd «PDM-2» zirehli döyüş
3maşını və 12 nəfər
döyüşçü ələ keçirildi. İgid
komandir çox məmun görünürdü. Ş. Mirzəyev
bir daşın üstündə oturub
döyüşçüləri başına
yığıb deyirdi: - Çox sağ olun! Mən hələ
də inana bilmirəm ki, itki vermədən bir belə ərazini
asanlıqla geri qaytara bildik. Bu döyüşdə Bilal Məmmədov
xüsusi ilə fərqləndi. Çox təəssüflər
ki, 1992-ci ilin iyun ayının 18-də qəhrəman Şirin
Mirzəyev 3 nəfər yaxın qohumu ilə düşmənin
basdırdığı minaya düşərək həlak
oldu. O həlak olduqdan sonra batalyonda bir ruh düşkünlüyü
yaranmışdı. Belə bir komandiri itirmək onsuzda
çətin olan vəziyyəti bir az da gərginləşdirmişdi.
Bilal düşünüb-daşınıb öz
taqımı ilə Yelmar Edilovun batalyonuna daxil oldu.
1993-cü
ilin baharı… Ağdamın Çərik kəndindən erməni
silahlı birləşmələri yaxınlıqda yerləşən
Əfətli, Əhmədağalı, Çıraqlı,
Xındırıstan kəndlərini tez-tez atəşə
tutur, burada yaşayan əhalini təhlükə altında
saxlayırdı. Yelmar komandanlıqdan mühüm göstəriş
aldı. Çərik kəndi erməni yaraqlılarından təmizlənməliydi.
Plana görə əvvəlcə artilleriya atəş
nöqtələrini susdurmalı, sonra 3 istiqamətdən
postlara hücum edib ərazini ələ keçirməli idilər.
Yelmar deyilən vaxt öz dəstəsi ilə kəndin ətrafında
mövqe tutdu. Lakin artilleriya zərbələrindən
heç səs-soraq da yox idi. Komandir dəstənin mühasirəyə
düşəcəyindən ehtiyat edirdi. Düşmən
duyuq düşməmiş əməliyyatı keçirib,
buranı tərk etmək lazım gəlirdi. Komandir dərhal
hücum əmri verdi. Şiddətli döyüş
başladı. Bilal öz qumbaraatanını işə
saldı. Düşmən tankı məhv edildi. Düşmən
qüvvələrini bu istiqamətdə geri çəkmək
məcburiyyətində qaldı. Beləcə kənd azad
edildi.
1994-cü
ilin may ayı idi. Çıraqlı kəndi düşmən
tərəfindən işğal edilmişdi. Bu vaxta qədər
bu kəndi başqa bir batalyon qoruyurdu. Lakin nə səbəbdənsə
döyüşçülər buranı tərk etmişdi.
Düşmən kəndi döyüşsüz ələ
keçirmişdi. Vaxt itirmək olmazdı.
Təcili
kənd geri qaytarılmalıydı. Əmr beləydi. Bu əməliyyatı
həyata keçirmək Bilal Məmmədovun
başçılıq etdiyi qumbaraatan taqımına
tapşırılmışdı. Taqım komandiri 32 nəfər
döyüşçü ilə Çıraqlı kəndinin
üzərinə hücuma keçdi. Bilal qumbaraatanı
çiyninə alıb öndə gələn tankı hədəfə
aldı. Tank ani olaraq alova büründü. Bunu görən
düşmən vahimə içərisində geri çəkilməyə
məcbur oldu. Geri çəkilərkən düşmən
daha bir tankını itirdi. Bilal Məmmədovun yüksək
peşəkarlığı nəticəsində heç bir
itki verilmədən kənd geri alındı.
Çıraqlı
kəndinin geri qaytarılmasında düşmənə
sarsıdıcı zərbə vurduğuna görə Azərbaycan
Respublikası Prezidenti 12 may 1994-cü il tarixdə belə bir
fərman imzaladı. «Bilal Əhliman oğlu Məmmədov «Azərbaycan
Bayrağı Ordeni» ilə təltif olunsun».
Buna
qədər o, döyüşlərdə göstərdiyi
şəxsi hünər və şücaətlərinə
görə bir sıra döş nişanı, diplom və fəxri
fərmanlarla da təltif edilmişdi. Əhmədağalı
kəndi uğrunda gedən döyüşdə düşmən
tankını məhv etdiyinə görə 708 saylı hərbi
hissənin komandiri tərəfindən «Fəxri Fərmanla»,
torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi
igidliyə, hərbi taktika və təlimlərdə fərqləndiyinə
görə 708 saylı hərbi hissənin «Tank Briqadası
Şərəf Döş Nişanına» (20.09.1994), Azərbaycan
Respublikasının Müstəqilliyi və
Azadlığı uğrunda xüsusi qəhrəmanlıq və
rəşadət göstərdiyinə görə «Azərbaycanın
Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qənbərov»
adına diplomla (28.09.1994), Azərbaycanın suverenliyi
uğrunda döyüşlərdə qəhrəmanlıq
nümunələri göstərdiyinə və gənc polis nəfərinin
hərbi vətənpərvərlik ruhunda tərbiyə
olunmasında fəal iştirakına görə «I Dərəcəli
Fərmanla» (10.10.1995), «Vətən uğrunda» medalı ilə
(25.06.2008) təltif olunub. Bilalın bu gün də qəlbi
qisas almaq arzusu ilə döyünür. O, hər zaman Ali
Baş Komandanın əmrini gözləyir. Hal-hazırda
Bakı şəhər Baş Polis İdarəsinin Metropolitenə
nəzarət edən polis şöbəsində şərəflə
çalışır.
Vüqar ƏSGƏROV,
AMEA-nın Respublika Xatirə
Kitabı Redaksiyasının redaktoru
Mərkəz.-2011.-12 fevral.-S.15.