Ermənilər baku.am saytını niyə açıblar?

 

Ermənistan Milli Elmlər Akademiyasının «Erməni soyqırımı» muzey-institutu www.baku.am adlı sayt istifadəyə verib. «Armtoday.info» saytının məlumatına görə, fevralın 23-də İrəvanda saytın təqdimatı keçirilib. 3 dildə - ingilis, rus, erməni dillərində fəaliyyyət göstərən saytın rəhbəri, «Erməni soyqırımı» muzey-institutunun direktoru Ayk Demoyanın sözlərinə görə, saytın açılmasında məqsəd Bakının erməni icması haqqında məlumat yaymaqdır. Ermənilər oğurluq və plagiatlıq ənənələrinə sadiq qalaraq 20-ci əsrin əvvəllərində Bakıda tikilən dünyada ilk Bakı-Batumi neft kəmərinin ermənilər tərəfindən inşa olunduğunu iddia edirlər. Bundan əlavə, saytda yerləşdirilən məlumata görə, həmin dövrdə mövcud olan neft şirkətlərində çalışanların 90%-ni ermənilər təşkil edib. A.Demoyan hesab edir ki, bununla guya onlar Bakının həqiqi tarixini işıqlandırmağa çalışıblar. Demoyan saytın guya akademik materiallara istinadən yaradıldığını bildirsə də, saytda sovet dönəmi başa çatandan sonra xristianların qovulması haqda yalan informasiya yerləşdirilməsi bunun əksini göstərir.

Bəs, bu saytın yaradılmasında gerçək məqsədlər nədən ibarətdir? Bu sualla müraciət etdiyimiz politoloq Cümşüd Nuriyev bildirdi ki, əslində ermənilərin Azərbaycana məxsus yer adları ilə sayt yaratmaqları ilk dəfə deyil. Onun sözlərinə görə, bundan daha əvvəllər Xocalı, Sumqayıt, Gəncə, Qarabağla bağlı saytlar yaradıblar. Müsahibimiz qeyd etdi ki, ermənilər bu saytlarda tarixi prosesləri özlərinə sərf edən şəkildə təhrif edərək yerləşdirirlər: «Həmin saytlarda, adətən Azərbaycan dilində də versiyalar yaradılır. Digər dil variantları isə rus və ingilis dilləri olur. Bütün dünyadan bu sayta daxil olanlarda elə fikir formalaşır ki, guya bütün bunları azərbaycanlılar edib. Yəni guya Azərbaycanda erməniləri sevənlər, erməni təəssübkeşləri bu saytları yaradıblar. Bu cür saytların yaradılmasında əsas məqsəd bundan ibarətdir. Hazırkı sayt da növbəti provokasiyadan başqa bir şey deyil. Ermənilər indiyədək nə qədər cəhd göstərsələr də, onların dırnaqarası həqiqətləri 1828-ci ildən o tərəfə keçmir. Ümumiyyətlə isə, ermənilərin ilk dəfə Azərbaycan ərazisinə gəlmələri 1476-cı ilə təsadüf edir. Həmin vaxt İrəvan xanının tabeliyində olan Əmir Rüstəm adlı bəydən 8 kəndin ərazisini pulla alıblar. Proses də bundan sonra başlayıb. 1588-ci ildə ilk dəfə Osmanlı imperiyası Naxçıvanı və İrəvanı öz tərkibinə qatanda cəmi 33 erməni kəndi var idisə, artıq 1725-ci ildə erməni kəndlərinin sayı birdən-birə 132-yə çatıb. Bu o deməkdir ki, ermənilər bu müddət ərzində boş oturmayıblar. Davamlı olaraq erməniləri bölgəyə yerləşdiriblər və Azərbaycan kəndlərinin boşaldılmasına nail olublar. İndi də eyni siyasəti yürütməyə çalışırlar. Əvvəla, Bakı şəhərində erməni kilsəsini çıxmaq şərtilə, ermənilərin hər hansı bir arxitektur abidəsi yoxdur. İkincisi, ermənilərin Bakıda yaşadıqları yerlər insan yaşayışı üçün praktiki olaraq heç bir şəraiti olmayan ərazilər idi. Yəni o ərazilər indinin özündə də gecəqondular səviyyəsindədir. Hansı erməni arxitekturasından danışmaq olar?»

Ermənilərin bu cür addımlarına qarşı hansı addımları atmağımızın zəruri olmasına dair sualımızı cavablandıran c.Nuriyev hazırda erməni ideoloji maşınını sıradan çıxarmaq üçün çox ciddi işlərin görüldüyünü vurğuladı: «Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə gürcü alimi Quram Marxulia ilə Azərbaycandan Şəbnəm Nuriyevanın birgə müəllifi olduğu «Mnoqostradalnaya Armeniya. Mif i realnosti» kitabının siqnal nüsxəsi işıq üzü görüb. Bu kitabda tarixi sənədlərlə ermənilərin bütün saxtakarlığı üzə çıxarılıb. Eyni zamanda, bu sahədə Heydər Əliyev Fondunun çox ciddi işlər gördüyünü etiraf etmək lazımdır. Milli Elmlər Akademiyasının Arxeologiya, Tarix institutları çox ciddi işlər görürlər. Həmçinin, Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda erməni filologiyası ilə bağlı ciddi araşdırmalar aparılır. Yəni Azərbaycan son 5 ildə hücum taktikasını gündəmə gətirdiyi üçün ermənilər çaş-baş qalıb bu cür saytlar yaradırlar. Etiraf etmək lazımdır ki, biz indiyədək bu məsələlərə bir qədər barmaqarası baxırdıq. Ona görə də uduzurduq. İndi biz həqiqətləri ortaya qoymağa başladığımız üçün ermənilər çox çətin vəziyyətə düşüblər».

Qeyd edək ki, ermənilər tarixən hər hansı çirkin plan həyata keçirməyə can atanda bu cür layihələr gerçəkləşdirirlər. Elə Dağlıq Qarabağ münaqişəsinin başlanması da bu cür çürük «elmi» mülahizələrə əsaslanmışdı. Həmin vaxt Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan Abel Aqanbekyan Parisdə Fransanın «Humanite» qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi iqtisadi baxımdan daha səmərəlidir. Bu baxımdan haqqında söhbət gedən saytın yaradılmasının arxasında da bu cür çirkin niyyətlər dayana bilərmi? C. Nuriyev bunun mümkün olmadığını vurğuladı: «Əvvəla, Bakının tarixinə dair bizim eranın 8-9-cu əsrlərinə aid arxeoloji tapıntılar var. İkincisi isə artıq ermənilər xəstə təxəyyülləri ilə o qədər qeyri-ciddi imic qazanıblar ki, onlara inananların da sayı günü-gündən azalır».

 

 

Mərkəz.- 2011.- 25 fevral.-S.5.