Fransızlar Azərbaycan sehrinə düşdülər

 

Parisdə Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və “Azərbaycan” kitabının təqdimatına həsr olunan təntənəli mərasim keçirilib

 

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü və “Azərbaycan” kitabının təqdimatına həsr olunan təntənəli mərasim keçirilib. AzərTAc-ın məlumatına görə, Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünün qeyd olunması ilə bağlı imzaladığı sərəncama əsasən, təşkil edilən bu möhtəşəm mərasim Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm addım olub.

Fransanın mədəniyyət naziri Frederik Mitteran Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. F.Mitteran Fransanı Azərbaycan mədəniyyətinin ən yaxın dostlarından biri adlandırıb. Nazir Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən məlumatlı olduğunu bildirərək fondun Azərbaycanda mədəniyyətin inkişafına töhfələrini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan muğam və aşıq musiqisinin vətənidir. Azərbaycan bəstəkarlarının əsərləri Fransada da çox sevilir və Azərbaycan- Fransa yazıçılarının əsərlərində də təsvir olunub.

Fransanın mədəniyyət naziri hər iki ölkənin mədəni irsinin daha çox təşviq olunmasını arzulayıb. O, Mehriban Əliyevanın YUNESKO çərçivəsində gördüyü işləri yüksək qiymətləndirib. Frederik Mitteran ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsindən məmnun olduğunu deyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Mehriban Əliyeva ölkəmizə və mədəniyyətimizə göstərilən diqqətə, verilən dəyərə görə minnətdarlığını bildirib. Bu il Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyinin qeyd edildiyini deyən Azərbaycanın birinci xanımı bu hadisəyə həsr olunan ilk tədbirin Fransada keçirilməsindən məmnun qaldığını deyib. Mehriban Əliyeva deyib ki, müstəqil ölkə kimi Azərbaycan çox gəncdir. Lakin Odlar Yurdu adlanan bu diyarın qədim tarixi vardır.

Ölkəmizin tarixi barədə mərasim iştirakçılarına məlumat verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan uğrunda tarixin müxtəlif dövrlərində aparılan mübarizələr haqqında danışıb. Bildirib ki, bütün bunlara baxmayaraq xalqımız öz tarixini, dilini, dinini, mədəniyyətini qoruyub saxlayıb, milli mənliyini itirməyib. Mehriban Əliyeva Azərbaycanın Xalq cümhuriyyəti dövründə əldə etdiyi nailiyyətləri xatırladıb.

1918-ci ildə əldə edilən müstəqilliyin cəmi 23 ay çəkdiyini deyən Azərbaycanın birinci xanımı ölkəmizin 70 ildən çox sürən dövr ərzində sovet rejiminin sərt qanunları ilə üzləşdiyini və bu illərdə də xalqımızın müstəqillik arzusuyla yaşadığını və nəhayət, buna nail olduğunu vurğulayıb. Mehriban Əliyeva diqqətə çatdırıb ki, tarixi baxımdan 20 il böyük dövr olmasa da, bu qısa zaman kəsiyində Azərbaycan çox böyük nailiyyətlər əldə edib, bölgənin ən sürətlə inkişaf edən ölkəsinə çevrilib: «Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir, Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələridir.

Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, ölkəmiz bütün bu nailiyyətləri Dağlıq Qarabağ münaqişəsi kimi uzunsürən və hələ də həllini tapmamış problemin mövcudluğu şəraitində əldə edib. Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün və hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır».

Tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası salona Azərbaycan ovqatı gətirib.

Bu mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səslənib, olduqca tələbkar auditoriyanı öz sehrinə salıb. Şirzad Fətəliyevin balabanda orkestrin müşayiətilə ifa etdiyi “Sən gəlməz oldun” mahnısı, Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasına yazdığı uvertüra, Fikrət Əmirovun bəstələdiyi əvəzsiz sənət əsərləri Azərbaycan adlı məmləkətin sahib olduğu və xalqımızın min illərdir qoruyub saxladığı qiymətli xəzinəni Qərb tamaşaçısına uğurla çatdırıb.

Dahi bəstəkar Qara Qarayevin bəstələdiyi rəqs və İsfar Sarabskinin ifa etdiyi “Novruz” caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun ifasında “Qarabağ şikəstəsi” də mərasimə xüsusi ovqat qatıb.

Son dərəcə maraqlı konsert proqramı bir daha təsdiq edib ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də fondun prezidenti Mehriban Əliyevanın mədəni irsimizə olan münasibətinin dinamikasını yetərincə göstərir. Qara Qarayevin “Vals”ı, Niyazinin “Arzu”su, “Küçələrə su səpmişəm” məşhur xalq mahnısı, Natiq Şirinovun “Azərbaycan ritmləri” bir daha təsdiqləyib ki, Qərb tamaşaçısı son dərəcə maraqlı kaloriti olan, incə hisslərlə dolu bu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər-istəməz insanı öz təsiri altına salmağı bacarır.

Ən nəhayət, bu möhtəşəm gecənin yekununda Fikrət Əmirovun dünyada məşhur “Min bir gecə” baletindən bir parça ifa edilib. Bu sənət əsərləri Azərbaycan musiqisinin zənginliyindən xəbər verib, Fransa mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə böyük maraq oyadıb.

Sonra mərasim iştirakçıları Azərbaycan sərgisinə baxıblar. Sərginin ən əhəmiyyətli məqamı burada Qarabağ xalılarının nümayiş etdirilməsi olub. Ölkəmizin ayrılmaz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çaları, ornamentlərin quruluşu ilə tamaşaçıları heyran edib. Bu mədəniyyət nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib, xalqımızın sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər verib.

Xalçalarımıza olan maraq təsdiqləyib ki, dünya mədəniyyətinin inkişafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bütün dünyanı heyran qoyub. İndi Azərbaycan xalılarının sorağı ən məşhur saraylardan, muzeylərdən gəlir. XVI əsrdə toxunan və Londonun Viktoriya və Albert muzeyində qorunan “Şeyx Səfi” xalısı ornamental xalçaların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir.

Sərgidə nümayiş olunan qədim misgərlik məmulatları da ölkəmizdə el sənətinə verilən dəyəri Avropa tamaşaçısının diqqətinə çatdırıb.

Sərgi çərçivəsində “Azərbaycan” kitabının fransız dilində nəşr olunan versiyasının təqdimatı da keçirilib. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan versiyası ötən ilin əvvəlində Bakıda prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdu.

Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.

Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi sözün əsl mənasında hadisəyə çevrilib. Xalqımızın milli kimliyini, soydaşlarımızın arzu və istəklərinin əksolunduğu bu mədəniyyət nümunələri hər bir azərbaycanlının qəlb döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırıb. Bu mədəniyyət nümunələri mərasimə gələn hər bir kəsi xəyalən nağıllar aləminə, Azərbaycana gətirib.

 

 

Mərkəz.- 2011.- 19 fevral.- S.3.