Nigar Almanqızı Türk Hava Yollarının Bakı nümayəndəsi ilə görüşdü

 

Dünən “Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı Türk Hava Yollarının (THY) Bakı nümayəndəsi Mehmet Akkaya ilə görüşüb. THY-nin Bakı nümayəndəliyində baş tutan görüşdə qardaş ölkənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Habib Kaya və “Mərkəz” qəzetinin köşə yazarı Cəlil Cavanşir də iştirak edib. İşgüzar xarakterli görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı da müzakirələr aparılıb. N.Almanqızı Azərbaycan mediasına göstərdikləri diqqətə görə THY-yə və şirkətin Bakı nümayəndəliyinə dərin təşəkkürünü bildirib. O, bu cür qayğıdan və əməkdaşlıqdan məmnunluğunu ifadə edərək THY-yə qarşıdakı fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

M.Akkaya isə Azərbaycan mediasına olan diqqətin iki qardaş ölkənin münasibətlərindən qaynaqlandığını bildirib. Azərbaycan mətbuatı ilə münasibətlərinin yüksək səviyyədə olmasından məmnun olduğunu bildirən M.Akkaya bundan sonra da bu əməkdaşlığı və dostluğu davam etdirəcəklərini deyib.

H.Kaya isə N.Almanqızının son vaxtlar türkiyəli iş adamları ilə keçirdiyi intensiv görüşləri ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsi üçün atılan addım kimi qiymətləndirdiyini söyləyib. O, “Mərkəz” qəzetinin fəaliyyətini izlədiyini, son dövrlərdə qəzetin nəşrindəki müsbət dəyişiklərdən məmnunluğunu gizlətməyib. Azərbaycan mediasındakı bütün müsbət dəyişiklərə sevindiklərini, Azərbaycan mətbuatının daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Daha sonra THY-nin Bakı nümayəndəsi bu yaxınlarda Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək “İstanbul Shopping Fest” barədə qonaqlara ətraflı məlumat verib. Bu il martın 18-dən aprel 26-na qədər keçiriləcək tədbirin məqsədi İstanbulun beynəlxalq alış-veriş mərkəzinə çevrilməsinə nail olmaqdır. 2015-ci ildə İstanbula 1,5 milyon turist cəlb etmək də əsas məqsədlər sırasındadır. M.Akkaya THY-nin bu tədbir boyunca sərnişinlərə 20 kq pulsuz yük aparmaq imkanı verəcəyini bildirib.

Tədbir münasibətilə Azərbaycandan Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində “Mərkəz”in baş redaktorunun da olmasından məmnun qaldığını bildirən M.Akkaya bundan sonra da “Mərkəz” qəzeti ilə sıx əməkdaşlıq edəcəklərini söyləyib.

 

 

Ayhan

 

Mərkəz.- 2011.- 18 fevral.- S.3.