Azərbaycanda
58 min əlil uşaq var
Onların iki mini internat
məktəblərində yaşayır
“Əlilliyi olan uşaqlar və ailələr
yoxsulluq içində
yaşayır”. Bunu Ümidli
Gələcək Gənclər Təşkilatının
icraçı direktoru Nazir
Quliyev dünən keçirdiyi
mətbuat konfransında
bildirdi. “Azərbaycan
Respublikasında Əlilliyi olan uşaqların vəziyyətinə və səhiyyə xidmətlərinə
çıxışı vəziyyətinə dair BMT-nin Uşaq
Hüquqları Komitəsinə təqdim olunacaq
Alternativ QHT hesabatının ictimai müzakirəsi” mövzusunda keçirilən konfransda
İnsan Hüquqları
üzrə Müvəkkilin (Ombudsman), Səhiyyə Nazirliyinin, Təhsil
Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin, milli QHT-lərin nümayəndələri
iştirak edirdilər.
N.Quliyev bildirdi ki, valideyn
himayəsindən məhrum
olmuş, sağlamlıq
imkanları məhdud uşaqlarla
əlaqədar Birləşmiş
Millətlər Təşkilatının (BMT) Uşaq
Hüquqları Komitəsinə
hesabat təqdim olunacaq: “Əlilliyi olan uşaqlar və onların
ailələri əksər hallarda aztəminatlı qrupa aid edilir və ya
ailələri yoxsulluqda
yaşayır. Başqa uşaqlarla
müqayisədə onlar
4 dəfə artıq fıziki
zorakılığa, 3 dəfə artıq emosional
zorakılığa məruz
qalırlar. Həyat üçün vacib olan müalicə, səhiyyə,
uşaqlara qulluq etmə və təhsil sahəsində göstərilən
xidmətlərin keyfiyyətinin artırılmasına ehtiyac var”.
Ötən illər
ərzində əlilliyi olan uşaqların hüquqlarının
təmin edilməsi istiqamətində hökümət tərəfindən
xeyli işlərin görüldüyünə baxmayaraq,
hələ də
problemlərin qaldığını deyən N.Quliyev
hesab edir ki, bu problemlərin
həllinə QHT-hökumət əməkdaşlığı
kömək edə bilər.
Daha sonra çıxış
edən Müasir Təhsil
və Tədrisə Yardım Mərkəzinin
icraçı direktoru Ülviyyə
Mikayılova isə bildirdi
ki, əlilliyi olan uşaqların cəmiyyətə
inteqrasiyası, onların reabilitasiyası, sağlamlıq hüququnun təmin edilməsində çətinliklər və
problemlər qalmaqdadır: “Həmçinin onların təhsil,
xüsusilə də, peşə təhsilinə
çıxış imkanları da məhduddur.
Daha dəqiq desək, belə uşaqlar və valideynləri təhsillə bağlı 2
problemlə üzləşirlər. Birincisi,
sosial xidmətlər problemidir. Bu məsələ ölkə qanunvericiliyində
həllini tapmalıdır. İkincisi, valideynin təhsil müəssisəni
seçməsi problemidir. Yəni
əlil uşaqların icma
nəzdində təhsil
almaq üçün
seçmə hüququ
təmin edilməlidir
ki, uşaq gələcəkdə özünə karyera qura bilsin”.
“Müstəqil Həyat”
İnkişaf və Dəstək Mərkəzinin rəhbəri
Aydın Xəlilov isə fiziki və əqli cəhətdən
əlillik yaradan səbəblərdən
söz açdı. O bildirdi
ki, buna ilk növbədə ekologiyanın çirklənməsi,
müharibədən sonra qalmış
problemlər,
müxtəlif zədələr, hamiləlik zamanı
ananın düzgün qidalanmaması,
ağır işlə məşğul olması kimi proseslər səbəb olur.
Daha sonra
A.Xəlilov əlil uşaqlar üçün yaradılmış
şərait haqqında da
danışdı: “17 icma əsaslı
reabilitasiya mərkəzləri
yaradılıb. Təəssüf ki, bunun bir neçəsi rayonlarda, qalanları isə Bakıdadır. Mərkəzdə əlil
uşaqlara qaşıq
tutmaqdan tutmuş, həyatda qala bilmək üçün hər şey öyrədilir. Qeyd
edim ki, ölkədə
58 min əlil uşaq yaşayır (ümumi
sağlamlıq imkanları
məhdud olanların sayı 300 mindir -
S.M). Onların 2 mini internat
məktəblərində, digərləri isə valideynləri
ilə birgə yaşayırlar”.
A. Xəlilov əlil uşaqlara qarşı insanların münasibətinin dəyişməsi
üçün dövlət
səviyyəsində, həm də QHT-lər və icmalar tərəfindən
geniş maarifləndirmə və məlumatlandırma
kampaniyalarının aparılmasını məqsədəuyğun
hesab etdi.
S.
MEHRALIYEV
Mərkəz.- 2011.-18 fevral.-S.12.