Soçi görüşü vəd edir?

 

Martın 5-də Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə Azərbaycan Ermənistan prezidentləri - İlham Əliyev Serj Sarkisyanın növbəti görüşü keçiriləcək. Bunu fevralın 17-də jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

Qeyd edək ki, bu, 2011-ci ildə Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlər səviyyəsində ilk görüş olacaq. Üç prezident arasında sonuncu görüş ötən ilin oktyabrında Həştərxanda keçirilmişdi. Bu arada prezident İlham Əliyev «Mir» Dövlətlərarası Teleradioşirkətinə müsahibəsində münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha xatırladıb. Dövlət başçısı birmənalı şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir: «BMT-nin dörd qətnaməsində, o cümlədən digər beynəlxalq təşkilatların qətnamə və qərarlarında da məsələ belə qoyulub. Dağlıq Qarabağa müstəqillik verilməsi mümkün deyil və Ermənistan tərəfi bu məqama konstruktiv yanaşacağı halda biz danışıqlarda irəliləyiş əldə edə biləcəyik. Əks halda, yəni bizim qarşımıza separatizmlə, bölgənin müstəqilliyini hüquqi baxımdan rəsmiləşdirməyə razılıqla bağlı suallar qoyulsa, təbii ki, danışıqların heç bir perspektivi olmayacaq».

Prezident bildirib ki, indiki mərhələdə Madrid prinsiplərinin yeniləşdirilmiş variantı müzakirə olunur: «Bu prinsiplərdə həm Dağlıq Qarabağda yaşayan, həm də ora qayıdacaq vətəndaşların hüquqları təmin olunur, Azərbaycan ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaları, Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpası, təhlükəsizliyin təminatı kimi məsələlər əksini tapır. Təbii ki, sənəddə digər nüanslar da var, amma qlobal olaraq bu prinsiplərdən söhbət gedir. Onlar təmin olunsa, yaxın gələcəkdə biz irəliləyişlər haqda danışa bilərik, əks halda, bölgədəki situasiya müxtəlif ssenarilər üzrə inkişaf edə bilər».

Vasitəçilərin danışıqlar prosesində roluna gəlincə, İlham Əliyev bu məsləyə ikili münasibəti olduğunu deyib: «Bir tərəfdən mən vasitəçi ölkələrin yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq istədiklərini görürəm, biz bunu alqışlayırıq. Digər tərəfdənsə, onların fəaliyyəti 19 ildə heç bir nəticə verməyib. Danışıqlar müxtəlif formatlarda aparılıb, bəzi mərhələlərdə müəyyən irəliləyişlər əldə olunub, amma hər dəfə hansısa faciəli hadisələr ucbatından və ya Ermənistanın öz mövqeyini dəyişməsi üzündən müzakirələr gah dalana dirənib, gah da ümumiyyətlə baş tutmayıb. Konkret nəticələrin olmadığı indiki situasiyada vasitəçilərin rolunu müsbət qiymətləndirmək düzgün olmazdı. Bununla yanaşı, mən deyə bilmərəm ki, onlar bütün imkanlarından istifadə etmirlər. Biz ümid edirik ki, BMT-nin daimi üzvləri olan bu üç vasitəçi öz nüfuzlarından və siyasi resurslarından istifadə edib işğalçı ölkəni işğal etdiyi torpaqları azad etməyin vacibliyinə inandıracaqlar».

Bəs, ilin ilk görüşündən gözləntilər nədən ibarətdir? Bu sualla müraciət etdiyimiz Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, bu görüş Rusiyanın ötənilki fəallığının davamıdır. Onun sözlərinə görə, Rusiya bu regionda nəzarəti gücləndirməyə çalışır: «Yəni Rusiyanın iştirakı olmadan regionda heç bir məsələ həll olunmasın. Eyni zamanda, bölgədəki bütün məsələlər Rusiyanın maraqları çərçivəsində inkişaf etsin. Düşünmürəm ki, bu görüş özü-özlüyündə hansısa bir irəliləyişə səbəb olsun. Çünki Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Rəsmi İrəvan indiyədək qeyri-konstruktivlik və sərt mövqe nümayiş etdirir. Mən düşünmürəm ki, birdən-birə hansısa bir görüşdə Ermənistanın mövqeyi radikal şəkildə dəyişilsin. Digər məsələ təbii ki, Rusiyanın Ermənistana təsirindən asılıdır. Əgər Rusiya bu məsələ ilə bağlı öz maraqları çərçivəsində hərəkət etmək və ədalətli sülhə nail olmaq istəyirsə, təbii ki, Ermənistana təzyiq etməlidir. Ermənistanı sülhə məcbur etmək lazımdır və Azərbaycanın torpaqları birmənalı şəkildə boşaldılmalıdır. Lakin mən hələlik Rusiya tərəfindən bu cəhdi də müşahidə etmirəm. Ona görə də martın 5-də keçiriləcək görüşdə hansısa bir ciddi nəticəyə gəlinməsi şübhə altındadır. Düşünürəm ki, bu görüşü sadəcə olaraq hələlik növbəti bir görüş kimi qəbul etmək lazımdır. Eyni zamanda, Rusiyanın ciddi maraqlarının həyata keçirilməsi istiqamətdə bir addımdır».

Görüşlə bağlı məlumatın ilk dəfə ABŞ-ın Azərbaycandakı səfiri tərəfindən açıqlanmasına münasibət bildirən F.Sadıxov Moskvanın sadəcə olaraq Vaşinqtonu məlumatlandırdığını vurğuladı: «Çünki hər iki dövlət ATƏT-in Minsk Qrupunun həmsədridir. Digər tərəfdən Brayzanın bu xəbəri açıqlaması ilə görüşün təşkilinə dair məlumat üst-üsə düşdü və Brayza bunu texniki, mexanki formada elan etdi. Çünki Brayza ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri, bu məsələlərin içində olan bir diplomat kimi bu məlumatı səsləndirdi. Bu da ona işarə edir ki, Moskva öz maraqları çərçivəsində hərəkət etsə də, eyni zamanda, bu addımları təbii olaraq ABŞ-la razılaşdırır».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.-2011.-19 fevral.-S.5.