Qarabağ
göylərində
Vətəni
yalnız sevməklə vətən olmur, onun uğrunda gərək
ölməyi də bacarasan. Bəli, «Torpaq əgər
uğrunda ölən varsa, vətəndir». Azərbaycan
torpağı uğrunda ölməyi bacaran şəhid
övladların qarşısında baş əyməyə dəyər.
Belə oğullardan biri haqqında söhbət
açacağıq. O oğullardan ki, «qisas» deyib düşmən
üstünə gedərkən onun qarşısını nə
arxada qoyduğu iki balası, nə də digər əzizləri-doğmaları
kəsib. O vətənpərvər oğul vətən naminə
ölməyi bacaran Milli Qəhrəman Yavər Əliyevdir.
14
sentyabr 1992-ci ildə Milli Qəhrəman adına layiq
görülən Yavər Əliyev 1956-cı il iyunun 27-də
Bakıda anadan olub. Pirallahı
adasında 253 saylı orta məktəbi bitirib. Daha sonra o,
Kremençuq şəhərindəki aviasiya məktəbinə
daxil olub. Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə
böyüyüb, arzularını gerçəkləşdirən
Yavər peşəkar təyyarəçi kimi vətən
naminə böyük işlər görüb. Azərbaycanda
hərbi qüvvələrin yaranmasında fəallıq
göstərib, bir neçə dəfə Mİ 24
vertolyotunda Qarabağa uçuşlar edib. Bu uçuşlar
zamanı ermənilərə sarsıdıcı zərbələr
vurub. Yavər Əliyevin adı 843-cü vertolyot
alayının siyahısına düşüb. Hərbi Hava
Qüvvələrinin birinci xüsusi vertolyot ekskadrilyasına,
Artyom adasındakı 235 saylı məkətəbə onun
adı verilib.
Bakıxanov qəsəbəsindəki
orta məktəbdə Yavərin adını daşıyan
muzey də fəaliyət göstərir.
Yavər Əliyevlə fəxr etdiyini
deyən Milli Qəhrəmanın həyat yoldaşı
Valentina Petrovna vətən naminə həyatından keçən
ömür-gün yoldaşının övladlarına da bir
nümunə olduğunu söylədi. «Mənim iki
övladım var - Riad və Sərdar. Hər ikisi
atasının adına layiq oğul kimi böyüyüb.
Onlar hər zaman gözlərini yummadan vətən, torpaq
uğrunda ölümə belə getməyə
hazırdırlar, çünki bu vətənvpərvərlik
övladlarıma atalarından keçib». Valentina xanımla
Yavərin keçdiyi ömür yoluna birgə nəzər
salırıq: «Yavər mülki aviasiyada işlədiyinə
görə çox narahatçılığım yox idi.
Onun vertolyotçular dəstəsi kənd təsərrüfatında
xidmət edirdilər. Bir dəfə 1991-ci ildə İran
İslam Respublikasına köməyə də getmişdilər.
Ermənilər ölkəmizə təcavüz edən
gündən narahat günlərimiz başlandı. Yavər və
onun vertolyotçular dəstəsi böyük fədakarlıqlar
göstərdi. Yavərgil öz ata-baba yurdundan didərgin
salınan soydaşlarımızı dağ rayonlarından təhlukəsiz
yerlərə daşıyır, Şuşa, Xankəndi,
Xocalı, Ağdam, Ağdərə kimi qaynar nöqtələrə
hava xətti yaradırdılar».
Hərbi vertolyotların sirrini mükəmməl
şəkildə bilən Yavərin dəstəsi 1992-ci il
fevralın 17-də Qarabağda erməni qüvvələrinə
ağır zərbələr endirirlər. Bu zərbələr
erməniləri əməlli-başlı şoka
salmışdı.
Fevralın 26-da ermənilərin
törətdiyi Xocalı faciəsi hamı kimi onu da
sarsıtmışdı. Hətta «bu qisası ermənilərdə
qomayacam», - deyib and da içmişdi.
Amma andına sonadək sadiq qala bilmədi.
Növbəti uçuşların birində düşmən
gülləsinə tuş gəldi. Düşmənə
ağır zərbə vuran Yavər qəhrəmancasına həlak
oldu.
Yavərin xatirəsi təkcə ailəsinin
deyil, xalqımızın da qəlbində yaşayır!
Cəvahir
SƏLİMQIZI
Mərkəz.- 2011.- 24 fevral.- S.15.