“Turqut Erin
sağlamlıq arayışı alması lazımdır”
«Mərhum
Heydər Əliyev məni çox sevərdi»
Azərbaycan-Türkiyə münasibətlərinin
pozulmasında maraqlı olan qüvvələrin bu arzusu hər
zaman gözlərində qalıb. Buna zaman-zaman cəhdlər
olsa da, heç bir qüvvə bu təbii dostluğu,
qardaşlığı poza bilməyib. Türkiyə və Azərbaycan
dövlətlərinin güclənən dostluğu xarici
düşmənlərlə yanaşı, öz millətimizdən
olan bəzi adamları da ciddi şəkildə narahat edir.
Türkiyənin ölkəmizdəki
səfirliyində mətbuat müşaviri olmuş Turqut Er
adlı diplomatın hədyanlar dolu, dostluğumuzu
sarsıtmağa yönəlmiş “Azadlıqdan
tiranlığa” adlı kitabı hər 2 ölkədə
narazılıqlar yaratdı. Azərbaycanın müstəqillik
əldə etdiyi ilkin dövrdə Türkiyə və Azərbaycan
arasındakı “Ümid Körpüsü”nün inşa
olunmasına və qorunmasına nəzarət edən, həmin
dövrlərdə Qars əmniyyət müdiri vəzifəsində
çalışmış Osman Gezeker ölkələrimiz
arasındakı münasibətlərin soyumaq təhlükəsindən
ən çox narahat olan insanlardandır. Ümummilli liderimiz
Heydər Əliyevlə dostluq edən, Azərbaycan naminə
uzun illərdir yorulmadan çalışan,
xalqımızın böyük dostlarından biri olan Osman
Gezeker həm də Azərbaycanda fəaliyyət göstərən
“Özkaya Group”un prezidentidir.1993-cü ildən 1998-ci ilə qədər
Azərbaycandakı Türkiyə Böyükelçiliyinin əmniyyət
müşaviri olaraq çalışıb.
Şər-şəbədə dolu
kitabı ilə Türkiyə-Azərbaycan dostluğuna zərbə
vurmağa çalışan Turqut Eri Osman Gezeker sözün əsil
mənasında ifşa edir.
-
Turqut Erin kitabından, yəqin ki, xəbərdarsınız. Orada sizinlə
bağlı bir sıra yanlış məqamlara toxunulduğunu
bilirik. Azərbaycan insanı da bu məsələlərdən
çox narahatdır. Turqut Erin yazdıqları haqqında nə
düşünürsünüz?
- Turqut Erin yazdıqlarının
böyük hissəsi cəfəngiyyatdır. Bilirsiniz ki,
Turqut Er Türkiyənin Bakıdakı
Böyükelçiliyində 1993-2001-ci illərdə mətbuat
müşaviri, mən isə əmniyyət müşaviri vəzifəsində
çalışmışam. Daşıdığım vəzifə
kəşfiyyatçı, təhlükəsizlik xidməti vəzifəsi
deyildi. Vəzifəm Azərbaycanda təhsil almağa və
işadamı kimi çalışmağa gələn
Türkiyə vətəndaşlarına hüquqi məsələlərlə
bağlı məsləhət vermək, lazım gəldikdə
xidmət etmək idi. Turqut Erin kitabında yazdıqları
tamamilə yalandır. Onun kitabından yola çıxıb,
Azərbaycan mətbuatında da xeyli yalanlar yazılıb. Mən
milliyyətcə Ahısqa türküyəm. Babalarım
Rusiya və Osmanlı savaşı zamanı məlum səbəblərdən
Anadolunun Artvin bölgəsinə köç etməyə məcbur
olub. Mənim milliyətim haqqında şübhə etmək,
türk olmadığımı söyləmək
yanlışdır.
-
Sizcə Turqut Eri bu qədər yalan yazmağa məcbur edən
nədir? Axı
nə üçün millətimiz arasında nifaq yaradır?
- Mən belə fikirləşirəm
ki, Turqut bəy çox yaşlanıb. Bizdə, Türkiyədə
belə bir qanun var. 65-dən yuxarı yaşı olan insanlar əmlak
alqı-satqısı, digər ciddi alış-veriş
zamanı həkimdən ağlının yerində
olub-olmaması ilə bağlı arayış
almalıdır. Sonradan övladlar buna etiraz edə bilər deyə,
belə bir tədbir görülür. Turqut Erin yaşı
65-i keçdiyi üçün onun sağlamlıq
arayışı alması, ağlının yerində
olmasını isbatlaması lazımdır. Məncə,
ağıllı adam qardaş ölkələr
arasındakı münasibətləri korlamağa
çalışmaz. Təəssüf ki, dostluğumuzun daha
da dərinləşdiyi vaxtlarda bu cür yanlış yol tutan
insanlar olur. Mən sadəcə Turqut Eri qınamıram, onun
atdığı yanlış addımlara görə təəssüf
edirəm. Türk dostu olan hər kəs Azərbaycan-Türkiyə
qardaşlığından, müttəfiqliyindən qürur
duymalıdır.
-
Sizin Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə
yaxın dostluğunuzdan danışırlar…
- Bəli, Heydər Əliyevlə
bizim çox yaxın münasibətlərimiz olub.
1988-1993-cü illərdə mən Qarsın əmniyyət
müdiri vəzifəsində çalışmışam.
Azərbaycanın müstəqillik qazandığı ilk illərdə
Naxçıvanla Türkiyə arasındakı sərhəddə
körpü inşaatına nəzarət etmişəm. 11
km-lik sərhəd zolağı başdan-başa
qamışlıq və bataqlıq idi. Qısa müddət ərzində
bu cür məkanda körpü salmaq çox çətin məsələ
idi. İnsanlar həyatlarını risqə qoyaraq qayıqla sərhəddi
keçirdilər. Məhz belə bir şəraitdə mən
ulu öndər Heydər Əliyevlə tanış
olmuşam. Qars vilayəti olaraq, Naxçıvanın blokada
şəraitində olması səbəbindən regionun ərzaqla
təmin edilməsi, elektrik enerjisinin verilməsi, yanacaqla təmin
edilməsi kimi problemlərin həllində mənim də
müəyyən xidmətlərim olub. Bütün xidmətlərimi
mərhum Heydər Əliyevin nəzarəti altında
etmişəm. Bütün addımlarımda
düşünürdüm ki, 2 qardaş ölkə
arasında problemlər yaranmasın. Bu faktın canlı
şahidləri var. Heydər Əliyevlə mənim
dostluğumun canlı şahidi olan insanların bir qismi Azərbaycanda
mühüm dövlət vəzifələrində
çalışırlar. Naxçıvan MR Ali Məclisinin sədri
Vasif Talıbov, Xaçmazın indiki icra
başçısı Şəmsəddin Xanbabayev, prezidentin
mühafizə xidmətinin rəisi Bəylər Əyyubov,
daxili işlər naziri Ramil Usubov və digər yüzlərlə
insanlar bizim böyük dostluğumuzun şahididirlər. Mən
Heydər Əliyevə böyük qardaşım, atam qədər
hörmət edirdim. Bizim dostluğumuzda da bu məsələ
çox önəmli yer tuturdu. Heydər Əliyev mənə
həm də qardaşlıq edirdi. O günlərin şahidi
olan insanlar da təsdiq edə bilərlər ki, Osman Gezeker həmin
illərdə Naxçıvanın blokadasının
yarılmasında yaxından iştirak edib. Heç vaxt əlimdəki
imkanlardan şəxsi məqsədlərim üçün
istifadə etməmişəm. Azərbaycanla Türkiyənin
dostluğu və qardaşlığı üçün
canımı fəda etməyə, lazım gələrsə,
son anacan bu vətən üçün xidmət etməyə
hazıram.
-
Osman bəy, o illərlə bağlı bir xatirə varmı?
Oxucularımız
üçün maraqlı olar.
- O illərlə bağlı yüzlərlə
xatirə var. Xatirələr danışdıqca bitməz. Mərhum
Heydər Əliyev məni çox sevərdi. Bizim
yazışmalarımızda çox problemlər
yaşanırdı. Naxçıvanda kiril qrafikasından,
Qarsda latın əlifbasından istifadə edilirdi. Mən idarədə
istifadə etdiyimiz yazı makinasını Naxçıvana gətirməyə
qərar verdim. Köməkçim buna etiraz edib bildirdi ki,
“Osman bəy, siz neynirsiniz? Biz bunu qeydlərdən necə siləcəyik.
Yuxarılara nə deyəcəyik?” Dedim ki, “Narahat olma,
yazarıq ki, qayıqla çayı keçərkən
qayıq çevrildi, çap makinası da çaya
düşüb xarab oldu”. Bu yolla makinanı Naxçıvana
gətirdim və bundan sonra bizim yazışmalarımızda
heç bir problem yaşanmadı.
Çox maraqlı bir hadisə də
Qarsda “Cümhuriyyət günü”nü qeyd edərkən
yaşandı. Biz Qarsda Türkiyənin Cümhuriyyət
bayramını qeyd edəcəkdik. Naxçıvanın o
zamankı baş naziri Becan Fərzəliyevlə əlaqə
saxlayıb 5-6 nəfərlik heyəti Qarsa dəvət etdim.
B. Fərzəliyev çox güman ki, məni yanlış
anladığından televiziya ilə xalqa müraciət edərkən
bildirdi ki, «Qarsda Türkiyə Cümhuriyyətinin
ildönümü qeyd olunur. Bütün
naxçıvanlılar dəvətlidir». Sabah erkəndən
sərhəddən mənə məlumat verdilər ki,
Türkiyə-Azərbaycan sərhəddində 20 mindən
artıq insan toplanıb, sərhəddi keçməyə
çalışır. Bir qismi, təxminən 5-6 min adam
artıq sərhəddi keçib. Sərhədçilərimiz
bunun qarşısını ala bilmirlər. Xəbərdarlıq
üçün havaya atəş açılsa da, heç
bir faydası olmur. 5-6 nəfər də sərhəddi
keçərkən çayda boğulub. Hökumətdən
də mənə zəng olundu. Təcili hadisə yerinə
getdim, sərhəddə sabitlik yaratdıq. Ancaq o dövrdə
sərhəddi keçib Qars vilayətinin kəndlərində
qalan yüzlərlə insan var ki, hələ də orada
yaşayırlar. Azərbaycana da gəlib-getmək şərti
ilə Qars insanı bu naxçıvanlılara qucaq
açdı. Bu gün də o qardaşlıq və
mehribanlıq davam edir.
Cəlil
CAVANŞİR
Mərkəz.- 2011.-24 fevral.- S.4.