YAP Gənclər Birliyi «Xocalıya ədalət»
adlı tədbir keçirdi
Yeni
Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı
ilə dünən «Park inn» hotelində «Xocalıya ədalət»
adlı tədbir keçirildi. Mərasim
iştirakçıları əvvəlcə Xocalı faciəsi
qurbanlarının xatirəsinə ucaldılmış abidəni
ziyarət etdilər.
Toplantıda
Xocalı faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik
sükutla yad edildikdən sonra soyqırımı dəhşətlərindən
bəhs olunan «Xocalı soyqırımını unutma» adlı
qısametrajlı film nümayiş olundu. Tədbiri giriş
sözü ilə açan YAP Gənclər Birliyinin sədri
Seymur Orucov faciənin təfərrüatları haqda
danışaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olub. Onun sözlərinə görə, Azərbaycan
xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə, soyqırımı
siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi
torpaqlarından qovulub, qaçqın və məcburi
köçkünə çevriliblər. Tarixə qısaca
nəzər salan S. Orucov bildirdi ki, 1988-ci ildən Dağlıq
Qarabağ ətrafında başlayan hadisələr, erməni
ideoloqlarının «dənizdən dənizə böyük
Ermənistan» adlı sərsəm bir ideyasını
reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin
dağılması, onminlərlə günahsız insanın
ölümü, yüzminlərlə azərbaycanlının
öz tarixi torpaqlarından didərgin düşməsi ilə
nəticələnib. S. Orucov soyqırımının törədilməsində
SSRİ silahlı qüvvələrinə məxsus 366-cı
motoatıcı alayın xüsusi fəaliyyəti olduğunu
vurğuladı.
Mərasimdə çıxış
edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov
bildirdi ki, cinayət cəzasız qalmamalıdır. O qeyd etdi
ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya
ictimaiyyəti tərəfindən ittiham edilməlidir. «Beynəlxalq
təşkilatlar, dünya dövlətlərinin parlamentləri
Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi
cinayətə - Xocalı soyqırımına, əsl
soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidirlər», - deyən Ə. Əhmədovun
sözlərinə görə, belə toplantıların
keçirilməsi ilk növbədə Xocalı faciəsinin
unudulmaması məqsədini daşıyır. Millət vəkili
Azərbaycan xalqının, xüsusilə, gənclərin bu
soyqırımını unutmamalı, onu qəlbində
yaşatmalı, faciəni törədənlərin bu cinayətə
görə layiqli cəzalarını almaları
üçün əllərindən gələni etməli
olduqlarını vurğuladı: «Bu tədbirlərin
keçirilməsində digər məqsəd isə ondan ibarətdir
ki, Xocalı faciəsinə bəşəriyyətin diqqətini
yönəldək. Dünya dövlətləri, təşkilatları
Xocalı faciəsinin həqiqətlərini bilsələr,
ona düzgün qiymətin verilməsinə nail ola bilərik.
Düşünürəm ki, bütün vətəndaşlarımız
Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar
qarşısında XX əsrin ən dəhşətli faciələrindən
biri kimi tanıdılmasına nail olmaq üçün səylərini
daha da artıracaqlar». YAP sədrinin müavini törədilən
qətliamın hərbi cinayət olmadığını,
insanlığa qarşı yönəldiyini vurğuladı:
«İndiyə qədər beynəlxalq təşkilatlar qətliama
ədalətli qiymət verilməsi üçün səy
göstərməyiblər. Təəssüf ki, bu cinayəti
törədənlər öz əməlləri ilə fəxr
edirlər və Ermənistanın rəhbər vəzifələrində
çalışırlar». Ə. Əhmədov bildirdi ki,
dünya bu kimi cinayətlərə biganə qalmaqla, yeni cinayətlərin
törədilməsinə rəvac verir: «Azərbaycan dəfələrlə
dünyanın ikili siyasətindən
narazılığını ifadə edib. Bu gün də o
mövqeyimizdəyik. Təəssüf hissi ilə bildirmək
istəyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların
fəaliyyətində ikili standartlardan istifadə olunur.
Xocalı faciəsinin beynəlxalq səviyyədə qiymətinin
verilməsi ilə bağlı da bu mövqeni
görürük. Azərbaycan dövləti bununla
bağlı etirazını bildirir. Digər tərəfdən,
o da məlumdur ki, Azərbaycan dövləti, qeyri-hökumət
təşkilatları, Heydər Əliyev Fondu tərəfindən
Xocalı soyqırımının tanıdılması istiqamətində
genişmiqyaslı işlər aparılır. Azərbaycan gəncləri,
diaspor təşkilatlarının nümayəndələri
bu faciənin həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində səmərəli
fəaliyyət göstərirlər. Amma bununla yanaşı,
görüləsi işlər də çoxdur».
Ə.Əhmədov gəncləri bu məsələdə
fəal olmağa çağırdı: «Gənclər
iştirak etdikləri bütün tədbirlərdə faciə
haqda məlumatları beynəlxalq təşkilatların diqqətinə
çatdırmalı, aksiyalar keçirməli və daima
mübarizə aparmalıdırlar».
Tədbirdə çıxış
edən YAP Gənclər Birliyinin Binəqədi rayon təşkilatının
sədri Qüdsi Bayramov, Gənclər Birliyinin Sabunçu
rayon təşkilatının üzvü Lamiyə Cəlilova,
şəhid atası, Xocalı faciəsinin
iştirakçısı Məhəmməd
Şükürov Xocalı faciəsindən, erməni vəhşiliyindən
geniş bəhs etdilər. Bildirdilər ki, dünyada qəbul
olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri
qanunlar Xocalı faciəsi kimi soyqırımıları pisləyir,
yolverilməz olduğunu bildirirlər. Dünya bilməlidir ki,
bu cinayət təkcə Azərbaycan xalqına qarşı
deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə
qarşı yönəldilib. Sonda Xocalı faciəsinə həsr
olunmuş şeirlər səsləndirildi.
Səxavət
HƏMİD
Mərkəz.-2011.-24 fevral.-S.5.