Qarabağ cəngavəri

 

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

19 ildən artıqdır ki, torpaqlarımızın cənnətmisal bir parçası yağı tapdağındadır. Bu yerlər qəlbimizi göyüm-göyüm göynədir, gözümüzü yollarda qoyub. Neçə illərdir ki, günü-günə, ayı-aya calayıb onun həsrəti ilə yaşayır, düşmənlərin torpaqlarımızdan qovulacağı günü gözləyirik. Qarabağın qalın, keçilməz meşələri, göz yaşı kimi axan dumduru bulaqları bu gün də o yerlərdə doğulanların yuxularından çıxmır.

Qarabağda dünyaya göz açanların xəmiri igidlikdən, qəhrəmanlıqdan yoğrulub. Qədim cıdır düzündə at çapıb, qurşaq tutan babaların övladları şeytan məkri ilə yurdlarından perik düşdülər. Tale elə gətirdi ki, yağı düşmən tarixi torpaqlarımız olan Zəngəzur, Dərələyəz, Göyçə mahalları kimi qədim Qarabağ torpaqlarına qənim kəsildi. İndi bu yerlər suyu sovulmuş dəyirmana bənzəyir.

Yaxşı ki, xalqımızın, vətənimizin ağır günlərində ona həyan olub sinəsini yağı gülləsinə sipər edən oğullar da tapılır. Elə Əlif Hacıyev kimi. Belə oğullar isə heç zaman unudulmur, xalqın qəlbində əbədi yaşayır.

Əlifin qəlbində hələ uşaqlıqdan bu murdar daşnak tör-töküntülərinə qarşı nifrət yuva salmışdı. Addımbaşı bu millətin xəyanətkar sifəti ilə üzləşdiyindən bu münasibətlərin faciəli aqibətini də əvvəlcədən görür, bütün varlığı ilə hiss edirdi. Bəlkə elə buna görə də daim özünü onlarla açıq mübarizəyə hazırlayırdı. İllər ötür. Əlif boya-başa çatır, uşaqlıqdan arzuladığı daxili işlər orqanlarında işə düzəlir. Polis sıralarındakı fəaliyyətinin ilk günlərindən başlayaraq daşnak ünsürlərinə qarşı mübarizəyə başlayır. O vaxtlar DQMV-də ermənilərin uzun müddətdən bəri gizli fəaliyyət göstərən millətçi mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Təbii ki, belə bir terrorçu qüvvəni ifşa etmək o vaxtlar böyük risk tələb edirdi. Amma daşnakların əməlləri, onların gizli fəaliyyəti barədə artıq təcrübəli milis işçisi olan Əlif Hacıyev qorxub-çəkinmədən dəqiq məlumatlar toplaya bilmişdi. O, ermənilərin törətdiyi hər bir cinayətin üstünü vaxtında açır, onların bütün ümidlərini puça çıxarırdı. Qarabağın bu igid oğlunun cəsarətli addımları erməniləri əməlli-başlı narahat edir, onların yuxularını ərşə çəkirdi. Get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Artıq daşnak kabinetlərində cəsarətli eloğlumuzun aradan götürülməsi barədə planlar cızılırdı.

Çox keçmədi ki, Əlif saxta ittihamlarla günahlandırıldı. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi qaldırıldı. Saxta faktlar əsasında qaldırılmış cinayət işi üzrə aparılan istintaq 9 ay çəkdi.

Ermənilər öz çirkin niyyətlərinə çatmışdı. Əlif Hacıyev 10 il həbs cəzasına məhkum edildi. Bu ədalətsiz hökm onu Şuşa həbsxanasından tutmuş, uzaq Sibir həbsxanlarına qədər aparıb çıxardı. O, həbsxanalarda min bir əzab-əziyyətlə qarşılaşdı. Amma əyilmədi, sınmadı. Öz mənliyini, vüqarını qorudu. Axı, onun günahı nə idi ki, bir belə əzablara qatlaşsın? Görünür, daşnaklar öz hiylələri ilə çoxlarını inandıra bilmişdi. Əlac yalnız dözüb gözləməyə qalırdı. Əlif həbsxanada olduğu müddətdə də xalqını düşünür, hansı yollarla olsa da, ona kömək göstərməyə çalışırdı.

Bir dəfə Əlif ciddi kamera rejiminin «sədlərini yararaq» DQMV-də gizli millətçi mərkəzin fəaliyyət göstərməsi barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinə məktub da göndərə bilir. Bu məktubdan sonra DTK öz nümayəndəsini həbsxanaya yollayır. Əlif Hacıyev DTK nümayəndəsini məsələnin nə qədər ciddi təhlükə doğuracağı barədə bir daha məlumatlandırır. Amma bu məlumatlardan vaxtında istifadə olunmur, Qarabağda ermənilərin törətdikləri qatı cinayətlərin qarşısı vaxtında alınmır.

1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılaraq 10 il həbs cəzası 6 ilə endirilir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.

1990-cı il… Əlifin gözlədiyi an gəlib çatdı. Haqq-ədalət öz yerini tapdı. O, azadlığın dadını yenidən hiss etdi.

Əlif Hacıyev həbsxanadan buraxıldıqdan sonra doğma yurdu Xocalıya qayıdır. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha da böyük faciələrə səbəb olmuşdu. Ölkədə nizami ordunun olmaması bu faciələrin qarşısının alınmasını çətinləşdirirdi. Əlif Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirirdi. O, dekabr ayında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edildi. Əlif, eyni zamanda, Xocalı Aeroportunun komendantı idi.

O vaxtar Xocalı əhalisi yalnız Tofiq Hüseynovun komandirlik etdiyi dəstənin ümidinə yaşayırdı. Amma dəstə üzvləri silah-sursat sarıdan çox çətinlik çəkirdi. Nəhayət, 1991-ci ilin noyabrında Aqil Quliyevin başçılığı altında Xocalıya kiçik bir dəstə göndərildi. Çox təəssüf ki, bu dəstə də xocalıları real təhlükədən xilas edə bilmədi. Əlif hər gün döyüşçülərlə görüşür, öz təcrübəsindən yararlanaraq onlara məsləhətlərini verirdi. Qarabağ cəngavərinin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı.

Bu, düşmən üçün ağır zərbə olsa da, onlar öz iyrənc planlarını həyata keçirməkdə davam edirdilər. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Bu təhlükəni Əlif çoxdan duymuşdu. O, hər gün vəziyyətlə bağlı paytaxta məlumat verir, təcili tədbir görülməsini tələb edirdi. Kömək isə gəlmirdi. Nəhayət, Əlifin qorxduğu dəhşətli hadisələr baş verdi. Erməni-rus hərbi birləşmələri tarixdə misli görünməyən cinayətə əl atdılar. 1992-ci il fevralın 26-da tarixdə ən qanlı soyqırımı - Xocalı faciəsini törətdilər. Xocalı faciəsində 613 nəfər qətlə yetirildi. Şəhid olanlardan 63 nəfəri körpə uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl qocalar idi. Sakinlərin 51 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların gözləri çıxarılmış, başlarının dərisi soyulmuş, müxtəlif bədən üzvləri kəsilmişdi. Hətta bir neçə şəhidin cəsədləri yandırılmışdı. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 8 ailə tamamilə məhv edildi. 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.

Əlif Hacıyev düşmənin nə qədər güclü olmasına baxmayaraq təslim olmur, onlarla cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərirdi. Nəhayət, xain düşmən gülləsi Qarabağ cəngavərinin vətən sevgisi ilə döyünən ürəyini də susdurdu. Vətən yolunda onu canından artıq sevən bir qeyrətli eloğlumuz da şəhidlik mərtəbəsinə yüksəldi. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn etdilər.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verildi. Bu gün Bakı şəhərindəki küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır. Xalqımız Əlifin adını həmişə uca tutur. Ancaq nə qədər ki, murdar ermənilər müqəddəs torpaqlarımızdan qovulmayıb, Əlifin də narahat ruhu dinclik tapmayacaq.

 

 

Vüqar ƏSGƏROV,

AMEA-nın Respublika Xatirə

Kitabı Redaksiyasının redaktoru

 

Mərkəz.- 2011.- 24 fevral.- S.15.