“Evlənmə” baş tutdu
Təmirə
dayansa da, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
tamaşaçılarını yaddan çıxarmayıb. Teatrın
yaradıcı kollektivi seyrçilərini müntəzəm
olaraq paytaxtın müxtəlif teatrlarında bir araya cəm
edir. Növbəti dəfə Dövlət Gənc Tamaşaçılar
Teatrında tamaşaçılarını qarşılayan
Musiqili Komediya Teatrının yaradıcı heyəti dünən
əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən
quruluş verilən «Evlənmə» tamaşasının
premyerasını təqdim etdi. Görkəmli rus
yazıçısı Qoqolun eyniadlı əsəri əsasında
səhnələşdirilən tamaşa fərqli ampluada və
fərqli yozumda ərsəyə gəlib.
Tamaşaya
digər teatrlardan da aktyorlar cəlb olunub. Belə ki,
tamaşada respublikanın xalq artistləri, Akademik Milli Dram
Teatrının aktrisası Məleykə Əsədova, Rus
Dram və İbrus Teatrının aktrisası Şükufə
Yusupova 100 illik səhnə ocağının aktyorları ilə
birlikdə çıxış ediblər. Əsərdə
Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla
İvanovna surəti Şükufə Yusupovaya həvalə
olunub. Onu da qeyd edək ki, «Evlənmə» həmin
aktrisaların Musiqili Komediya Teatrında debut
tamaşasıdır. Podkalyosin rolu isə Gənc
Tamaşaçılar Teatrının aktyoru Qurban
İsmayılova həvalə olunub.
Müxtəlif
teatrların aktyorının eyni səhnədə
görünməsi bir məqsədə xidmət edir;
teatrlararası mübadilə və təmas, eyni zamanda, yeniliyə
maraq. Xatırladaq ki, bu tamaşa böyük rus
yazıçısı Qoqolun 200 illik yubileyinə həsr
edilir. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət
xadimi, professor Yalçın Adıgözəlov, dirijoru Fəxrəddin
Atayev, quruluşçu rəssamı Nabat Səmədova,
xormeysteri Vaqif Məstanov, baletmeysterləri Zakir və Yelena
Ağayevlərdir. Digər rollarda tanınmış
gülüş ustaları - xalq artisti Arif Quliyev, əməkdar
artistlər Elçin Həmidov, Ramiz Məmmədov, aktyorlar
Emma Məlikova, Çingiz Əhmədov, Ülviyyə
Novruzova, Ziyadxan cəbrayılov, Möylə Mirzəliyev,
Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar
Hacıyev çıxış edirlər. Rejissor tərəfindən
fərqli yozumda təqdim olunan və qeyri-adi hadisə kimi səciyyələnən
tamaşa seyrçilər tərəfindən böyük
maraqla qarşılanıb. Uğurlu çıxışla bərabər,
tamaşaçıda maraq oyadan digər məqamlar da
vardı. Məsələn, əsasən dramatik obrazların
oyunçusu kimi tanınan Məleykə Əsədovanın
birdən-birə komik rolda-Aqafya Tixonovna obrazında
görünməsi tamaşaçı üçün bir
yenilik idi. Elə aktrisanın özü üçün də
bu məqam maraqı olub.
Tamaşaçıların
reaksiyasından belə başa düşmək olurdu ki,
aktrisa ona həvalə olunan işin öhdəsindən
uğurla gəlib. Tamaşanın uğurundan danışarkən
bir məqamı da diqqətdən
qaçırmamalıyıq; əslində, səhnə əsəri
komediya janrında olsa da, böyük məna yükü, dərin
məzmunu ilə tamaşaçını düşünməyə
məcbur edirdi. Yəni, burda aktyorlar tamaşaçını
yalnız güldürmürdü, həm də
düşündürürdü. Eləcə də digər
aktyorlar musiqili Komediya Teatrının aktyorları - əməkdar
artist Çingiz Əhmədov, Elçin Həmidov digər
teatrlarda çalışan həmkarları ilə birgə
eyni səhnəni bölüşməkdən məmnun
qaldıqlarını dilə gətirdilər. «Bu, bir yenilik
idi və düşünürəm ki, birgə işimizlə
tamaşaçılarımızda məmnunluq hissi yaşada
bildik»-deyən Elçin Həmidov təkcə öz rolundan
deyil, həmkarlarının da uğurundan həvəslə
danışdı. Xüsusilə xalq artisti Məleykə Əsədova
ilə tərəf müqabili olmasından zövq
aldığını deyən aktyor gələcəkdə də
böyük məmnuniyyətlə Məleykə xanımla
eyni səhnəni bölüşməyə hazır
olduğunu bildirdi.
Rejissor
Bəhram Osmanov isə öz işi barədə
danışmağa xəsislik etdi. Yekun sözü
tamaşaçıların öhdəsinə buraxdı.
Tamaşanın
premyerası bu gün də davam edəcək. Müxtəlif
teatrların aktyorlarının birgə məhsulu olan «Evlənmə»yə
tamaşa etmək istəyirsinizsə, axşam saat 19-da Gənc
Tamaşaçılar Teatrına yollanın. Həm
gülün, həm də düşünün.
Çünki etiraf etməliyik ki, bu gün Azərbaycan
teatrlarınının düşündürücü
komediya əsərlərinə böyük ehtiyacı var.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2011.- 25 fevral.- S. 11.