Alim və
insan
Azərbaycanın görkəmli ziyalısı,
tanınmış ictimai-siyasi
xadim, böyük pedaqoq Zahid Qaralovdan
söhbət düşəndə,
qardaşım Tofiq Bayramın onun haqqında dediyi «böyük insan üstəgəl böyük
alim» sözləri yadıma düşür.
Bəlkə də Zahid müəllimə olan böyük ehtiramın da bir səbəbi qardaşım dünyasını
dəyişdikdən sonra
onun sevdiyi, əzizlədiyi insanlara bağlanmağım, onlara
bəslədiyim bacı
sevgisidir.
Zahid müəllimlə
yaxından tanışlığım
90-cı illərin əvvəlinə
təsadüf edir. Respublikamızın taleyi və xalqımızın
həyatı üçün
son dərəcə həssas
günlərdə ağır
məsuliyyətin altına
girib nicat yolu arayanların sırasında Zahid Qaralov birincilərdən oldu. Şəxsiyyəti məndə böyük rəğbət və maraq doğuran Zahid müəllimlə görüşmək, onun
haqqında yazmaq, düşündüklərimi bölüşmək
daxili ehtiyacıma çevrildi.
Həmin
dövrdə hörmətli professor Azərbaycan Elmi-Tədqiqat
Pedaqoqika İnstitutuna rəhbərlik edirdi. Zəng edib
görüşmək istədiyimi dedikdə, əvvəlcə
imtina etdi və müsahibə vermək arzusunda
olmadığını bildirdi. Lakin Tofiq Bayramın
bacısı olduğumu eşitdikdə münasibəti dərhal
dəyişdi və «gəl, bir söhbət edək» dedi. Təyin
olunan vaxtda Zahid müəllimin son dərəcə sadə, nəinki
direktor, hətta kiçik ranqlı məmur otağından da
sadə, soyuq otağına daxil oldum.
Elə
həmin andan bu müdrik insana qəlbimdə doğma, mərhəm
hisslər oyandı və onu özümə böyük
qardaş kimi qəbul etdim. Hər cür rəsmiyyətdən
uzaq, çox maraqlı bir söhbətin axarına
düşüb Zahid müəllimlə birgə onun
keçdiyi uşaqlıq, yeniyetməlik, gənclik illərindən
adladıq. Bu yolda nələrlə rastlaşmışdı
Zahid müəllim. Bütün bunlar onun təbiətini dəyişməmiş,
xeyirxahlığını azaltmamış, obyektivliyinə xələl
gətirməmişdi. Əksinə, onu daha da mətinləşdirmiş,
prinsipial və ədalətli etmişdir. Sonralar yüksək
dövlət vəzifələrində işləyərkən
haqqı nahaqqa verməməsini şərtləndirmişdi.
Zahid
müəllimin xoş aurasında olduğum anlar
yaddaşımda silinməz izlər buraxdı. Azərbaycanın
əbədi lideri Heydər Əliyevə qarşı
hücumlar başlananda Zahid Qaralovun onun müdafiəsinə
qalxanların ön sıralarında getməsi, Heydər Əliyevin
Hüquqlarının Müdafiəsi Komitəsinə rəhbərlik
etməsi ilə bağlı suallarıma verdiyi təvazökar
cavab məni təəccübləndirdi. Özünün
azacıq xidmətlərini şişirdənlərdən fərqli
olaraq Zahid müəllim bu işdə təşəbbüsün
xalqın özündən gəldiyini vurğulamaqla kifayətləndi.
Yeni Azərbaycan Partiyasının yaradılmasında
nüfuzu, gərgin əməyi, təşkilatçılıq
bacarığı ilə fəal iştirak etmiş Zahid
müəllim öz təbiətinə sadiq qalaraq bunun hər
bir ziyalının, düşünən, millətinə can
yandıran hər kəsin borcu olduğunu önə çəkdi.
Dəqiq
elmlərin tədrisi, metodikası sahəsində elmi nailiyyətləri
ilə təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə
tanınmış Zahid müəllim bütün bunları
özünün yox, müəllimləri, görkəmli
pedaqoq alimlər Abbaszadə və Mehdizadənin adıyla
bağlayır. Doğma yurda, elə-obaya bağlılıq, əldə
etdiklərinə görə yaxınlarına minnətdarlıq
Zahid müəllimin xarakterik xüsusiyyətidir.
Son
zamanlar Zahid müəllim yaşadığı ömrün, əldə
etdiyi elmi biliklərin, yiyələndiyi bacarıq və təcrübənin
növbəti uğuru olan bir neçə fundamental əsərlər
ərsəyə gətirmişdir. Azərbaycan elmi
publisistikasının uğuru hesab oluna bilən «İdeologiya
və mənəviyyat» kitabı Nəsrəddin Tusi irsinin tədqiqinə
həsr olunmuşdu. «Elm, saf əxlaq dünyasına
açılan qapı» (I, II cild) kitabları böyük maraq
doğurur.
«İdeologiya
və mənəviyyat» kitabının tarixi şəxsiyyət,
böyük ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat
daşıyıcısı, təmiz əxlaq nümunəsi,
azərbaycançılıq etalonu Heydər Əlirza oğlu
Əliyevə ithaf etdiyini göstərən Zahid müəllim
son dərəcə orijinal, tərbiyəvi əhəmiyyətli
elmi bir əsəri oxuculara təqdim etmişdi.
Kitabın
tərtibatı zamanı müəllif orijinal bir üsuldan
istifadə edərək, kitabda istifadə olunmuş
anlayış və terminlərin izahını vermiş və
bunu çox aydın şəkildə təqdim etmişdi.
Müəlliflik
missiyasını hətta kitabın tərtibatında belə
unutmayan Zahid müəllim bu izahatı ilə əvvəlcə
oxucunu öyrədir ki, əsəri oxuyarkən o, həm də
maariflənsin, yeni bilikləri əxz etsin.
Son
dərəcə orijinal, indiyə qədər oxuduğum
kitablara bənzərsizliyi ilə seçilən «İdeologiya
və mənəviyyat» əsərində axtardığım
bir sıra suallara cavab tapıram.
Kitabda
çox maraqlı bir fəsil «Fikir ziddiyyətləri»
adlanır. Son vaxtlar ətrafımda müzakirələr
aparılan dinlə bağlı bir çox məsələlər
bu fəsildə araşdırılmışdır.
«Ölkədə
ciddi siyasi, iqtisadi, sosial islahatlar həyata keçirilir. Belə
bir şəraitdə özlərini modern təfəkkür
sahibi adlandıran bəzi şəxslər mədəni,
milli, dini, mənəvi, tarixi dəyərlərin sual
altına alındığını iddia edir. Azərbaycanın
həyat tərzinin keçmişinə şübhə ilə
yanaşırlar. Bundan istifadə edən bəzi mühafizəkarlar
isə milli, dini, mənəvi, mədəni, tarixi dəyərləri
qorumaq adı altında aqressiv cəbhə yaratmağa
çalışırlar. Beləliklə, vahid tarixi
inkişaf prosesi birtərəfli qiymətləndirilməklə,
insan-insan, insan-dövlət, etnik-etnik, icma-icma
qarşıdurması yaradılır. Əslində Azərbaycanın
bugünkü müasirləşməsi ilə müstəqilliyə
qədərki həyat tərzi arasında heç bir ziddiyyət
yoxdur, yeniliyin hamısı əvvəlki bünövrə
üzərində yüksəlir, təkmilləşir,
möhkəmlənir. Azərbaycan xalqı öz yaşayış
tərzini qoruyub saxlayır, özünüinkişaf prosesini
davam etdirir».
Zahid
Qaralovun «İdeologiya və mənəviyyət» əsərində
dinin digər varlıqlarla qarşı-qarşıya
qoyulmasının ziyanlı olduğu konkret misallarla göstərilmişdir.
Bunların
hər birinin özünəməxsus dəyəri,
insanların davranışına təsir gücü
vardır. Tanrının yaratdığının
hamısının qəbul olunan, həyati olması
xüsusilə vurğulanır.
Zahid
Qaralova görə, kütləvi maariflənməyə cəmiyyətimizdə
böyük ehtiyac var. Bizə elə gəlir ki, «İdeologiya
və mənəviyyat» əsəri bu maarifləndirmə
işinə töhfə verə bilən çox qiymətli
bir vasitə rolunu oynaya bilər.
Svetlana BAYRAMOVA
Mərkəz.-2011.-22 fevral.-
S.10.